09 Iyun 2020 01:20
2366
İQTİSADİYYAT
A- A+

Heç bir maneə regionların inkişafını ləngidə bilməz


Prezidentin Qarabağ bölgəsinə növbəti səfəri bu dəfə də yeni obyektlərin açılışı ilə yadda qaldı


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə Bakı, Sumqayıt şəhərlərində və Şamaxı rayonunda bir sıra sosial-iqtisadi obyektlərin açılışında iştirak etmiş, ölkədəki mövcud dinamik iqtisadi inkişafı qorumaq, pandemiyadan daha az itki ilə çıxmaq üçün konkret tədbirlər həyata keçirmişdir.

Dövlət başçısının iyunun 3-də Qarabağ bölgəsinə - Tərtər və Ağcabədi rayonlarına səfəri isə bölgələrin inkişafının da diqqət mərkəzində qaldığını göstərir.

2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramının qəbul edilməsindən bugünədək icra olunan dörd analoji proqram sayəsində regionların sosial-iqtisadi siması tamamilə dəyişmiş, bölgələrdə iri sosial-iqtisadi müəssisələrlə yanaşı, kiçik və orta obyektlər fəaliyyətə başlamış, yeni iş yerləri açılmış, əhalinin iqtisadi fəaliyyəti canlanmışdır.

Bu sürətli inkişafı Tərtər rayonunun timsalında da görmək mümkündür. Rayonun bütün kəndlərinə qaz xətləri çəkilərək qazlaşdırmanın səviyyəsi 98 faizə çatmış, yolların 80 faizi əsaslı təmir olunmuşdur. Bunlardan əlavə, Tərtərdə digər infrastruktur layihələri də həyata keçirilmişdir. Belə ki, Tərtər şəhərinin su-kanalizasiya sistemi yenidən qurulmuş, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.

Tərtərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahənin inkişafı, xüsusən istehsalda yüksək məhsuldarlıq isə su təminatı ilə bağlıdır. Amma məlum olduğu kimi, rayonun əsas su mənbəyi olan Sərsəng Su Anbarı Ermənistan tərəfindən işğal edilmiş, Tərtərə suyun verilməsinin qarşısı kəsilmişdir. Tərtərdə bu problemi həll etmək məqsədilə bugünədək 72 subartezian quyusu qazılıb, əlavə 21 subartezian quyusunun qazılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev dövlətin bu istiqamətdə gördüyü işlər sayəsində rayon iqtisadiyyatında qazanılan uğurları qeyd edərək demişdir: "Taxılçılıq, pambıqçılıq Tərtər üçün ənənəvi kənd təsərrüfatı sahələridir. Pambıqçılığa gəldikdə, Tərtərdə məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan üstündür. Hər hektardan 34 sentner pambıq götürülüb. Ölkə üzrə bu göstərici də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər burada qabaqcıl yerdədir”.

Bölgələrin inkişafı, əhalinin sayının çoxalması, eyni zamanda, elektrik enerjisinə olan tələbatı artırır. Bununla yanaşı, elektrik enerjisinin fasiləsiz və dayanıqlı olması həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Xəbər verildiyi kimi, dövlət başçısının iştirakı ilə iyunun 3-də 110/35/6 kilovoltluq "Tərtər” elektrik yarımstansiyasının yenidən qurulmadan sonra açılışı olmuşdur. Stansiyanın istifadəyə verilməsi ilə 17 min 103-ü əhali, 1296-sı qeyri-əhali olmaqla, ümumilikdə 18 min 393 abonentin elektrik enerjisinin təminatı daha da yaxşılaşacaq. Beynəlxalq standartlara cavab verən "Tərtər” yarımstansiyası 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə "Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 voltluq "Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizatı sisteminə qoşulub. Bunun sayəsində yarımstansiya Tərtər, Bərdə rayonlarında, habelə Naftalan şəhərində enerji ilə təminatın etibarlığını və təhlükəsizliyini təmin edəcək.

Sözügedən səfər çərçivəsində mühüm tədbirlərdən biri də əhalinin, xüsusən qadınların iş yerləri ilə təmin olunmasına xidmət edən xalça sexinin açılmasıdır. Dövlət başçısının müvafiq sərəncamları ilə ölkə üzrə 31 xalça müəssisəsinin yaradılması nəzərdə tutulur ki, onlardan da 13-ü artıq istifadəyə verilib, 8-i isə istifadəyə hazır vəziyyətinə gətirilib. Bununla yanaşı, yunəyrici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin, yun və boyaq tədarükü məntəqələrinin yaradılması istiqamətində də müəyyən işlər görülür.

"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edən Prezidentə məlumat verildi ki, filialda 43 dəzgah quraşdırılıb. Müəssisənin konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi, həmçinin satış üçün xalça-satış salonu var. Filialda 150 toxucunun və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulur. Hazırda burada 71-i toxucu, 14-ü inzibati-təsərrüfat işçisi olmaqla, 85 nəfər işləyir.

Dövlət başçısının bölgələrə növbəti səfəri bir daha göstərdi ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər dördüncü regional inkişaf proqramı çərçivəsində indiki pandemiya dövründə də davam edir. Bu proqramın icra müddəti isə sona çatmayıb. Odur ki, proqram başa çatanadək bölgələrdə, o cümlədən də Tərtərdə hələ yeni sosial-iqtisadi obyektlərin tikilib istifadəyə verilməsinin çox şahidi olacağıq.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video