06 Iyun 2020 00:13
691
CƏMİYYƏT
A- A+

Koronavirusla mübarizədə Azərbaycanın tibbi resursları kifayət qədərdir


Xəstəxanalar müvafiq tibbi ləvazimatlar, avadanlıqlar, süni tənəffüs cihazları ilə tam təchiz olunub


Artıq yarım ildir ki, bəşəriyyət yeni növ koronavirusla - COVID-19-la mübarizəyə atılıb. Bu kiçik gözəgörünməz virus dünyanın gərdişini dəyişib. Aylardır bütün ölkələr, insanlar qlobal pandemiyaya qarşı savaş açıb. Amma təəssüf ki, hələ də bu savaşda COVID-19 adlı bəla irəlidədir. Dünya ölkələri bütün səylərini qlobal problemə çevrilmiş koronavirus infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltsə də, pandemiyanın qarşısını almaq hələ də mümkün deyil.

Bu istiqamətdə Azərbaycanda həyata keçirilən mühüm qabaqlayıcı və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib. COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən hələ yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq martın 14-dən sosial izolyasiya qaydaları tətbiq olundu, aprelin 5-dən isə xüsusi karantin rejimi elan edildi.


Azərbaycan adambaşına keçirilən testlərin sayına görə dünyada qabaqcıl yerlərdədir


COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsallı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirildi, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olundu, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edildi, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparıldı. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq quruldu. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi həyata keçirildi. 19 mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başladı.

Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alındı, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək, tibb müəssisələrinə təhvil verildi.

Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri quruldu, onlar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edildi. Ölkədə testlərin aparılması üçün 23 laboratoriya fəaliyyət göstərir. İyunun 5-nə qədər olan müddətdə Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 322.574-ə çatıb. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start verildi, martın sonunda istifadəyə verilmiş "Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanıldı.


"Hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir”


Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı dövlət başçısı İlham Əliyev son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikilib və ya əsaslı təmir edildiyini nəzərə çarpdıraraq bildirdi ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası, əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar koronavirusa qarşı mübarizədə böyük rol oynayacaq.

Prezident qeyd etdi ki, ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır: "Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan, ümumiyyətlə, xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür.

Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq "Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq”.

Dövlət başçısı əlavə etdi ki, atılan bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub.

Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrıldığını xatırladan dövlət rəhbərinin sözlərinə görə, əlavə 150 milyon manat hazır vəziyyətdə ehtiyatda saxlanılır, lazım olan vaxtda ondan da istifadə ediləcək: "Əlbəttə, bütün bu kompleks tədbirlər - testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili bizə imkan verdi ki, hazırda bu vəziyyətdən istədiyimiz kimi, az itkilərlə çıxaq”.


"Ölkəmizdə yataq sayı kifayət qədərdir”


Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı da deyib ki, hazırda COVID-19-la mübarizədə tibbi resurslarımız kifayət qədərdir. Xüsusi rejimli xəstəxanalarda 5 mindən çox çarpayı ayrılıb. Modul tipli xəstəxanalarda iki min çarpayı olmaqla, ümumilikdə, koronavirusla mübarizə üçün 7 min çarpayının ayrılması nəzərdə tutulub: "Məlumdur ki, dövlət başçısının imzaladığı sərəncamla ölkədə hər biri 200 çarpayı olmaqla 10 modul tipli xəstəxana tikilir. Onlardan ikisi Bakıda, biri Abşeronda, biri Sumqayıtdadır. Bu gün onların resurslarından hələ istifadə etməmişik. Digər xəstəxanalarda kifayət qədər resurslarımız var. Hətta bu xəstəxanalar hamısı dolmuş olsa belə, bizim ölkəmizdə yataq sayı kifayət qədərdir. Sadəcə yataqlarla iş bitmir. O xəstəxanalar müvafiq tibbi ləvazimatlar, süni tənəffüs cihazları, qeyri-invaziv cihazlar və digər avadanlıqlarla tam təchiz olunub. Dünyanın heç bir ölkəsi, inkişaf etmiş səhiyyə sistemi bu xəstəliyə hazırlıqlı deyildi. Lakin sərt karantin rejimi dövründə tətbiq edilən məhdudiyyətlər bizə imkan verdi ki, bütün nöqsanlarımızı sürətlə analiz edək, ölkə rəhbərliyinə təqdim edək. Ölkə rəhbərliyi də ayırdığı vəsaitlərlə zəruri ehtiyacları qısa müddətdə tamamladı. Hazırda bu sahədə heç bir çatışmazlıq yoxdur”.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyır. Bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı də ölkəmizdə görülən işlərə yüksək qiymət verir. Dövlət üzərinə düşən vəzifələri layiqincə həyata keçirir. İndi qalır vətəndaşların üzərinə düşən vəzifələr - qoyulan qaydalara riayət etmək, nizam-intizam göstərmək. İndiki şəraitdə koronavirusla mübarizədə uğurun əsas şərti məhz vətəndaşların məsuliyyətindən asılıdır. Bu mübarizədə cəmiyyət olaraq birlik nümayiş etdirməli, tətbiq edilən qaydalara intizamla yanaşmalı, tibbi maskalardan istifadə etməli, sosial məsafə saxlamalıyıq. Bu, hər birimizin şəxsi məsuliyyəti, vətəndaş borcudur. Məsuliyyətli olaq, özümüzü, ailəmizi, ətrafımızı, dolayısı ilə xalqımızı gözəgörünməz düşməndən qoruyaq.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video