09 Fevral 2020 01:16
9223
Səhiyyə
A- A+

Ağciyərin düşməni - Sətəlcəm


Soyuq aylarda rast gəlinən xəstəliklərdən biri pnevmoniyadır (sətəlcəm). Pnevmoniya bir və ya hər iki ciyərdə iltihaba səbəb olan alt tənəffüs sistemi infeksiyasıdır. Bakteriyalar, viruslar və göbələklər də daxil olmaqla, müxtəlif orqanizmlər sətəlcəmə səbəb ola bilər.

Həkim-terapevt Nərminə Abbasova deyir ki, sətəlcəm yüngüldən, həyati təhlükəsi olan səviyyəyə dəyişə bilər. 65 yaşdan yuxarı şəxslər, uşaqlar və körpələr, sağlamlıq problemləri olan və ya immunitet sistemi zəifləmiş insanlar daha ciddi pnevmoniya keçirirlər. Pnevmoniyanın əlamətləri və simptomları infeksiyaya səbəb olan mikrobun növü, yaş və ümumi sağlamlıqdan asılı olaraq yüngül və ağır arasında dəyişir. Yüngül əlamətlər və simptomlar adətən soyuqdəymə və ya qripə bənzər olur, ancaq uzun müddət davam edir.

Pnevmoniyanın əlamətləri və simptomları aşağıdakılardır:

- nəfəs aldığınız və ya öskürdüyünüz zaman sinədə ağrı;

- 65 yaş və yuxarı yaşlılarda zehni

şüurda dəyişikliklər;

- ağciyərdə bəlğəm;

- yorğunluq;

- qızdırma, tərləmə və titrətmə;

- 65 yaşdan böyüklər və zəif immun sistemli insanlarda normal bədən temperaturundan aşağı temperatura;

- ürəkbulanma, qusma və diarreya;

- nəfəsin qısalması.

Yeni doğulmuşlar və körpələr infeksiya əlamətlərini göstərməyə bilir, ya da onlarda qusma, temperatur, öskürək, narahatlıq və ya yorğunluq, enerjisiz görünmək, nəfəs almada və yeməkdə çətinlik müşahidə oluna bilir. Tənəffüsdə çətinlik, sinədə ağrı, 390 C və ya daha yüksək davamlı olan qızdırma, ya da davamlı öskürək, xüsusən də bəlğəmli öskürəkdən əziyyət çəkildiyi halda həkimə müraciət edilməlidir. Həmçinin 65 yaşdan yuxarı böyüklər, 2 yaşdan kiçik uşaqlar xəstəliyin əlamətləri və simptomları ilə, sağlamlıq səviyyəsi aşağı və ya zəifləmiş immun sistemi olan insanlar, kimyəvi müalicə alan və ya immunitet sistemini zəiflədən dərman qəbul edən insanlar da dərhal həkimə müraciət etməlidirlər. Bəzi ürək çatışmazlığı olan və ya xroniki ağciyər problemləri olan yaşlı insanlar üçün sətəlcəm tez bir zamanda həyati təhlükə doğurur və hətta ölümlə nəticələnir.


Siqaret ağciyərin müdafiə qüvvəsini zəiflədir


Soyuqdəymə və qripə səbəb olan bəzi virusların da sətəlcəmə rəvac verməsini mümkün sayan həkim N.Abbasova vurğulayır ki, 5 yaşdan kiçik uşaqlarda pnevmoniyanın ən çox yayılmış səbəbi viruslardır: "Viral pnevmoniya adətən mülayim təbiətlidir. Ancaq bəzən bu, çox ciddi hal da ola bilər. Bəzi növ pnevmoniya və qripin qarşısını almaq üçün peyvəndlər mövcuddur. Peyvənd olunmaqla bağlı həkimlə məsləhətləşmək mütləqdir. Vaksinasiyalar zamanla dəyişə bilir, buna görə də, daha əvvəl pnevmoniya peyvəndi almıs olsanız belə, peyvəndinizi həkiminizlə yenidən nəzərdən keçirin. Uşaqların vaksinasiyasından əmin olun. Həkimlər 2 yaşdan kiçik uşaqlar üçün başqa bir pnevmoniya peyvəndi, pnevmokok xəstəliyi riski olan 2 ilə 5 yaş arası uşaqlar üçün isə başqa birini məsləhət görürlər. Uşaqlara xidmət göstərən müəssisələrə gedən uşaqlar da peyvənd olunmalıdırlar. Həmçinin 6 aydan yuxarı olan uşaqlar üçün qrip vaksinini də təklif edirik”.

Həkim-terapevt qeyd edir ki, pnevmoniyaya yol aça bilən, tənəffüs yollarına düşən orqanizmlərə qarşı qorunmaq üçün əlləri müntəzəm yumaq və ya spirtli əl dezinfeksiyaedici məhsullarından istifadə etmək lazımdır: "Qətiyyən siqaret çəkmək olmaz. Siqaret tənəffüs yolu infeksiyalarına qarşı ağciyərlərin müdafiə qüvvəsini zəiflədir. İmmunitet sistemini güclü saxlamaq lazımdır. Kifayət qədər gündəlik yuxu normasını yatmalı, sağlam qidalanmalı, davamlı şəkildə hərəkət edilməlidir”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video