01 Fevral 2020 03:19
645
SİYASƏT
A- A+

Dəyərlərdən doğan milli maraq


Milli marağı siyasət, dəyərləri isə tarixi inkişaf formalaşdırır. Lakin qloballaşma dövründə şahidi olduğumuz sürətli inkişaf bəzən milli dəyərlərə zidd ideologiyaların yayılmasına gətirib çıxarır. Bu səbəbdən milli dəyərləri qorumaq və təbliğ etmək öz aktuallığını qoruyub saxlamaqdadır. Məqalənin əhatə etdiyi mövzunu daha da açmaq üçün bir neçə məqama aydınlıq gətirmək yaxşı olar.

Dəyər nədir? Dəyər inandığımız, onun üçün yaşadığımız və ömrümüzün sonunadək özümüzlə daşıdığımız mənəvi qida və maddi nəsnədir.

Dəyərləri qorumaq niyə vacibdir? Dəyərlər fərdlərin bir-birinə münasibətində seçiminə, eləcə də seçimlərin mühakimə edilməsinə bələdçilik edən əsas vasitədir. Eyni zamanda, başqalarına qarşı davranış və hisslərimizə təsir edir.

Hansı amillər dəyərlərin formalaşmasında mühüm rol oynayır? Ailə, məktəblər, ibadət yerləri, cəmiyyət, mədəni irs, iş yeri, siyasi görüşlər və kütləvi informasiya vasitələri dəyərlərin formalaşmasında mühüm rol oynayır.

Dəyərlər özlüyündə iki hissəyə bölünür: universal və milli dəyərlər. Səmimiyyət, hörmət, ədalət, bərabərlik, çalışqanlıq, həmrəylik, məsuliyyət, intizam və s. universal dəyərlər hesab olunur. Milli dəyərlərə isə xalqın adət-ənənəsi, dil, din, atributlar, qəhrəmanlıq, vərdişlər, musiqi, incəsənət, teatr, ailə, milli mətbəx və s. daxildir. Nəsillər arasında dəyərlərə loyallığın davamlılığını təmin və təbliğ etmək məqsədilə həm fərd və cəmiyyət, həm də dövlət tərəfindən gözlənilməli olan beş əsas meyara diqqət yetirək.

1. Ardıcıllıq (consistency): fərdin cəmiyyət, cəmiyyətin dövlət, dövlətin həm fərd və cəmiyyət qarşısında fikir, söz və hərəkətlərinin üst-üstə düşməsi, ümumi rifah üçün müəyyən və dəyişməz olaraq qalması nəzərdə tutulur;

2. Dözümlülük (tolerantlıq): bu isə bir fərdin və ya cəmiyyətin malik olduğu keyfiyyətdir. Bu keyfiyyət bizə imkan verir ki, fərqli düşünən, fərqli geyinən və davranan insanlarla eyni çətir altında yaşayaq və işləyək - hətta onların həyat tərzlərini bəyənməsək belə;

3. Ədalət: başqasına qarşı dürüst olmaq, mövcud resursların hər kəsin bərabər olacağı şəkildə bölünməsi, qərəzsizlik və s. kimi meyarlara ciddi əməl edilməsidir;

4. Səmimiyyət: mənəvi dəyərlərə və prinsiplərə qarşı dəyişməz mövqe göstərmək sözügedən anlayışın açıqlaması kimi çıxış edə bilər. Burada əsas məqam ondan ibarətdir ki, istər fərdlər arasında münasibət, istər fərdlə cəmiyyət arasında münasibət, istərsə də cəmiyyətlə dövlət arasında münasibət açıq dialoqa əsaslanmalıdır;

5. Etimad və ya inam: qarşılıqlı münasibətdə gözlənilən nəticə və ya hərəkət.

Qeyd olunan meyarların Azərbaycanda fərd, cəmiyyət və dövlət tərəfindən necə izlənildiyinə nəzər salaq. Belə ki, ölkənin etnik və mədəni xəritəsinə baxdıqda dil, din, mədəniyyət baxımında müxtəlif olan bir coğrafiyada müsəlman, xristian və yəhudinin, türk, avar, udin, ləzgi, talış, kürd, tat, saxur və s. ilə bir çətir altında dinc birgəyaşayışın yüksək səviyyədə inkişafına şahid oluruq. Bəs bunun səbəbi nədir? Buna onlarla səbəb göstərmək mümkündür. Bunlardan biri etnik amildir. Xalqımızın mütləq əksəriyyətini təşkil edən türklərdə kimlik iyerarxiyasının əsas mərtəbələrindən biri əxlaq anlayışıdır. "İgidlik, qoçaqlıq, mərdlik və comərdlik kimi əxlaqi xüsusiyyətlərə böyük önəm verən türklər xəyanəti, yalanı bağışlamaz, dürüst, xeyirxah və mərhəmətli insanı yüksək qiymətləndirərdilər. Onlara görə, bu əxlaqi keyfiyyətlərə malik insan hansı dinə və mədəniyyətə mənsub olmasından asılı olmayaraq hörmətə layiqdir” (Gündüz İsmayılov. "Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz”).

Nəticədə dəyərə çevrilən tolerantlığı, hörməti, loyallığı, qarşılıqlı anlaşmanı, səmimiyyəti qorumaq Azərbaycan dövlətinin ümdə vəzifəsinə çevrilmişdir. Nümunə kimi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd edilmiş "dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi; Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi”, habelə milli və dini tolerantlıq mühitinin qorunmasına dair bəndlərini göstərmək olar.

Milli maraqdan doğan siyasət diktə etdi ki, cəmiyyətin sahib olduğu həm universal, həm də milli dəyərləri qorumaq siyasi iradədə də öz əksini tapsın. Həmin siyasətin təzahürü kimi 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili” və 2017-ci ilin isə "İslam Həmrəyliyi ili” elan edilməsini, həmçinin ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə dövlət başçısı tərəfindən təkcə 2019-cu ildə ümumilikdə 3,2 milyon manat maliyyə yardımının ayrılmasını göstərmək olar.

Dövlət tərəfindən bu sahədə atılan mühüm addımlardan biri də institusional bazanın yaradılması olmuşdur. Belə ki, Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fonda mənəvi dəyərlərin qorunması, onların araşdırılması və gənclər arasında geniş təbliği tapşırılmışdır. Bütün sadalananlar fəxrlə deməyə əsas verir ki, Azərbaycan nadir ölkələrdəndir ki, burada ümummilli dəyərlərin milli maraqlar kontekstində təzahürünü həm siyasi iradədə, həm normativ-hüquqi aktlarda, həm də idarəetmə sistemində görmək mümkündür.

Rəfi QURBANOV,

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video