28 Yanvar 2020 01:40
812
İQTİSADİYYAT
A- A+

“Cənub qaz dəhlizi”nin sonuncu seqmentinin çəkilişi başa çatır


Prezident İlham ƏLİYEV: "Bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik”


Bu il Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişinin tamamlanması ilə nəhəng "Cənub qaz dəhlizi” layihəsinin icrası başa çatacaq. Bu, ölkəmizə zəngin qaz ehtiyatlarını Avropa bazarlarına şaxələndirilmiş yolla çatdırmağa imkan verəcək.

Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP layihəsinin də uğurla icra edildiyi vurğulanıb. Dövlət başçısı müşavirədəki nitqində TAP-ın icra səviyyəsinin 90 faizi keçdiyini və kəmərin bu il, yəni nəzərdə tutulduğu vaxtda istismara veriləcəyini qeyd edib.

TAP strateji əhəmiyyətli layihədir. Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək və enerji təhlükəsizliyinə ciddi dəstək verəcək. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Türkiyəyə və oradan da Avropaya daşıyacaq 3500 kilometrlik "Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) davamıdır.

"Cənub qaz dəhlizi”nin üç seqmenti - "Şahdəniz-2”, CQBK-nın genişləndirilməsi və TANAP layihələri artıq fəaliyyətdədir. İndi növbə TAP-ındır.

Əslində bu dörd seqmentin hamısı bir-birinə sıx bağlıdır. TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə demişdir: "TANAP Azərbaycan, Gürcüstan və Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşib və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır”.

Hazırda TAP-ın tikinti meydançalarında işlər başa çatmaqdadır. Bu da kəmərin Azərbaycan qazını Avropaya nəzərdə tutulduğu vaxtda, yəni bu il çatdıracağına zəmanət verir.

"Şahdəniz” konsorsiumu qazı Avropaya ixrac etmək üçün iddialı olan dörd kəmər sırasından TAP-ı 2013-cü ilin ortalarında seçib. Seçim prosesində TAP səkkiz şərtə görə üstünlük qazanıb. Bunlardan birincisi kəmərin kommersiya səmərəliliyidir. İkinci, üçüncü və dördüncü əsas şərtlər layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü və texniki layihələndirmədir. Daha bir vacib məsələ kimi tənzimləmə və şəffaflıq götürülüb. Altıncı amil kəmərin təhlükəsizliyi və səmərəli istismarının mümkünlüyüdür. TAP eləcə də digər kəmərlərdən genişləndirmə imkanlarının olduğuna görə fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı amillər də nəzərə alınıb.

Kəmərin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb

TAP Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru xəttinin marşrutu Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlanır. Bu, uzunluğu təxminən 878 kilometr olan kəmərdir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu - bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.

TAP layihəsində BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri tərəfdaşlıq edirlər.

Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Layihənin kapital xərcləri 4,5 milyard avrodur.

TAP-ın ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Kəmərin diametri əsasən 48 düymdür, yalnız dənizin altından keçən hissəsində 37 düymlük borular düzülüb.

Marşrut qısa olmadığından və xəttin ayrı-ayrı hissələri fərqli coğrafi məkanlardan keçdiyindən inşaat işləri də asan olmayıb. Üstəlik, kəmərin bir sıra yerüstü obyektləri, məsələn ölçmə və kompressor stansiyaları var. Bununla belə, inşaatçılar indiyədək bütün işlərin öhdəsindən layiqincə gəliblər.

Layihənin İtaliyada başa çatmasına baxmayaraq, təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video