28 Yanvar 2020 01:35
2199
İQTİSADİYYAT
A- A+

Ceyranbatan - Abşeron yarımadasının 70 yaşlı qəsəbəsi


Qəsəbənin sosial-mədəni həyatında eyniadlı gölün əhəmiyyəti böyükdür


1976-cı ildən Ceyranbatan qəsəbəsinin sakiniyəm. İlk gündən qəsəbənin yaranma tarixi məni maraqlandırıb. 2000-ci ildən Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının sədri seçiləndən sonra daha çox məlumat əldə etdim.

Qəsəbənin tarixində və insanlarının taleyində bir neçə hadisə mühüm rol oynamışdır. Bunlardan birincisi 1939-cu ilin payızında Qusar, Quba, Xaçmaz, Qonaqkənd və Dəvəçi rayonları əhalisinin Samur-Dəvəçi kanalının çəkilməsi ilə əlaqədar sovet hökumətinə müraciətidir. İkinci əsas tarixi hadisə SSRİ Xalq Komissarları Sovetinin və Sov.İKP MK-nın 7 oktyabr 1939-cu il tarixli qərarıdır. Həmin qərarda kanalın tikintisi üçün tələb olunan vəsait və materialların ayrılmasına icazə verilib. Üçüncüsü isə çox qısa müddətdə ümumxalq tikintisinə çevrilən, 1940-cı ilin may ayında istismara verilən Samur-Dəvəçi kanalının açılışıdır. Qəsəbənin tarixində dördüncü tarixi hadisə həmin kanalın 1946-cı ildə layihəsinə yenidən baxılması və SSRİ Kənd Təsərrüfatı Xalq Komissarlığının Su təsərrüfatı Baş İdarəsi tərəfindən təsdiq olunmasıdır. Bu layihə əsasında 1947-ci ilin dekabr ayında SSRİ Nazirlər Soveti Samur-Dəvəçi kanalının Abşeron yarımadasına qədər uzadılmasına, su anbarının və nasos stansiyalarının tikilməsinə qərar vermişdir. Sonrakı mühüm hadisələr 1949-cu ildə Samur-Dəvəçi kanalının yenidən tikintisinə başlanması və 1954-cü ildə başa çatdırılmasıdır. Beləcə, ingilis mühəndisi Uilyam Lindleyin 1900-cü illərin əvvəllərində hazırladığı layihədə nəzərdə tutulan işlər təxminən yarım əsr sonra icra olundu.

Lakin illər ötdükcə Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərinin içməli su ilə tələbatının ödənilməsi yeni qurğunun icrasını zəruri edirdi. Odur ki, 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan Su Təchizatı İdarəsinin ərazisində ultrasüzgəcli sutəmizləyici qurğunun təməlinin əsası qoyuldu. 2018-ci il oktyabrın 28-də kompleksin açılışı oldu. Dövlət başçısı cənab İlham Əliyev açılış mərasimində də iştirak etdi. Burada görülən işləri yüksək qiymətləndirərək demişdir: "Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri sakinləri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, dünya standartlarına cavab verən içməli sudur”.

Onu da qeyd edək ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yaradılması layihəsi çərçivəsində ərazidə yaşıllaşdırma işləri görülüb, 150 minə yaxın ağac və kol əkilib.

O vaxtdan Sumqayıt şəhərinə, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur. Belə bir vəzifənin yerinə yetirilməsi istəyilə insanların buraya axını nəticəsində Ceyranbatan abad yaşayış məskəninə çevrilib.

Hazırda Ceyranbatan qəsəbəsinin 11 mindən çox sakini var. Onların 1500-ü qaçqın və məcburi köçkün soydaşımızdır. Qəsəbədə 2 tam orta məktəb, 2 uşaq bağçası, musiqi-incəsənət məktəbi, mədəniyyət mərkəzi, klub, həkim məntəqəsi, poçt-rabitə xidməti, kommunal sahələr üzrə müvafiq müəssisələr fəaliyyət göstərir.

2019-cu ilin iyulunda Abşeron RİH başçısı qəsəbəmizə gəlmişdi. Görüşdə 2020-ci ildə qəsəbəmizin 70 yaşının tamam olacağını dedim. O da cavabında dedi ki, Ceyranbatan qəsəbəsinin 70 illik yubileyini yüksək səviyyədə qeyd edəcəyik. Siz də qəsəbənizin tarixini əks etdirən "Ceyranbatan-70” kitabını hazırlayın.

Kitabı hazırlayarkən Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü”nün siyahısında Ceyranbatan qəsəbəsinə aid bir obyektin də olmadığını gördum. Həmçinin yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına da nədənsə Ceyranbatandan bir abidə salınmayıb. Halbuki qəsəbəmizdə kifayət qədər nadir tarixi abidələr var. Bütün bunlar haqqında daha ətraflı məlumatı "Ceyranbatan-70” kitabında vermək qərarına gəlmişik.

Kitaba onun ilk sakinlərinin, qəsəbənin inkişafında misilsiz xidmətləri olan insanların - Oqtay Səlimovun, Əsgər Quliyevin, Yəhya Əhlimanovun, Ülkəralı Əkbərovun, Babaxan Nağıyevin və başqalarının adlarını daxil edəcəyik.

İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Ceyranbatan qəsəbəsində görülmüş böyük işlər sayəsində Bakıda və Abşeron yarımadasında bu məsələ demək olar tamamilə həll edilib. Yaşayış massivinin özü isə inkişaf edərək şəhər tipli qəsəbəyə çevrilib.

Sabir TAĞIYEV,

Abşeron rayonu, Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video