28 Yanvar 2020 01:33
687
İQTİSADİYYAT
A- A+

Azərbaycan MDB-də sosial rifah göstəricilərinə görə də öndədir


"İnsan kapitalı texnoloji inkişafın sürətləndiyi bir dövrdə həm innovativ dünyanın, həm də iqtisadiyyatın əsas təkanverici qüvvəsi hesab oluna bilər. Sosial rifah içində yaşayan, tərəqqi edən və savadlanan əhali hər bir ölkənin inkişafı üçün əvəzedilməz resursdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin siyasi-iqtisadi mövqeyində də sosial məsələlər öndə yer alır. Xüsusilə ötən il aparılan bir sıra kütləvi sosial islahatlar da bunun bariz nümunəsidir”.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbova adı çəkilən Mərkəzin saytında yerləşdirilən məqaləsində yazıb. Məqalədə qeyd olunur ki, ötən il həyata keçirilən və 3,9 milyard manat maliyyə yükü ilə 4,2 milyon insanı əhatə edən sosial paket vətəndaşların maddi vəziyyətinin yaxşılaşması istiqamətində görülən önəmli tədbirdir. Sosial islahat paketi minimum əməkhaqqının, minimum pensiyanın, eyni zamanda təqaüd və müavinətlərin artırılması, o cümlədən problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası kimi önəmli islahat tədbirlərini özündə ehtiva edir.

Müəllif daha sonra yazır ki, keçən il ərzində minimum əməkhaqqı 2 dəfəyə qədər artırılaraq 130 manatdan 250 manata çatdırılıb: "Bu gün Azərbaycan alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla minimum əməkhaqqı göstəricisinə görə, MDB ölkələri arasında 2-ci yerdədir. Qonşu ölkələrlə müqayisədə bu göstərici Ermənistandan 2,1, Qazaxıstandan 1,6, Gürcüstan və Rusiyadan isə 1,4 dəfə yüksəkdir. Bu da öz növbəsində Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin yüksək olduğunu, minimal əməkhaqqı ilə də digər ölkələrlə müqayisədə sosial rifahının daha yüksək olduğuna işarədir. Əməkhaqlarının artımı isə orta aylıq əməkhaqqının artmasına gətirib çıxarıb. Alıcılıq qabiliyyəti paritetinə əsasən orta aylıq əmək haqqına görə, Azərbaycan MDB-də 2-ci yerdədir. Müqayisəüçün Ermənistanın 9-cu yerdə olduğunu da qeyd etmək olar”.

Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən digər islahat tədbiri, pensiyaların artırılmasından yazan müəllif vurğulayır ki, bu islahat 2019-cu il ərzində əmək pensiyalarının 72 faiz artımı ilə Azərbaycanı MDB məkanında minimal pensiyanın dollarla ifadəsinə görə ilk yerə yüksəltmiş oldu. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3,7, Gürcüstanın göstəricisindən 2, Rusiyanın göstəricisindən 1,3, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1,1 dəfə çoxdur. Orta pensiya göstəricisinə görə isə Azərbaycan MDB-də 2-ci yerdədir. Müqayisə üçün bildirək ki, bu göstərici üzrə Ermənistan10-cudur.

Yeri gəlmişkən, Azərbaycanın sosial müdafiə xərcləri də Ermənistanla müqayisədə 3 dəfədən çoxdur. Bu barədə yazan müəllif qeyd edir ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsində sosial müdafiə xərcləri 3,8 milyard dollar olduğu halda, Ermənistanda həmin rəqəm cəmi 1,1 milyard dollardır.

Məlumdur ki, keçən ilin böyükmiqyaslı digər sosial layihəsi Prezident tərəfindən fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələnin həll edilməsi olmuşdur. Nəticədə fiziki şəxslərinkredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir. Digər ölkələrdə problemli kreditlərin həlli istiqamətində həyata keçirilən müxtəlif modellərlə müqayisədə öz sosial yönümlülüyü ilə seçilən bu layihədən ümumilikdə 800 mindən artıq əhali yararlanmışdır.

Azərbaycanda son illər ardıcıl xarakter alan sosial müdafiə tədbirlərinə toxunan M.Talıbova yazır ki, əhalimizin sayının digər sahələrdə qeydə alınan inkişaf fonunda 1991-ci ildən bugünədək 40 faiz artması ölkədə həm də yaşayış şəraitinin inkişaf etdiyini təsdiqləyir: "Əhalinin artım sürəti ümumi iqtisadi, intellektual və mədəni inkişafdan və modernizasiyadan asılı olaraq dəyişir. Əhali artımı inkişaf etmiş ölkələrdə əsasən miqrasiya göstəricisinə, əksinə, zəif inkişaf etmiş ölkələrdə isə demoqrafik məhsuldarlıq səviyyəsinə görə baş verir. Azərbaycanda isə bu, hər iki istiqamətdə müşahidə olunur. Belə ki, Azərbaycanda demoqrafik məhsuldarlıq beynəlxalq statistika mənbələrinə görə, 1,89 göstəricisi ilə bütün inkişaf etmiş ölkələrdən, eləcə də Rusiya (1,61), Ermənistan (1,64), Gürcüstan (1,76), hətta Çindən (1,6) daha çoxdur”.

Müəllif yazır ki, əhalinin həyat şəraitinin keyfiyyət göstəricilərinə dair statistik məlumatlar da müsbət şərhlər söyləməyə imkan verir: "Azərbaycanda yoxsulluq səviyyəsi son 10 ildə ən aşağı həddə çataraq 4,8 faiz olmaqla MDB ölkələri arasında 2-ci yerdədir. Müqayisə üçün bildirək ki, Ermənistan 23,5 faiz göstərici ilə 8-cidir. Ümumi, o cümlədən gənclər arasında işsizlik səviyyəsi Azərbaycanda müvafiq olaraq 4,8 və 9,1 faiz olmaqla Ermənistanla müqayisədə 4 dəfə azdır”.

M.Talıbova məqaləsinin sonunda yazır: "Statistik göstəricilərdən də göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə aparılan kompleks islahatlar öncə vətəndaş məmnunluğu, sosial rifahın yaxşılaşması, əhalinin sosial-mədəni inkişafının təmin edilməsi istiqamətində hərtərəfli dəstəyi hədəfləyərək qısa zamanda öz müsbət nəticələrini göstərir. Bu islahatlar əhalinin gəlirlərinin, yığımların, investisiya yatırımlarının artmasına, iqtisadi aktivliyin yüksəlməsinə gətirib çıxarır ki, bunun da öz növbəsində iqtisadiyyatın digər sahələrinə müsbət töhfə verəcəyi şübhəsizdir”.

"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video