27 Noyabr 2019 01:25
2086
SİYASƏT
A- A+

Milli köklərə söykənən mənəvi dəyərlərimiz həmişə yaşayacaq


"Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur”.

İlham ƏLİYEV


Prezident İlham Əliyevin Dini liderlərin II Bakı Sammitində səsləndirdiyi bu fikirlər sözün hər bir mənasında milli dəyərlərin, xüsusən də ailə dəyərlərinin bizim üçün ən böyük sərvət olduğuna işarədir. Bu həm də son zamanlar tez-tez gündəmə gətirilən Avropa dəyərlərinin yerli-yersiz təbliğatına qarşı ən arqumentli cavabdır.

Təbii ki, cənab Prezidentin qeyd etdiyi kimi, bu dəyərlərə sahib çıxmaq, onları qorumaq, təbliğ etmək peşəsindən asılı olmayaraq hamımızın ən vacib işidir.

Yaşadığımız dövr internet əsridir. Müasir informasiya texnologiyaları vasitəsilə hər gün ailə içərisinə zərərli-zərərsiz milyonlarla informasiya daxil olur. Ölkə rəhbəri diqqətimizi ona çəkir ki, dünyanın müxtəlif yerlərində milli-mənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, azərbaycançılıq ruhuna, təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər sistemi” aşılanır. Bu şəraitdə böyüməkdə olan gənc nəsli də milli vətənpərvərlik əzmində, eyni zamanda ənənəvi dəyərlər ruhunda tərbiyə etmək, əsl Azərbaycan vətəndaşı yetişdirmək çətin prosesdir.

Təmsil olunduğumuz Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm məbədi olmaqla yanaşı, hər zaman Azərbaycanın hərtərəfli inkişafında, milli şüur və özünüdərkin, vətənpərvərlik tərbiyəsinin, mənəvi dəyərlərin, xüsusən də ailə dəyərlərinin təbliğində, araşdırılmasında böyük xidmətlər göstərmiş bir mərkəzdir. Bu gün istər dəqiq və təbiət elmləri olsun, istərsə də humanitar-ictimai elmlər sahəsində aparılan tədqiqatlarda dəyərlərin yaşadılması, inkişafı və sonrakı nəsillərə çatdırılması bir istiqamət kimi seçilir. Bu nöqteyi-nəzərdən heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, akademik elmimizin əsas mərkəzi kimi AMEA yüksəkixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya elm məkanına inteqrasiya, eləcə də milli köklərimizə söykənən mədəni-mənəvi dəyərlərimizin təbliği yolunda üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir.

Akademiya hazırda dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı alimləri ilə ölkəmizin inkişafına yeni töhfələr verməkdədir. Yerinə yetirilən tədqiqat işlərində, müdafiə olunan dissertasiyalarda milli-mənəvi dəyərlərimizin Azərbaycanın tarix və çoxəsrlik mədəniyyətində möhtəşəm rolu və yeri xüsusi qayğı ilə əhatə olunmuşdur.

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və o, daim nəsildən-nəslə ötürülür. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Xalqımız dünyada gedən qloballaşma prosesində özünəməxsus mədəniyyətini əzmlə qoruyur. Bu işdə yaradıcı gənclərimizin fəaliyyəti xüsusi vurğulanmalıdır.

Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycanda siyasi və mədəni təfəkkürdə böyük dəyişikliklər baş verdi. Xalqımız azadlıq, qəhrəmanlıq mübarizəsi dövrünü yaşadı. Cəmiyyətin mədəni-intellektual potensialının inkişafı milli ideyaların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Tarixin çağırışlarına çevik cavab verən məhz sağlam düşüncəli gənclərimiz oldu. Döyüş meydanlarında, ictimai həyatda, incəsənət, elm sahəsində, fəhlə kimi əməyində, işində o, qəhrəmanlığı, istedadı, doğma torpağına olan sədaqəti ilə seçilə bildi. Bu həm də onu göstərdi ki, 70 il sovet əsarəti də xalqımızın sahib olduğu milli-mənəvi dəyərləri sarsıda bilməyib. Qafqazda Azərbaycan yeganə dövlətdir ki, mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən beynəlxalq tədbirlərə evsahibliyi edir. Bu gün Azərbaycan modeli bir çox dövlətlər üçün nümunədir. Amma təəssüf ki, uzun illər boyu milli mədəniyyətimizə qarşı erməni siyasətçiləri, mədəniyyət xadimləri və onların havadarları tərəfindən mənəvi hücumlar davam etməkdədir.

Hazırda Azərbaycan gəncliyinin avanqard qüvvəsi olaraq AMEA-nın gənc alim və mütəxəssisləri həm elmi, həm də ictimai fəaliyyətləri ilə - beynəlxalq konfrans, elmi seminarlar, teleradio efiri, mətbuat, xarici telekanallar vasitəsilə dəyərlərimizin təbliği işində xüsusi fəallıq göstərirlər. Onlar zəngin milli poeziyamızın, musiqi xəzinəmizin qorunmasında öz sözünü deyir, maraqlı araşdırmalar aparırlar.

Azərbaycanın 5 mindən artıq gəncini özündə birləşdirən AMEA Gənc Alim və Mütəxəssislər Şurası yarandığı vaxtdan indiyədək dünyanın aparıcı elm mərkəzinin gənc alimlərini bir araya gətirən onlarla beynəlxalq konfrans və elmi simpozium təşkil edib. Bu tədbirləri təşkil etməkdə məqsəd təkcə Azərbaycan elminin dünya elminə inteqrasiya olunması deyil, eyni zamanda ölkəmizin mədəni-mənəvi dəyərlərinin xarici həmkarlara təbliği, tanıdılmasıdır. Elə bir beynəlxalq miqyaslı tədbir olmayıb ki, həmin tədbir çərçivəsində xarici alim qonaqlarımızın ölkəmizin tarixi məkanlarına ekskursiyası təşkil olunmasın və onlara öz dillərində milli-mənəvi dəyərlərimiz haqqında əsaslı şəkildə məlumat verilməsin.

Bu gün dünya təcrübəsində geniş tətbiq edilən "Yay məktəbləri”, "Qış məktəbləri” təşkil olunur ki, bunların sayəsində gənclərə tariximiz, milli köklərimiz, dəyərlərimiz aşılanır. Belə tədbirlərdə akademiya ilə yanaşı, müxtəlif universitetlərin tələbələri, o cümlədən istedadlı şagirdlər üçün ekspertlərin iştirakı ilə ayrı-ayrı mövzularda seminarlar keçirilir, intellektual yarışlar təşkil olunur, tarixi-mədəni abidələr ziyarət edilir. Əsas məqsəd də milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində gənclərin, xüsusilə tələbələrin rolunu artırmaqdır.

Konfrans və elmi simpozium çərçivəsində məhz interaktiv müzakirələr təşkil edilir ki, həmin müzakirələrin bütün mövzuları keçmişimizlə müasirliyimizin vəhdətinə həsr olunur. Təbii ki, təkcə tarixi keçmişimizdə də ilişib qalmaq olmaz. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, yalnız keçmişin yaddaşı ilə yaşayan insanlar zaman duyğusunu itirir. Əslində isə keçmişdən miras qalan irsə arxalanaraq gələcəkdə özünün təsdiq imkanını genişləndirmək biz gənc alimlərin əsas vəzifəsidir. Azərbaycan öz müdrik övladları sayəsində türk dünyasının bəşər tarixində yalnız fatehlik, böyük hərb və qılınc himayəsi gücünə deyil, həm də siyasi mədəniyyət, diplomatiya və dövlətçilik kimi köklərə əsaslandığını aşkara çıxarıb. Yenə də bu sahədə elmi təsisatların xüsusi rolu danılmazdır. Başqa sözlə, məhz AMEA Azərbaycan xalqının milli fikir və mədəniyyətinin çoxəsrlik inkişaf yollarının aşkarlanmasında, onun milli mənəvi və elmi intibahında, dünyada tanınmış məktəblərin və istiqamətlərin formalaşıb inkişaf etməsində misilsiz rol oynamışdır. Bu, xalqımızın əsrlərdən bəri toplanmış elmi sərvətinin qorunması ilə yanaşı, əslində Azərbaycanın mövcudluğunu şərtləndirən məhək sütunu olan möhtəşəm elmi bazanın gələcək naminə yaşamasına əsl xidmətdir. Bu, azərbaycançılığın, elmi-dini, milli maarifçiliyin qorunmasına və inkişafına əsl xidmətdir.

Bəli, müstəqil dövlətin dönməzliyini, sarsılmazlığını daxilən azad, milli təfəkkürlü, milli ruhun qorunub saxlanmasında maraqlı olan vətəndaş təmin edə bilər. Fərdin vətəndaşa çevrilməsi mürəkkəb prosesdir. Əsl vətəndaş mövqeyini örnəyə çevirən Ulu Öndər azərbaycanlı obrazını dünyaya təqdim etdi. Mənəvi dirçəliş sahəsində atılan hər bir addım azərbaycanlı obrazının cilalanmasına xidmət etdi. İslami dəyərlərə çox qısqanclıqla yanaşan dünya indi bu reallığı qəbul etmək məcburiyyətindədir. Dəyərlərin qorunmasında həmrəylik olduqca vacibdir. Ümummilli Liderin sözləri ilə desək, başqa məsələlərdə müxalif olmaq olar. Ancaq bu məsələdə - milli-mənəvi dəyərlərin qorunmasında hamımız eyni cür düşünməliyik və buna eyni səviyyədə əməl etməliyik. Burada söhbət azərbaycançılıqdan, milli bütövlükdən, milli dəyərlərin qorunmasından, milli özünüdərkin önə gətirilməsindən gedir.

Famin SALMANOV,

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video