07 Aprel 2019 00:54
1125
SİYASƏT
A- A+

Türkiyəyə gedən qatara minik başlanır


Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, "Cənub qaz dəhlizi” kimi layihələrin təşəbbüskarı, onların həyata keçirilməsində əsas söz sahibi ölkəmiz olmuşdur. Həmin layihələr sırasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun da özünəməxsus yeri var.

Bu layihə Prezident İlham Əliyevin qətiyyəti hesabına rallaşmışdır. Məlumdur ki, ABŞ və Avropa bankları layihəni maliyyələşdirməkdən imtina etdikləri üçün Azərbaycan Gürcüstan ərazisində görüləcək işlərin maliyyələşdirilməsini öz üzərinə götürmüşdür. Çünki layihənin reallaşması ilk növbədə Azərbaycan üçün siyasi və iqtisadi dividendlər demək idi. Bu addımla yeni layihənin reallaşmasında qarşıya çıxan ən böyük maneə dəf edilmiş oldu. Prezident İlham Əliyev BTQ-nin açılış mərasimindəki çıxışında demişdir: "Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk”.

Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin yaradılmasında əsas məqsəd Asiyadan Avropaya və geriyə yüklərin daşınması olsa da, həmin marşrutla sərnişin daşımaq da mümkündür. Artıq İsveçrənin "Stadler Rail Group” şirkəti tərəfindən istehsal edilən 10 vaqondan ibarət sərnişin qatarının xəttə buraxılması hazırdır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev aprelin 3-də Bakı Dəmir Yolu Vağzalında gətirilən həmin qatarlarla tanış olmuşdur.

Dövlət başçısına məlumat verilmişdir ki, qatarda 9 sərnişin vaqonu və bir restoran-vaqon var.

Vaqonlar "standart”, "komfort”, "biznes” və "restoran” olmaqla dörd kateqoriyadadır. Kateqoriyalardan asılı olaraq vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Vaqonlar dizel generator avadanlığı ilə təmin olunub. Bu isə lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin etməyə imkan verir.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi dünyada yük daşınmasında yeni imkan yaradıb. Bizim marşrutumuz yüklərin həm maya dəyəri, həm də vaxtında mənzil başına çatdırılması baxımından mövcud Süveyş kanalı marşrutundan sərfəlidir. Hazırda Asiyadan Avropaya yüklərin çox hissəsi dəniz yolu - Süveyş kanalı vasitəsilə daşınır. Əvvəllər bu marşrutla daşınan yüklərin nəqliyyat xərcləri baha başa gəldiyi üçün istehsalçı və alıcıların narazılığına səbəb olurdu. Odur ki, bir-biri ilə ciddi rəqabət aparan gəmiçilik şirkətləri bu vəziyyətdən çıxmaq üçün müvafiq tədbirlər həyata keçirməyə məcbur oldular. Onlar daşınan malların maya dəyərini aşağı salmaq üçün iritonnajlı, daha sürətli gəmilərdən istifadə etməyə başladılar. Nəticədə yükdaşımaların maya dəyəri 3 dəfə aşağı düşdü. Hazırda 21 min kilometr məsafəni 30-35 sutkaya qət etməklə bir konteyneri sifarişçilərə 850 dollara çatdırmaq mümkündür. Bununla belə, Bakı Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması bütün parametrlərə görə yük göndərən və yük qəbul edənlər üçün daha sərfəlidir.

BTQ-nin əhəmiyyətini onun texniki imkanları da göstərir. Hazırda Çindən İngiltərə, Fransa, Almaniya kimi ölkələrə yükdaşıma müddəti təxminən 45-62 gündür. BTQ isə həmin yükləri 12-15 günə Avropaya çatdırmaq imkanına malikdir. Bundan başqa, dəmiryolu ilə yüklərin daşınmasının maya dəyəri də aşağıdır. Qeyd edilən faktor, sözsüz ki, BTQ-yə marağın artmasını təmin edir.

Xatırladaq ki, uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolunun 504 kilometri Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı marşrut olan bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ikinci mərhələdə 17 milyon ton, sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulub. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsidir. Yeni marşrut yolboyu yerləşən ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşunu artırmağa, əməkdaşlığı genişləndirməyə imkan verir. Bu yol həm də sabitliyə və təhlükəsizliyə xidmət edir. BTQ-nin ölkəmizin geosiyasi əhəmiyyətini artırmasını və bizə əlavə imkanlar yaratdığını da unutmaq olmaz.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video