14 Dekabr 2018 01:33
281
SİYASƏT
A- A+

Azərbaycana olan yüksək beynəlxalq etimadın nümunəsi


Bakı bu il ikinci dəfədir ki, Rusiya-NATO yüksək hərbi rəhbərliyinin danışıqlarına evsahibliyi edir


NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbəti görüş dekabrın 12-də yenə Bakıda keçirildi.

Bundan əvvəl isə bu iki general arasında görüş aprel ayında Bakıda baş tutmuşdu. Valeri Gerasimovun 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford, 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilə görüşlərinə də evsahibliyini Bakı etmişdi.


Risklərin qarşısının alınmasına xidmət edən görüşlər


Rusiya ilə NATO və ABŞ arasında aparılan danışıqlar dünyanın siyasi-hərbi gündəmində kifayət qədər ciddi hadisələrdən biridir. Ona görə ki, bu danışıqları aparanlar qarşı qütblərdə dayanan, beynəlxalq münasibətlərdə xüsusi çəkisi və iddiası olan tərəflərdir. Belə görüşlərdə hansısa sıradan olan məsələlər deyil, olduqca vacib, Avropanı, Amerikanı və bütövlükdə dünyanı narahat edən məsələlər, hərbi-siyasi nüfuz uğrunda mübarizədə yaranan ziddiyyətlər müzakirə olunur.

Hər gün kütləvi informasiya vasitələrində NATO və Rusiya hərbçilərinin üz-üzə gəldiyi, təyyarələrinin bir-birinin hava zonasına, gəmilərinin isə dəniz sularına yaxın məsafələrdə manevrlər etdiyi barədə xəbərlər oxuyuruq. Gün kimi aydındır ki, hansısa qığılcım, tərəflərdən birinin emosiyalarını cilovlaya bilməməsi dəhşətli müharibənin başlanmasına səbəb ola bilər. Ona görə istər Rusiya ilə NATO, istərsə də ABŞ ali hərbi heyətləri arasında aparılan danışıqlar potensial hərbi toqquşmaların baş verməməsi üçün mühüm əhəmiyyət daşıyır. Bütövlükdə bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir.

NATO və Rusiya arasındakı ziddiyyətlər Azərbaycanı narahat etsə də, aparılan danışıqların əslində ölkəmizə heç bir aidiyyəti yoxdur. O baxımdan ki, bu görüşlərdə Azərbaycanla bağlı məsələlər müzakirə olunmur. Bununla belə, bütün dünyanın izlədiyi son görüş ölkəmiz üçün də vacib əhəmiyyət daşıyır. Çünki bu görüş yenə də Bakıda keçirilir.


Müstəqil siyasətin təzahürü


Artıq Bakıda dördüncü dəfədir ki, bu səpkili görüş keçirildi. Belə görüşlər üçün tərəflər ya hansısa NATO üzvü olan ölkəni, ya Rusiyanı, ya da üçüncü ölkəni seçməli idilər. Amma söhbət tarix boyu bir-biri ilə rəqabətdə olan tərəflərdən getdiyindən görüşün keçirilmə məkanının seçilməsi də siyasi əhəmiyyət kəsb edir. Görünən odur ki, NATO komandanının Moskvaya, onun rusiyalı həmkarının isə NATO üzvü olan dövlətə getməsi məqbul sayılmır. Deməli, bu görüş üçün üçüncü dövlətin seçilməsi zərurəti yaranıb. Üçüncü dövlətlərin sayı isə kifayət qədər çox olsa da, tərəflər hər dəfə məhz Bakını seçirlər. Bunun səbəbləri müxtəlifdir.

İlk növbədə bu hadisə Azərbaycanın müstəqil siyasətinin olduqca mühüm uğurudur. Belə ki, generalların görüş yeri üçün Azərbaycanın seçilməsi rəsmi Bakının həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanmasının və qəbul edilməsinin əyani təsdiqidir. Prezident İlham Əliyevin müstəqil xarici siyasəti nəticəsində Azərbaycan həm NATO, həm də Rusiya ilə ötən 15 ildə qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirib. Üstəlik Azərbaycan Prezidentinin həm NATO üzvü olan dövlətlərin rəhbərləri, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksəksəviyyəli əlaqələri var. Prezident İlham Əliyev Amerikada və Avropada etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edilir. Bu mənada generalların görüş yeri üçün Bakının seçilməsi Prezident İlham Əliyevə olan etimadın, eyni zamanda Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının və ona böyük hörmətlə yanaşıldığının təzahürüdür.

Bu görüş üçün Bakının seçilməsi həm də təhlükəsizliklə bağlıdır. Təbii ki, söhbət iki böyük dövlətin ordusunun baş qərargah rəisinin görüşündən getdiyindən təhlükəsizlik məsələləri də önə çəkilir. Bu mənada görüş üçün Bakının seçilməsi Azərbaycanda təhlükəsizliyin də yüksək səviyyədə olmasının göstəricisidir.


Təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji mərkəz


Prezident İlham Əliyev dekabrın 12-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı dövlət başçısı bildirib ki, Rusiya ilə NATO-nun yüksək hərbi rəhbərliyi arasında görüşün keçirilməsi üçün Bakının seçilməsi bizim ölkəyə hörmətin, etimadın göstəricisidir və bir daha Azərbaycanın dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm beynəlxalq tədbirlərin müntəzəm olaraq keçirildiyi məkana çevrildiyini göstərir. Azərbaycan bunu yüksək qiymətləndirir. Öz növbəsində NATO və ABŞ nümayəndələri ilə artıq neçənci dəfədir ki, Bakıda görüşdüklərini qeyd edən Valeri Gerasimov paytaxtımızın bunun üçün çox münasib bir məkan olduğunu və bu cür görüşlər üçün burada hər cür şəraitin yaradıldığını vurğulayıb.

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti də Prezident İlham Əliyevlə görüşdə onu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyinə və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşə evsahibliyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə evsahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.

Bakı artıq dünyada sammitlər, konfranslar, forumlar, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi tanınır. İndi isə Bakı həm də Rusiya-NATO və Rusiya-ABŞ ali hərbi rəhbərlikləri arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi üçün mühüm şəhərdir. Bu da onu göstərir ki, Azərbaycan həm NATO və Rusiya üçün eyni dərəcədə önəmli, həm də qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji mərkəzdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video