13 Dekabr 2018 00:29
469
CƏMİYYƏT
A- A+

Ümumxalq məhəbbətinin təcəssümü


Ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anıldı


Tarixə adı yazılan şəxsiyyətləri nə zaman unudur, nə də ictimai-siyasi burulğanlarda varlığını qoruyub saxlayan xalq. Talelərə yazılan sərt sınaqlardan əzmlə çıxaraq sevilmək o qədər də asan deyil, bunu tarix dəfələrlə təsdiqləyib. Bu şərəf, əlbəttə, çoxlarına nəsib olmur. Xalqımızın ümummilli lideri, ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyatı örnəyə çevrilən ulu öndər Heydər Əliyevin də məhz belə şəxsiyyət kimi tanınmasını şərtləndirən səbəblər kifayət qədərdir.

...On beş il öncə, 2003-cü ilin soyuq dekabr ayında paytaxt Bakı bugünkündən fərqli olaraq, sükut, qüssə və kədərə bürünmüşdü. O zaman hüznlü baxışlardan süzülən kədər, qəhər və qüssə dolu göz yaşları yanaqları yandırırdı. Dünən isə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edənlərin çöhrəsindəki kədərin arxasında bir əminlik də duyulurdu. Bunun səbəbləri az deyil. Ən əsası odur ki, ulu öndərin memarı olduğu müstəqil Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, artıq inkişafına görə dünyanın aparıcı dövlətləri sırasında olduğunu təsdiqləyib. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ziyarətə gələnlərin yaş fərqi göstərirdi ki, xalqın qəlbində əbədi məşəl yandıranlar cismən uzaqlaşsa, haqqın dərgahına qovuşsalar da, onlar mənən yaşayır və əbədiyyət simvoluna çevrilirlər. Ulu öndərin daim bahar təravətli gül-çiçəyə bələnmiş müqəddəs ziyarətgahının yenə də insan axınına darlıq etməsi bunun təsdiqidir.

Ümumxalq məhəbbətinin şahidinə çevrilənlərin arasında əcnəbilər də az deyildi. İstər ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, istərsə Azərbaycanın füsunkar təbiətinin gözəlliyini gözləri ilə görməyə gələnlər ziyarətçilərin arasında idilər. Yaşından və vəzifəsindən asılı olmayaraq, ölkənin yüz minlərlə vətəndaşı (nəinki paytaxt sakinləri, respublikamızın ayrı-ayrı bölgələrindən ziyarətə gələnlər az deyildi) ulu öndərə sonsuz məhəbbətini ifadə etmək üçün Fəxri xiyabana üz tutmuşdu...

Qardaş Türkiyənin Kayseri şəhərindən olan Mustafa Babacan həyəcanlı olsa da, fikrini ifadə etməkdə çətinlik çəkmədi: "Ulu öndər Heydər Əliyev dünyaya günəş kimi doğduğu yalnız Azərbaycanda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda yaşayan azəri, oğuz türklərinin də lideri kimi sevilir. Türk dünyası ulu öndərin zəkası ilə nura qərq olan Azərbaycanın kədərini, sevincini özününkü bilir və şərik olur. Heydər Əliyev türk xalqlarının birlikdə olmasını arzulamış və söyləmişdir: "Türkiyə-Azərbaycan bir millət-iki dövlət”dir. Azərbaycanın bu gün regionda lider dövlətə çevrilməsi ümummilli liderin - həyat və fəaliyyətini bütünlüklə müstəqil ölkəmizin çiçəklənməsinə, onun dünya birliyində layiqli yer tutmasına həsr etmiş Heydər Əliyevin xidmətləridir”.

Ölkəmizdən kənarda yaşayan azərbaycanlıların bu günlərdə Bakıya can ataraq Fəxri xiyabanı ziyarət etmələri ümummilli liderin vaxtilə dünya azərbaycanlılarını azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırışının nəticəsidir. Soydaşlarımız müxtəlif peşə sahibləri olsalar da, Azərbaycan adlı Vətənin şərəfini hər şeydən uca tutmuş ulu öndərin müqəddəs məzarını ziyarət etməyi özlərinə borc bilirlər. Rusiya Federasiyasının Dağıstan Respublikasından, dəmir qapı Dərbənddən gəlmiş Azərbaycan, Türkmən, İraq yazıçılar birliklərinin üzvü, şairə-müğənni, Zeynəb (İbrahimxəlilova) Dərbəndlinin fikirləri maraqlı olduğu qədər də qürurvericidir: "Harada yaşamasından asılı olmayaraq, hər birimiz ulu öndər Heydər Əliyevin ideyalarının daşıyıcısı və təbliğatçısı olmalıyıq. Axı, bizim Azərbaycan xalqının bir evi, bir ana dili, bir müstəqil dövləti var. Dərbənddən Azərbaycan daha gözəl görünür. Bu gün Dərbənddə Azərbaycan-Rusiya münasibətlərinin ən yüksək səviyyədə olduğu hamıya məlumdur. Bundan qürur duyuruq ki, Azərbaycan regionda söz sahibidir. Bu isə, əlbəttə, ümummilli lider Heydər Əliyevin siyasətinin uğurlu davamının nəticəsidir. Məhz Heydər Əliyevin təşəbbüs və imzaladığı sənədlə 31 dekabr tarixə Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi yazıldı. Mahnı və şeirlərimdə Heydər Əliyevlə ana Vətən qoşa tərənnüm edilir”.

Dərbənddən olan digər qonaq Azərbaycan, Türkmən, İraq yazıçılar birliklərinin üzvü Fəxrəddin Orucovdur. Qələm dostunun fikirləri ilə bölüşən həmsöhbətim yalnız bunu əlavə edir: "...Xalqın qəlbində əbədi məşəl yandıranlar yaşayır və əbədiyyət simvoluna çevrilirlər, ümummilli lider Heydər Əliyev də bizə bunu öyrətmişdi”.

Bakı şəhərinin Nərimanov rayonundakı 8 nömrəli poliklinikanın baş həkimi Tamella Kərimova ziyarətə rəhbərlik etdiyi kollektivlə birlikdə gəlmişdi. YAP 8 nömrəli poliklinika üzrə ilk təşkilatın katibi Rafael Bayramov, həkimlərdən Amil Eyvazov, Arzu Səfərova, Svetlana Nəcəfova və digərləri ulu öndərin məzarını ziyarət edənlərin sırasında idilər. Tibb işçiləri hər il olduğu kimi, dünən də həmkar ehtiramı olaraq ulu öndərin ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər gül dəstələri düzürdülər. Baş həkim Tamella Kərimova kollektivin ümumi fikrini belə ifadə etdi: "Ölkəmizin həyatının bütün sahələrində, eləcə də Azərbaycanda səhiyyənin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. Həyata keçirdiyi quruculuq missiyasının məntiqi nəticəsidir ki, qədirbilən xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq xoşbəxtliyinə nail olub”...

"Heydər Əliyev nadir, unikal, seçilən, dünya siyasətinə təsir etmək gücündə olan lider idi”. "İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov Seymur və Mahirə Kazımlılar, Qubad Tarverdiyev, Aqil Fərəcov və digər gənclərin fikirlərini ümumiləşdirib bildirdi ki, ulu öndər Heydər Əliyev tək bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü demiş nadir siyasətçilərdən idi: "Ölkənin ən ağır günlərində, müharibə şəraitində bütün çətinliklərə, daxili və xarici çəkişmələrə baxmayaraq, ulu öndər müstəqil dövlətimizi qurdu və gücləndirdi. Bir fikri isə xüsusi vurğulamaq istəyirəm: "Ümummilli lider hər kəsdən daha çox internatda yaşayan uşaqların babası kimi sevildi. Dəqiq yadımdadır: hər bayram gününü, demək olar ki, o, bizimlə keçirərdi. Bizi internatdan götürüb Əl Oyunları Sarayına aparardılar. Hər dəfə sağında və solunda uşaq evində böyüyən uşaqlar oturdardı. Valideynini itirmiş və onların himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət ayırardı. Buna əsas olaraq 1999-cu ildə bizim kimi uşaqların sosial şəraitinin yaxşılaşdırılması və əsil vətəndaş olaraq yetişməmiz üçün qanunlar qəbul etdi. Bu gün həmin siyasəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həyata keçirir. Biz internat və uşaq evi məzunları kimi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini vəfatının 15-ci ildönümündə də dərin ehtiram və hörmətlə anırıq”.

Laçın rayonunun 32 nömrəli tam orta məktəbindən direktor müavini Bəsirə Məmmədli, Yasamal Rayon MKS-in 3 saylı filialının müdiri Arzu Xudayarova, Sabunçu rayon MKS-nin 12 saylı filialının müdiri Vəsilə Məmmədova, Ə. Paşayev adına Sabunçu rayon mədəniyyət evinin direktoru Kərim Kərimov, Nərimanov rayonundakı 39 nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə metodbirləşmənin sədri, şəhid bacısı Sədaqət Məlikova, həmin təhsil ocağının müəllimlərindən Sevinc Paşayeva, Zülfiyyə Həsənova, Sevər Orucova, Təranə Abdullayeva, Qumru Orucova, həmçinin Astara rayon Pensər kənd 2 nömrəli liseyin direktor müavini Elmir Kərimov və digərləri dünən müasir dövlətimizin memarı və qurucusu - ulu öndər Heydər Əliyevin müqəddəs məzarını ziyarət edənlərin arasında idi. Bəli, ziyarətçilər belə qüdrətli dövlətin banisi olduğu üçün ümummilli liderə daim minnətdar olacaqlarını bildirir, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, respublikamızın inkişafında bundan sonra da əzmkarlıq nümayiş etdirəcəklərini əminliklə söyləyirdilər.

Rəhman SALMANLI,

Məhəmməd NƏRİMANOĞLU,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video