20 Noyabr 2018 03:47
1064
SİYASƏT
A- A+

Strateji tərəfdaşlığın ən yüksək mərhələsi


Azərbaycan-Belarus münasibətləri dinamik inkişaf yolundadır


Fəal və müstəqil xarici siyasət həyata keçirən Azərbaycanın hazırda dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlə müxtəlif səpkili əlaqələri var. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış, dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Lakin dostluq və qardaşlıq münasibətlərinə gəldikdə, bir neçə əsas dövlət yada düşür ki, onlardan da biri ölkə rəhbərinin rəsmi səfərdə olduğu Belarusdur.

İki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirlikləri açılıb.

Bu il uğurlu diplomatik münasibətlərinin 25 ili tamam olan Azərbaycan-Belarus əlaqələri artıq yeni inkişaf mərhələsindədir. Son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.

Əlbəttə ki, münasibətlərin bu səviyyəyə yüksəlməsinin başlıca amili iki ölkənin lideri - İlham Əliyevlə Aleksandr Lukaşenko arasında mövcud olan dostluq əlaqələri, səmimiyyət və qarşılıqlı hörmətdir. Bu səmimi dostluq əlaqələri ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafına təkan verir. Məhz bu əlaqələrin nəticəsidir ki, 2006-2018-ci illərdə İlham Əliyev 5 dəfə Belarusa, Aleksandr Lukaşenko isə 4 dəfə Azərbaycana rəsmi səfər edib. Bu qarşılıqlı səfərlər zamanı iki ölkə arasında 110 mühüm tərəfdaşlıq sənədləri imzalanıb. Dünənki səfər zamanı isə bu sazişlər sırasına daha 8 mühüm sənəd əlavə olunub.

Həmçinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi də keçirildi. Hər iki ölkənin lideri markaları xüsusi ştamplarla möhürlədilər. Mətbuata birgə bəyanatlarla çıxış edən dövlət başçıları mövcud siyasi-iqtisadi əlaqələrin bundan sonra daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atılacağını söylədilər.

İki ölkə arasında iqtisadi-ticari əlaqələrə nəzər yetirdikdə görərik ki, Belarus Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır. Birgə səylərlə əməkdaşlığın möhkəm iqtisadi bünövrəsi qoyulub, sənaye sahəsində bir sıra layihələr həyata keçirilməyə başlanılıb.

Elə bunun səbəbidir ki, İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici ölkələrdə yaradılan ticarət evlərimizin ilki Belarusda açılıb. Yəni, Azərbaycanın xaricdə ilk ticarət evi 2017-ci ildə Belarusda fəaliyyətə başlayıb.

Dünənki səfər zamanı cənab İlham Əliyev Azərbaycan Ticarət Evi ilə də tanış olaraq onun fəaliyyətinə uğurlar arzuladı. Təbii ki, ticarət evinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır, Azərbaycan məhsullarının heç bir vasitəçi olmadan Belarusa birbaşa ixracı üçün gözəl imkan yaradır.

Ümumiyyətlə, 2018-ci ilin son 10 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artıb və 331,5 milyon dollara bərabər olub. Respublikamızda 70-ə yaxın Belarus, bu ölkədə isə 59 Azərbaycan kapitallı şirkətlər fəaliyyətdədirlər.

Bununla yanaşı, hər iki dövlət müxtəlif sahələrdə qarşılıqlı fəaliyyət göstərir, mühüm beynəlxalq problemlərdə həmrəy olur, beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqedir. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və bunu Prezident Aleksandr Lukaşenko daim bəyan edir.

Elə dünənki səfərdə prezidentlər arasında keçirilən təkbətək görüşdə də İlham Əliyev bunu bir daha xatırladaraq dedi ki, bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərlə bağlı müəyyən hadisələri yada salanda cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır.

Aleksandr Lukaşenkonun söylədiyi "Belaruslar Azərbaycanı bizə çox dost olan, yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər... Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq” fikirləri isə iki ölkənin bütün sahələrdə əlaqələrinin daha da dərinləşdiyini, genişləndiyini bir daha təsdiq etdi.

Əminliklə deyə bilərik ki, imzalanan yeni sənədlər Azərbaycan və Belarus əlaqələrinin getdikcə daha da dinamik inkişafına təkan verəcək. Bu səfər həm də gələcək əməkdaşlıq, daha da yaxınlaşmaq yollarını müəyyən etmək üçün yeni bir imkan oldu, desək yanılmarıq. Çünki İlham Əliyevin söylədiyi kimi, təməlində ənənəvi etimad duran münasibətlər onunla fərqlənir ki, hər iki ökə razılığa gəldiyi bütün məsələləri yerinə yetirir. Dünənki səfər zamanı da liderlərin apardığı müzakirələr, qəbul edilən mühüm qərarlar bir daha onu deməyə əsas verir ki, Belarus- Azərbaycan münasibətləri strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video