14 Oktyabr 2018 01:20
3018
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin milli intibah strategiyası: möhkəm təməl, davamlı inkişaf, uğurlu gələcək


Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin varisi - müasir Azərbaycan Respublikası XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdi. Dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycanın memarı Heydər Əliyev ötən əsrin 90-cı illərində xalqın təkidli tələbilə yenidən hakimiyyətə qayıdandan sonra suverenliyimiz möhkəmləndi, ümumbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideya əsasları və strateji inkişaf istiqamətləri müəyyənləşdirildi, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı. Müstəqil Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırdı.
Ulu öndərin uzaqgörən dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyasının 2003-cü ildən yeni dövrün lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi, suverenliyimiz əbədi və dönməz xarakter aldı.
Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 15 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub. Dahi siyasət korifeyinin böyük uzaqgörənliklə dediyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamı zamanın sınağından keçərək, reallığa çevrilıb və müasir Azərbaycan tarixinin hər anında tarixi təsdiqini tapır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Səsi dünyanın ən mötəbər tribunalarından gələn müstəqil Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, nüfuzlu təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir.
Bu gün ölkəmiz qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin, humanitar forumların, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, mötəbər idman yarışlarının və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib.
Dövlət başçısının uzaqgörən siyasəti, prinsipiallığı, müdrik qərarları və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində siyasi dayaqlarını və iqtisadi müstəqilliyini daha da möhkəmləndirən Azərbaycan ordu quruculuğu sahəsində görülmüş irimiqyaslı tədbirlər, müasir hərbi-texniki bazanın yaradılması nəticəsində dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycanın müdafiə sənayesi ordumuzu müasir silahlarla təchiz edir, ölkəmizdə mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur, bu məhsullar beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir. Bu gün Azərbaycan Ordusu ən çətin hərbi tapşırıqları yerinə yetirməyə, işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadirdir. 2016-cı ilin aprelində uğurlu əks-hücum əməliyyatları nəticəsində ölkəmiz üçün hərbi-strateji baxımdan önəmli olan bir sıra yüksəkliklərin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, bu ilin mayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisinın işğaldan azad olunması Azərbaycan Ordusunun hərbi qüdrətinin əyani göstəricisidir. Bu ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə və sentyabrın 15-də Bakının azad edilməsinin 100-cü ildönümünə həsr olunmuş paradlar ordumuzun mükəmməlliyini, qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, ölkəmizi davamlı tərəqqiyə aparan müstəqil siyasət nəticəsində iqtisadi sahədə də beynəlxalq ictimaiyyət və nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilən uğurlar qazanılıb. Dövlət başçısının innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb. Təsadüfi deyildir ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb, dünyada maraqla qarşılanan iqtisadi inkişafın Azərbaycan modeli formalaşıb. Yaradılmış makroiqtisadi sabitlik, Azərbaycanın qlobal çağırışlara hazır olması, iqtisadiyyatın davamlı inkişafı və diversifikasiyası, güclü iqtisadi potensial, sistemli islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sayəsində ölkə iqtisadiyyatı 2008-ci ildə başlayan qlobal iqtisadi böhranı, sonrakı dövrlərdə dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ iqtisadi prosesləri kifayət qədər hazırlıqla qarşılayıb, bütün neqativ təsirləri minimuma endirməyə, qlobal maliyyə-iqtisadi böhran şəraitində belə, bir sıra ölkələrdən fərqli olaraq, sosial-iqtisadi inkişafa nail ola bilib.
Statistik göstəricilər Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlığını bir daha təsdiq edir. Belə ki, 2004-2017-ci illərdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 4,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, yükdaşımalar 2,1 dəfə, informasiya və rabitə xidmətləri 11,2 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,8 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb.
Cənab İlham Əliyev ilk dəfə Prezident seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağına söz vermişdi. O zaman bu, bəzilərinə xəyal kimi görünürdü. Dövlət başçısı bu məqsədə vaxtından əvvəl nail oldu. Belə ki, son 15 ildə Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapıb. Təsadüfi deyildir ki, dünyanda nüfuzlu Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 137 ölkə arasında daha 2 pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, ölkəmiz qlobal rəqabətlilik hesabatları üzrə 2005-ci ildən 2017-ci ilədək olan dövrdə 69-cu yerdən 34 pillə irəliləməklə bərabər, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlayır.
Makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə, qazanılan naliyyətlərin ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, başlıca məqsədi uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi resursları nəzərə alınmaqla mütərəqqi dünya təcrübəsi əsasında davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə yüksək sosial rifaha çatmaq olan "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ, bilik iqtisadiyyatının formalaşması, ixracın diversifikasiyası, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin daha da artırılması, investisiyaların cəlb edilməsi və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaradır. Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilib. Sənəddə nəzərdə tutulmuş tədbirlərin icrası kənd təsərrüfatından başlayaraq sənayeyə qədər bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə etməklə Azərbaycan iqtisadiyyatının şaxələnməsinə, bütünlükdə inkişafına töhfəsini verir.


Müasir infrastruktur təminatı


Ötən 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar barədə danışarkən bir sıra sahələr üzərində xüsusilə dayanmaq istərdik. Belə sahələrdən biri infrastruktur sahəsidir. Ötən müddət ərzində Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə regional və qlobal miqyaslı nəhəng infrastruktur və enerji layihələri reallaşdırılıb. Yaradılmış müasir və beynəlxalq standartlara cavab verən infrastruktur vasitəsilə hazırda Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Bu il rəsmi açılışı həyata keçirilmiş "Cənub qaz dəhlizi” və TANAP layihəsi, eləcə də tikintisi uğurla davam edən TAP layihəsi Azərbaycanın dünyada mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirəcəkdir. Azərbaycanın tranzit imkanlarının reallaşması üçün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, gəmiqayırma zavodu istifadəyə verilib, TRASECA, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb.
Son 15 ildə Azərbaycanda 6-sı beynəlxalq olmaqla, 7 hava limanı inşa olunub, 14 min kilometrdən çox müasir yollar çəkilib, 453 körpü, tunel tikilib və ya təmir olunub, Xəzər dənizində 270 gəmidən ibarət iri ticarət donanması yaradılıb, 1750-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 94%-ə çatdırılıb. Əhalinin dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə 27 şəhər və rayon mərkəzində su və kanalizasiya şəbəkəsi yaradılıb, 230 su anbarı tikilib, 300-dən çox artezian və subartezian quyusu qazılıb, modul tipli 466 sutəmizləyici qurğu quraşdırılıb. Bu sahədə Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatanda sutəmizləyici qurğunun tikintisi mühüm əhəmiyyət kəsb edir. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artıb. Bu dövrdə dəmir yolu nəqliyyatı sistemi inkişaf etdirilib, infrastrukturu və vaqon parkı yenilənib, Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliyi yüksəlib, tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.
Əhalinin istilik təchizatı təminatının yaxşılaşdırılması məqsədilə məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının istilik sistemləri yenidən qurulub, sosial obyektlər üçün yeni qazanxanalar tikilib. Ötən 15 ildə 5 yeni metro stansiyası istifadəyə verilməklə, metro stansiyalarının sayı 25-ə çatdırılıb. Bu dövrdə ümumi gücü 2878 MVt olan 31 elektrik stansiyası istismara verilib, 40 min kilometrdən çox elektrik verilişi xətti, 1650-dən çox yarımstansiya inşa edilib və ya yenidən qurulub. 2018-ci ilin sonuna qədər istifadəyə veriləcək "Şimal-2” elektrik stansiyası sistemə əlavə 400 MVt enerji ötürəcək. Son 15 ildə inşa olunan və ya bərpa edilən yüzlərlə məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi və idman qurğuları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial dövlət quruculuğu yolunda inamla irəlilədiyinin, qazandığı böyük uğurların göstəricisidir.


Sənayeləşmə. Yeni mexanizmlərin tətbiqi səmərə verir


Prezident İlham Əliyevin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Ötən müddət ərzində Azərbaycan üçün ənənəvi olan sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri də yaradılıb. Belə ki, 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan bu yaxınlarda sayca 3-cü peykini - "Azərspace-2”ni orbitə buraxıb. Alternativ və bərpa olunan enerji sahəsinə diqqətin artırılması və bu sahədə bir sıra müəssisələrin işə düşməsi ilə artıq Bakının işıqlandırılmasında günəş panellərindən və külək generatorlarından istifadə olunur. Müasir texnologiyalara əsaslanan gəmiqayırma zavodunun fəaliyyətə başlaması ilə yeni sənaye sahəsi yaradılıb. Ölkədə təkrar istehsalın təşkili məqsədilə Balaxanı Sənaye Parkı fəaliyyətə başlayıb. İstehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olan və Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir.
Ölkədə qeyri-ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan xalqının milli mədəniyyətinin tarixində özünəməxsus yer tutan xalçaçılıq, ipəkçilik və digər ənənəvi sənaye sahələrinin inkişafına böyük diqqət göstərilir. Hazırda xalçaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramları uğurla icra olunur. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 11 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi davam etdirilir. 2019-cu ildə daha 9 xalça emalatxanasının, 3 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin tikintisi həyata keçiriləcək ki, bununla da emalatxanaların sayı 30-a, məntəqələrin sayı 8-ə çatdırılacaq.
Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, eləcə də regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənaye sahəsində çalışmaq istəyənlərin maraqlarının təmin edilməsi məqsədilə sənaye parkları və məhəllələri yaradılır. Artıq Azərbaycanda kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları fəaliyyət göstərir. Bu sənaye parklarının 40-dan çox rezidenti var və onlar tərəfindən indiyədək 2,7 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Növbəti mərhələdə 1 milyard dollaradək investisiya qoyuluşu və 7000-dək yeni iş yerinin açılması nəzərdə tutulub. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtkü yağları, xortum və fitinq birləşmələri, kabellər, polimer məmulatlar, texniki qazlar, alüminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir. Hazırda sənaye parklarında tikintisi davam edən 6 sənaye müəssisəsinin 2018-ci ilin sonunadək, digərlərinin isə növbəti illərdə istismara verilməsi nəzərdə tutulur. Parkın rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir. Bu yaxınlarda Sumqayıt Kimya Sənaye Parkının daha bir rezidenti - "SOCAR Polymer” MMC ixraca başlayıb. Müəssisə 2018-ci ilin sonunadək 15 min ton polipropilenin xarici ölkələrə ixracını planlaşdırır.
Sənaye parklarının rezidentləri üçün dövlət tərəfindən əlverişli infrastruktur yaradılıb və bir sıra güzəştlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azaddır. Sənaye parklarında rezidentlərin qeydiyyatı "bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarların daha operativ və rahat fəaliyyətinin təşkilini təmin edir. Bundan başqa, sənaye parklarında sahibkarlara hər cür təşkilati dəstək, o cümlədən onların sorğularının cavablandırılması, müxtəlif sektorlar üzrə investisiya imkanlarının araşdırılması, investisiya layihələri haqqında məlumatların təqdim edilməsi kimi xidmətlər göstərilir.
Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Bu məqsədlə dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələri yaradılıb. Artıq Neftçala və Masallı sənaye məhəllələri sahibkarların istifadəsinə verilib.
Azərbaycanda ilk sənaye məhəlləsi olan və 2017-ci ildən fəaliyyət göstərən Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən Sənaye Məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcəkdir.
Bu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsi istifadəyə verilib. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5,23 mln. manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Hazırda Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri tamamlanmaq üzrədir və bu ilin sonunadək başa çatdırılacaqdır. Sənaye Məhəlləsində ümumi dəyəri 44 milyon manat olan 7 layihənin icrası nəticəsində 870-dən çox yeni iş yeri yaradılması nəzərdə tutulur. Bu layihələr ağır maşınqayırma, xüsusi vaqonqayırma və kompozit materialları, plastik su qabları və tara, avtomobil, tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı sahələrini əhatə edir.
Sabirabad Sənaye Məhəlləsində isə tikinti işlərinə başlanılıb. Məhəllənin 2019-cu ildə sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsində yun tədarükü, tikinti materiallarının, orqanik gübrələrin, müxtəlif avadanlıqların əyləc sistemlərinin istehsalı, kənd təsərrüfatı məhsullarının və işlənmiş təkərlərin emalı sahələrində layihələr həyata keçiriləcəkdir.


Modernləşdirmə - aqrar sahənin inkişafının əsas istiqaməti


Prezident İlham Əliyevin "Kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır” strateji xəttinə uyğun olaraq ötən 15 ildə aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, kənd təsərrüfatının inkişafında mühüm rol oynayan infrastruktur layihələrinin - Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarlarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün "Aqrolizinq” ASC-nin yaradılması, 2015-ci ilin "Kənd təsərrüfatı ili” elan edilməsi və s. bu sahənin inkişafında əhəmiyyətli tədbirlərdəndir. Son illər ərzində 4 min kilometrdən çox suvarma kanalları, 2660 kilometrdən çox kollektor-drenaj şəbəkəsi bərpa edilib və ya yenidən qurulub, 390 min hektar torpağın su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 145 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Bu dövrdə ölkəyə 43 mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib.
Kənd təsərrüfatının innovativ meyarlara uyğun qurulması nəticəsində bu sahədə müasir emal müəssisələri, quşçuluq və heyvandarlıq kompleksləri, aqroparklar yaradılıb. Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları üçün əksər rayonlarda iritutumlu soyuducu anbarlar, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanalar tikilib. Ölkəmizdə 45 aqroparkın və 28 iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulur və bu məqsədlə sahibkarlara güzəştli kreditlər və investisiya təşviqi sənədi verilir. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatıb. Hazırda fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında müasir suvarma sistemlərinin tətbiqi sayəsində əldə edilən orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur. 2018-ci ilin sonunadək fəaliyyət göstərən aqroparkların sayı 13-ə çatdırılacaq.
Dövlət başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində imzalanmış sərəncamlar, keçirilmiş müşavirələr, həmçinin istehsalçılara subsidiyaların verilməsi, sahəvi dövlət proqramları da bu sahədə ixracın artmasına və məşğulluq səviyyəsinin yüksəlməsinə mühüm təkan verib.
Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkəmizin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib, ərzaq məhsullarının istehsalı artıb, ixrac genişlənib, 2017-ci ildə və bu ilin yanvar-avqust aylarında 4,2 faiz artıma nail olunub. Ötən il kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6 faiz, bu ilin 8 ayında isə 15 faiz artıb.


Məqsədli dövlət proqramları: regionlarda yeni mənzərə


Bölgələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Dövlət başçısının dediyi kimi: "Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir”.
İndiyədək regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunub və onlardan ikisi artıq uğurla icra edilib. Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ümumilikdə bu illər ərzində regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilib.
Ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 15 ildə ölkəmizdə yaradılmış 2 milyondan çox iş yerinin 75 faizi regionların payına düşür.
Dövlət başçısının tapşırığına əsasən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı IV Dövlət Proqramının layihəsi hazırlanıb. Yeni dövlət proqramında regionların dayanıqlı və tarazlı inkişafının təmin olunması, o cümlədən yerlərdə rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsi və ətraf mühitin etibarlı mühafizəsi istiqamətində əhatəli tədbirlər nəzərdə tutulub. Əvvəlki dövlət proqramlarında genişmiqyaslı infrastruktur və investisiya layihələrinin həyata keçirildiyini nəzərə alaraq, qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsi məqsədilə yeni dövlət proqramında iqtisadiyyatın real sektorunun inkişafının dəstəklənməsi, həmçinin sahibkarlığın inkişafının stimullaşdırılmasının davam etdirilməsi, onların zəruri bilik və bacarıqlarının artırılması, məsləhət və digər xidmətlərlə təmin edilməsi məsələləri prioritet hədəflər kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qəbul edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası paytaxtın hər bir rayon və qəsəbəsinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması sahəsində mühüm rol oynayıb, müxtəlif sahələri əhatə edən konkret tədbirlər uğurla icra olunub.
Ekoloji tədbirlərin davamı olaraq Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilir. Abşeron göllərinin bərpası layihəsi çərçivəsində yarımadanın ən böyük gölü olan Böyükşor gölünün reabilitasiyası işləri aparılıb. Artıq Böyükşor gölünün birinci mərhələsi üzrə işlər başa çatdırııb. Bu mərhələdə gölün 300 hektar ərazisi tullantılardan təmizlənib, 15 hektardan çox sahədə abadlıq işləri görülüb, gölün şərq və cənub sahilində bulvar və park salınıb, Bakı sakinlərinin və şəhərimizin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Digər Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər görülür.


İqtisadiyyatın aparıcı qüvvəsi - sahibkarlıq


Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” kursuna uyğun olaraq, son 15 ildə bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib, inzibati prosedurlar sadələşdirilib, vergi yükü azaldılıb, sahibkarlığa sistemli dövlət dəstəyi tədbirləri həyata keçirilib. Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığın İnkişafı Fondu, "Aqrolizinq” ASC vasitəsilə özəl sektora göstərilən dəstək, AzPROMO və s. mexanizmlər vasitəsilə həyata keçirilən məsləhət xidmətləri sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.
Sahibkarlara güzəştli kreditlərin verilməsi özəl bölmənin maliyyə resursları ilə təmin olunması istiqamətində əsas mexanizmlərdəndir. İndiyədək investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 36 minədək sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 117,3 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən
5 faizə endirilib, nəzarət mexanizmi təkmilləşdirilib. Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışına, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradacaq. Yeni qaydalar əsasında artıq sahibkarlara 5 milyon manatdan çox güzəştli kredit verilib.
Özəl bölmənin inkişafında əhəmiyyətli mexanizmlərdən olan "Aqrolizinq” ASC vasitəsilə 2004-cü ildən kənd təsərrüfatı texnikası lizinqə verilir, pestisidlər, texnoloji avadanlıqlar, tinglər, toxumlar, damazlıq cins heyvanlar güzəştli şərtlərlə istehsalçılara çatdırılır, aqrotexniki xidmətlər göstərilir.
Sahibkarlıq fəaliyyətinə başlayanların dəstəklənməsi üçün Xaçmazda və Yevlaxda yerləşən regional inkişaf mərkəzlərində biznes-inkubatorlar yaradılıb. Lazımi şərait və avadanlıqlarla, eləcə də tədris materialları ilə təmin olunmuş biznes-inkubatorlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznesin sirləri öyrədilir. Hazırda mövcud biznes-inkubatorların inkişaf etdirilməsi və yenilərinin yaradılması imkanları araşdırılır.
Bundan başqa, Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar. İndiyədək 350-dən çox azərbaycanlı sahibkar və menecer bu proqramdan yararlanaraq Almaniyada ixtisasartırma kursu keçib. Dövlət başçısının yeni qlobal çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, yoxlamaların dayandırıldığı 1 noyabr 2015-ci il tarixindən sonrakı 35 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 488 yoxlama keçirilib, yoxlamaların dayandırılmasından əvvəlki 35 ay ərzində isə keçirilmiş yoxlamaların sayı 171 mindən çox olub.
Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apelyasiya şuraları yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılıb, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən olunub, gömrük prosedurları sadələşdirilib, tələb olunan sənədlərin sayı azaldılıb və konkretləşdirilib, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilib.
Lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilib, lisenziyanın verilməsinə görə dövlət rüsumları təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyanın verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilib. 2 noyabr 2015-ci il tarixindən dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb və indiyədək "ASAN xidmət” mərkəzləri vasitəsilə 6300-dən çox lisenziya verilib. Bununla yanaşı, "Lisenziyalar və icazələr” portalı yaradılıb və 1 mart 2018-ci il tarixindən 24 fəaliyyət növü üzrə lisenziyaların verilməsinə başlanılıb, portal vasitəsilə indiyədək 380-dən çox elektron lisenziya verilib.
2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilir. İndiyədək 277 sahibkarlıq subyektinə 313 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi mexanizminin tətbiqindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb.
Yeri gəlmişkən, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında” qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 faizindən, torpaq və əmlak vergisindən, layihə çərçivəsində texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumlarından və ƏDV-dən tam azadolma aiddir. Eyni zamanda investisiya təşviqi sənədi əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 245 sahibkarlıq subyektinə 1937 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektlərinin əldə etdiyi güzəştlərin ümumi dəyəri 97 milyon ABŞ dollarından çoxdur.
Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Artıq agentliyin əsas mexanizmlərindən olan "Kiçik və Orta Biznesin Dostu” mərkəzi Masallı Sənaye Məhəlləsində fəaliyyətə başlayıb. Ölkənin digər şəhər və rayonlarında da 60 "KOB Dostu” şəbəkəsinin yaradılması işləri aparılır. "KOB Dostu”nun fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcəkdir. Bu məqsədlə potensial investisiya layihələri müəyyən ediləcək və onların həyata keçirilməsi təşviq olunacaq. "KOB Dostu”nın fəaliyyətinin digər önəmli istiqaməti kiçik və orta sahibkarlara dayanıqlı inkişaf tələblərinə uyğun çoxsahəli dəstəyin göstərilməsidir. Belə ki, bu istiqamətdə fəaliyyət həm mövcud dövlət dəstək mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsinə və onlara maneəsiz və rahat çıxışının təmin edilməsinə, həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqinə yönələcəkdir. "KOB Dostu” kiçik və orta sahibkarların hüquqlarının müdafiəsi istiqamətində də fəaliyyət göstərəcək. KOB-ların hüquqlarının pozulması hallarının aradan qaldırılması və qarşıya çıxan məsələlər dövlət-sahibkar əməkdaşlıq platformasında öz həllini tapacaqdır. "KOB Dostu” sahibkarlarla sıx əlaqələr quracaq və onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənəcək. Bu, həmin tələblərə operativ reaksiyanı təmin etməyə imkan verəcəkdir. "KOB Dostu” şəbəkəsi ilə yanaşı, Bakı şəhərində ilk "KOB evi”nin yaradılması istiqamətində də müvafiq tədbirlər görülür.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi, müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə sahibkarların 16 sahəvi assosiasiyası, İxracatçılar Klubu yaradılıb.
Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, 2017-ci ildə özəl bölmənin payı ÜDM-də 83,8 faiz, məşğulluqda 75,9 faiz təşkil edib, 2018-ci ilin 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 939 mini keçib.
Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti beynəlxalq təşkilatların hesabatlarında da müsbət qiymətləndirilir. Görülən işlərin nəticəsi olaraq Dünya Bankının "Doing Business 2018” hesabatında Azərbaycan 190 ölkə arasında 8 pillə irəliləyərək 65-ci yerdən 57-ci yerə yüksəlib, Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.


Tranzit potensialı reallaşdırılır


Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident
İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib, ölkəmizin nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib.
Son 15 ildə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.
Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illərdə görülən işlər xüsusilə vurğulanmalıdır. "Şərq-Qərb nəqliyyat dəhlizi” Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan "Şərq-Qərb nəqliyyat dəhlizi”nin tranzit müddəti 15 gündür. Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra dəhlizin quru xətlə birbaşa Avropaya çıxışına imkan yaranıb. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə "Şərq-Qərb Beynəlxalq nəqliyyat dəhlizi” üzrə konteyner daşımalarında xeyli artıma nail olunub.
Azərbaycan həmçinin alternativ dəhlizlərdən üstünlüyü ilə seçilən "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi”nin inkişafı ilə bağlı mühüm işlər görüb. Bu nəqliyyat dəhlizinin önəmli halqalarından olan Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. İran ərazisində isə 1,4 km-lik dəmir yolu xəttinin tikintisi başa çatıb. Hazırda Astarada (İran) yükaşırma terminalının inşası davam etdirilir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb. Bununla yanaşı, İran ərazisində Rəşt-Astara dəmir yolu layihəsinin reallaşdırılması istiqamətində tədbirlər görülür. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastrukturu tam təmin ediləcək. "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradır. Təsadüfi deyildir ki, 2018-ci ildə "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” ilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşınıb.
Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Kəmər və Yol” təşəbbüsü ölkəmiz üçün əhəmiyyətlidir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın məqsədi "Transxəzər tranzit dəhlizi”ni "Kəmər və Yol” layihəsinə inteqrasiya etmək və bütün iştirakçı ölkələrin qarşılıqlı iqtisadi mənafeyinə uyğun səmərə əldə etməkdir. Ümumiyyətlə, Azərbaycan İpək yolunun ölkəmizə aid olan hissəsinin yenidən qurulmasında həmişə fəallıq göstərib, Şərq-Qərb istiqamətində reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Cənub qaz dəhlizi” layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponentini təmin edib.
Xəzər dənizi hövzəsində ən böyük limanlardan biri olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin tikintisi üzrə işlər başa çatıb. Bu layihənin ikinci mərhələsinin həyata keçirilməsi nəticəsində limanın yükaşırma imkanlarının 25 milyon ton yükə, o cümlədən 400 min konteynerədək, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacağı gözlənilir. Limanın ərazisi də daxil olmaqla Ələtdə azad iqtisadi zonanın yaradılması da nəzərdə tutulur və hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Bu layihə ölkədə bilavasitə əlavə dəyər yaradan istehsal və xidmət sahələrinin diversifikasiyasına və potensialının artırılmasına əlavə imkanlar yaradacaq.
Reallaşdırılan tədbirlər nəticəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa və Asiyanı birləşdirən beynəlxalq logistik şəbəkənin əsas halqalarından birinə çevrilməklə Azərbaycanın mühüm nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da artırıb.
Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Tranzit yükdaşımalar sahəsində vahid prinsip və şərtlərin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılarla dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi ilə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində təkcə 2018-ci ilin yanvar-avqust aylarında ölkə ərazisindən 6,1 milyon ton tranzit yük daşınıb.


Xarici əlaqələr genişlənir, ixrac imkanları artır


Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici əlaqələri daha da genişlənib, müstəqil siyasət həyata keçirən ölkəmizin dünyada nüfuzu artıb. BMT, NATO və digər mötəbər beynəlxalq təşkilatların kürsülərində inamlı və cəsarətli çıxışlar edərək Azərbaycanın milli mənafelərini bütün səviyyələrdə qətiyyətlə qoruyan dövlət başçısı dünya ictimaiyyətinin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli və prinsipial mövqeyinə yönəldib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "...Ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək”.
Ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da genişlənib, ölkəmiz Asiya İnfrastruktur İnvestisiya Bankı, ECOBank kimi yeni beynəlxalq maliyyə qurumlarına tam hüquqlu üzv qəbul edilib.
Azərbaycanın xarici əlaqələrinin inkişafında dövlət başçısının çoxsaylı səfərləri, aparılan danışıqlar, imzalanmış sənədlər, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər mühüm töhfəsini verir. Təkcə bu ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti 12 dəfə xarici ölkələrə səfər edib, 15 dövlət və hökumət başcısı Azərbaycanda səfərdə olub. Son 3 ayda Prezident İlham Əliyev qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın strateji tərəfdaşları olan Rusiya Federasiyasının Prezidenti ilə 4 dəfə, Türkiyə Respublikasının Prezidenti ilə 5 dəfə görüşüb, bu görüşlər çərçivəsində müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsini nəzərdə tutan çoxsaylı sənədlər imzalanıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, eləcə də iqtisadi əlaqələrin inkişafına dair müzakirələr aparılıb.
Ötən 15 ildə xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış yeni Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında”, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib.
Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyəti ölkənin xarici ticarətində müsbət meyillərə təkan verib. Ötən müddət ərzində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı artıb, xarici ticarətinin coğrafiyası genişlənib, onun əmtəə strukturu təkmilləşib. Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayının artması həm də ölkəmizin dünyada etibarlı tərəfdaş, öz öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi tanındığını göstərir. Bu gün dünya bazarına "Made in Azerbaijan” brendi ilə çıxarılan Azərbaycan məhsullarına, xüsusilə də meyvə-tərəvəz, şərab, meyvə şirələri, spirtli içkilərə və s. böyük maraq və tələbat var.
Son 15 ildə görülmüş tədbirlər nəticəsində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,5 dəfə artıb. Bu dövrdə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi 2,6 dəfə artıb.
Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirib. Bugünədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 48 saziş imzalanıb.
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulmuş 9 milyard dollar investisiyanın 5,6 milyard dolları məhz qeyri-neft sektorunun payına düşür.
Azərbaycana investisiya yatıran xarici ölkələr siyahısının ilk beşliyində Böyük Britaniya, ABŞ, Türkiyə, Norveç, Yaponiya kimi ölkələr qərarlaşıb. Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkələrin ilk beşliyində isə Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Rusiyanı qeyd etmək olar. İndiyədək Azərbaycanda xarici ölkələrin müxtəlif sahələri əhatə edən 9000-dən çox şirkəti qeydiyyatdan keçib. Xarici şirkətlər Azərbaycanda dövlət əsaslı vəsaiti hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də fəal iştirak edirlər.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirib. Ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Ümumilikdə son 15 ildə Azərbaycandan xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldilib. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı yüksəlib, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərir. Bununla yanaşı, Yaxın Şərq, ABŞ və Asiya ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edən logistik mərkəz istifadəyə verilib.
Qeyri-neft istehsalının artırılması, ixracın genişləndirilməsi və "Made in Azerbaijan” brendinin dünyada tanıdılması Azərbaycanın xarici iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə bir sıra yeni dəstək mexanizmləri də tətbiq olunur. İndiyədək dövlət dəstəyi hesabına xarici ölkələrə 17 ixrac missiyası təşkil edilib, sahibkarlar 14 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, xarici KİV-də məhsullarımızın təbliğinə dair reklam rolikləri yayımlanıb, xarici bazarlara dair araşdırmalar aparılıb.
Xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Mərkəzi Avropada Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Belarus, Ukrayna, Latviya və Çində Azərbaycan ticarət evləri açılıb. Bu yaxınlarda isə Azərbaycanın xarici ölkədə ilk şərab evi Çində fəaliyyətə başlayıb. Bundan başqa, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Polşa və Qazaxıstanda ticarət evlərinin yaradılması işlərinə başlanılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə 2018-ci ilin mayında Həştərxanda Azərbaycan İş Mərkəzi açılıb. İş Mərkəzində Azərbaycan məhsullarının nümayiş olunduğu daimi sərgi fəaliyyət göstərir. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evlərinın açılması nəzərdə tutulub. Bununla bərabər, Azərbaycanın Çin, Körfəz, MDB və bir sıra Avropa İttifaqı ölkələrində də ticarət və şərab evlərinin açılması planlaşdırılır.


Turizm qeyri-neft sektorunun gəlirli sahəsinə çevrilir


Qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmin inkişafı, ölkənin turizm potensialından səmərəli istifadə olunması, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən turizm sənayesinin formalaşdırılması, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi məqsədilə son 15 ildə köklü islahatlar və məqsədyönlü tədbirlər həyata keçirilib. Turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, turizm potensialı olan ərazilərdə turizm və rekreasiya zonalarının yaradılması, güzəştli kreditlərdən, investisiya təşviqi sənədindən yararlanma imkanları bu sahənin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır.
Yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində hazırda ölkəmizdə müasir tələblərə uyğun qurulmuş Tufandağ və Şahdağ Qış-Yay turizm kompleksləri, Şamaxı Safari Ekoparkı, 563 mehmanxana, o cümlədən məşhur dünya brendlərinin beşulduzlu hotelləri və onlarca digər turizm obyektləri fəaliyyət göstərir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarından istifadə etməklə "ASAN Viza” sisteminin tətbiqi nəticəsində Azərbaycana turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə 30 günlük birdəfəlik elektron vizanın 3 iş günü müddətində, eləcə də elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə 3 saat ərzində təcili vizanın verilməsi həyata keçirilir.
2016-cı ildən etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan istehlak mallarına "Tax-free” sisteminin tətbiqi, eləcə də 2017-ci ildən başlayaraq mütəmadi olaraq keçirilən ticarət festivalları ("Shoppinq festival”) ölkəyə səfər edən xarici turistlər tərəfindən məmnunluqla qarşılanır.
Son illərdə Azərbaycanda mütəmadi olaraq müxtəlif beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirilməsi, eləcə də davamlı olaraq yeni əlverişli beynəlxalq reyslərin açılması turizmin inkişafını daha da sürətləndirir.
Görülmüş tədbirlər nəticəsində Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Dünya İqtisadi Forumunun "Səyahət və Turizm Rəqabətqabiliyyətliliyi 2017” hesabatında Azərbaycan əvvəlki illərə nisbətən öz mövqeyini yaxşılaşdıraraq 136 ölkə arasında Səyahət və Turizm Rəqabətqabiliyyətliliyi İndeksinə görə 71-ci, MDB ölkələri arasında isə 2-ci yeri tutub.


Sosial-iqtisadi siyasətin prioriteti - insan amili


Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanır və həyata keçirilən bütün tədbirlər məhz bu məqsədə xidmət edir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq Azərbaycan Respublikası Prezidentinin həyat fəlsəfəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”.
Ötən 15 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 528,2 manatadək yüksəlib, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb.
Son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
İnsan kapitalının inkişafı məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alıblar.
Dövlət başçısı tərəfindən idmanın inkişafına göstərilən böyük diqqət və qayğı nəticəsində təkcə regionlarda 40-dan çox olimpiya idman kompleksi inşa olunub, ölkəmiz I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, "Formula1” kimi mötəbər idman yarışlarına uğurla evsahibliyi edib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idman uğurlarımız yüksək qiymətləndirilir, idmançılarımız beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanırlar.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 6000-dən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına bütün sosial-texniki infrastruktura malik 97 müasir qəsəbə salınıb, 52,3 min qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış”ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra qayıdan sakinlər üçün fərdi yaşayış evləri, məktəb, məscid binası istifadəyə verilib, infrastruktur işləri və kommunal tədbirlər həyata keçirilib. Bununla da Cocuq Mərcanlı Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində öz yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıtdığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Cocuq Mərcanlının inkişafı, burada yaşayan əhalinin məşğulluğunun təmin olunması üçün bir sıra layihələr həyata keçirilir. Azərbaycan hökumətinin Türkiyə ilə birgə həyata keçirdiyi belə layihələrdən biri çərçivəsində Cocuq Mərcanlıda istixanalar və arıçılıq təsərrüfatları yaradılıb. Artıq bu təsərrüfatlarda istehsal edilən kənd təsərrüfatı məhsulları "Cocuq Mərcanlı”, bal isə "Qarabağlı” brendləri ilə satışdadır.
"Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz” deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət qurumları arasında bürokratik maneələrin aradan qaldırılması məqsədilə innovativ addım atdı - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı.
Bu gün Azərbaycan brendi kimi dünyada tanınan "ASAN xidmət” bir sıra ölkələr tərəfindən maraqla öyrənilir və tətbiq edilir.
Ölkəmizin ictimai-siyasi həyatında, çoxsaylı sosial-iqtisadi layihələrin reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan layihələr Azərbaycanda sosial sahənin inkişafına mühüm töhfələr verir, minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar yaradır. Xarici ölkələrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycanın dünyada nüfuzunun artmasında xüsusi əhəmiyyət kəsb edir.
Dövlət başçısının rəhbərliyi ilə ötən müddət ərzində uğurlu sosial siyasət həyata keçirən Azərbaycan 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib, 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə "Cənub-Cənub” mükafatına layiq görülüb. Təsadüfi deyildir ki, FAO-nun baş direktoru Jose Qratsiano Da Silva Azərbaycanın Minilliyin İnkişaf Məqsədləri çərçivəsində yoxsulluğun yarıyadək azaldılmasını qarşıya məqsəd kimi qoyan 128 ölkə arasında bu öhdəliyi yerinə yetirən 18 ölkədən biri olmaqla yanaşı, dünyada yoxsulluğun 5 faizədək aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer almasının böyük uğur olduğunu vurğulayıb.
Minilliyin İnkişaf Məqsədlərinin uğurlu icrasına nail olan ölkə kimi Azərbaycan dünyanın 193 ölkəsi ilə birgə BMT-nin yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub. Məhz bu məqsədlə Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması üçün Prezident İlham Əliyevin 2016-cı il tarixli fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən müddət ərzində Azərbaycan BMT-nin 2016-2030-cu illər üzrə Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi böyük önəmin nəticəsidir ki, bu ilin oktyabrında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına məsul olan beynəlxalq təşkilatların və ölkələrin yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcəkdir.
Dövlət başçısının tapşırığı ilə böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarında tənzimlənmə aparılıb, dövlət qeydiyyatına alınmış 11 mindən artıq dərman vasitəsinin qiymətləri təsdiq edilib, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı Mingəçevir, Yevlax və Ağdaşda pilot layihələr icra olunub.
Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil-kommunal sahəsində köklü islahatlar aparılıb. 2009-cu il 1 oktyabrdan qüvvəyə minmiş Mənzil Məcəlləsi müvafiq sahədə əsas hüquqi baza rolunu oynamaqla sahənin inkişafında mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində ölkə əhalisinin mənzilə artan tələbatının qarşılanması məqsədilə ipoteka kreditləşməsi sistemi yaradılıb, sistem daha da təkmilləşdirilərək ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılıb, şəffaflığın artırılması və xidmətdən daha çox vətəndaşın istifadə etməsi məqsədilə "Elektron ipoteka” sistemi Elektron Hökumət Portalına inteqrasiya olunub. Şəhərsalma və tikinti sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsi və vətəndaşların yaşayış sahələrinə olan ehtiyacının güzəştli şərtlərlə ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb və bu ilin sentyabrında agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillər vətəndaşların istifadəsinə verilib.
Mənzil fondunun yeni idarəetmə üsulları əsasında idarə olunması məqsədilə artıq 100-dən çox mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradılıb. Kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması sahəsində də bir sıra məqsədyönlü və innovativ addımlar atılıb, "ASAN kommunal” mərkəzləri yaradılıb və bu sahədə vətəndaş məmnunluğu təmin olunub.
Bu gün dünyada sabitlik adası, inkişaf məkanı kimi tanınan, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycanın səsi dünyanın ən mötəbər tribunalarından gəlir, üçrəngli bayrağımız qürurla dalğalanaraq vətənimizin qüdrətini bütün dünyaya nümayiş etdirir. Beynəlxalq əhəmiyyətli layihələrin fəal iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi olan Azərbaycan dünyada və regionda gedən proseslərə təsir imkanına malik, müstəqil siyasət yürüdən demokratik ölkədir. Azərbaycan siyasi sabitliyin, əmin-amanlığın və yüksəlişin məkanı kimi tanınır.
Beləliklə, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənir, dövlətimiz qüdrətlənir, ölkəmiz davamlı və dayanıqlı inkişaf edir, Azərbaycanın dünyada nüfuzu artır. Bir sözlə, dövlət başçısının ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha işıqlı sabahlara, daha firavan gələcəyə aparır.
Dövlət başçısının müəyyənləşdirdiyi kimi, "...Görülən bütün bu işlərin məqsədi budur - Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın”.

Şahin MUSTAFAYEV,
Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video