19:07 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qürur doğuran yüksəliş yolu
ANA SƏHİFƏ / SİYASƏT
00:45 14.10.2018

Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 15 ili tamam olur. Təbii ki, bu barədə söz açarkən xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi xatırlamamaq olmur. Çünki Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə ulu öndər Heydər Əliyevə minnətdardır.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onda idi ki, o, dövlət quruculuğu prosesinin ardıcıllığını təmin edəcək əsasları da formalaşdırdı. Ulu öndər cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 15 ildə yüksəliş dövrünü yaşayıb, daha da güclənib, qüdrətlənib, nüfuzunu artırıb. Heydər Əliyev siyasətini uğurla, yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirir, milli mənafelərimizi cəsarətlə və uğurla müdafiə edir, qloballaşmanın doğurduğu əngəlləri və maneələri qətiyyətlə dəf edir. Beləliklə, Azərbaycan xalqı Heydər Əliyev yolu ilə öz parlaq gələcəyinə doğru inamla, sürətlə irəliləyir.
Xalqımız inkişafın, sabitliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarıdır. Bütün bunlara nail olmaq isə son 15 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetləri olub. Reallıq da ondan ibarətdir ki, 2003-cü ilin oktyabrından ötən dövr Prezident
İlham Əliyevin xalqımıza verdiyi uğur hesabatıdır. Bu hesabatın hər bir səhifəsi məhz xalqımızın görmək istədiyi nailiyyətlərlə əlamətdardır. Bu dövrün ən böyük uğurlarından biri ölkənin iqtisadi yüksəlişi, respublikanın bütün bölgələrinin tarazlı inkişafının təmin edilməsidir. Bu barədə danışarkən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına toxunmamaq qeyri-mümkündür. 2004-cü ildən həyata keçirilən dövlət proqramlarının yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafı təmin edilib, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. İslahatların, dövlət proqramlarının real nəticəsi olaraq Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri inkişaf edib və bütün bunlar paralel şəkildə vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Bu dövrdə milli iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl, yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin yaradılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır.
Həyata keçirilən uğurlu siyasət nəticəsində modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb, bölgələrdə həyat səviyyəsi xeyli yüksəlib. Bütün şəhər və rayonlarda aparılan abadlıq və quruculuq işləri ölkənin simasını köklü surətdə dəyişib. Təbii ki, dinamik inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. Əgər elektrik enerjisinin verilişi lazımi səviyyədə təmin edilməsə, yollar pis vəziyyətdə olsa, dəniz və hava limanları müasir standartlara cavab verməsə, kommunal və bank xidmətlərinin səviyyəsi yüksəlməsə, hotellər, xəstəxana və idman qurğuları olmasa hansı inkişafdan danışmaq olar?! Ötən 15 ilin yekunlarına nəzər salarkən infrastrukturun modernləşməsi istiqamətində hansı möhtəşəm layihələrin həyata keçirildiyini görmək olar?!
İlk növbədə, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində inqilabi dəyişikliklər baş verib. Qısa müddətdə 12 min 300 kilometr avtomobil yolunun çəkilməsi, altısı beynəlxalq status daşımaqla 7 aeroportun, 443 körpünün inşa olunması bir çox dövlətlərin qibtə edəcəyi uğurlardır. Nəhayət, yeni gəmiqayırma zavodunun yaradılması müasir Azərbaycanın mühüm iqtisadi göstəricilərindən biridir. Oğuz-Qəbələ-Bakı kimi nəhəng və tarixi su kəmərinin çəkilməsi Bakı şəhərinin içməli suya olan tələbatının daha keyfiyyətli ödənilməsinə yol açdı. Bütövlükdə, ölkədə içməli su ilə təminatın 26 faizdən 67 faizə, qazlaşdırmanın səviyyəsinin 51 faizdən 95 faizə çatması son 15 ilin mühüm uğurları sırasında yer alan inkişaf nümunələridir. Hesab edirəm ki, tarix boyu təbii qazın olmadığı kəndlərə qaz çəkilməsi müasir Azərbaycanın ən mühüm inkişaf reallıqlarından biridir. Bu müddətdə ən çox diqqət yetirilən məsələlərdən biri sosial infrastrukturun yenilənməsidir. Belə ki, ötən 15 ildə ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 Olimpiya İdman Kompleksi tikilib ki, bu da ilk növbədə, təhsilin inkişafına və sağlamlığa verilən önəmin göstəriciləridir.
Bütün bu layihələrin həyata keçirilməsi milyardlarla manat deməkdir. Təbii ki, bu nəticələrin əldə edilməsində neft strategiyasının uğurla reallaşmasının böyük rolu oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Neftlə zəngin bir çox dövlətlərdən fərqli olaraq Azərbaycanda neft gəlirləri düşünülmüş şəkildə ilk növbədə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və infrastrukturun yenilənməsinə yönəldildi. Yuxarıda qeyd edilən mühüm makroiqtisadi nəticələrin əldə edilməsində neft gəlirlərinin böyük rolu oldu.
Bütün bunlar göstərir ki, bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.
Ötən 15 ilin ən mühüm uğurlarından biri Azərbaycanın bir dövlət kimi müstəqilliyini və dünya birliyində öz yerini möhkəmləndirməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, beynəlxalq mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirib. Ulu öndər Heydər Əliyevin bizlərə əmanət qoyduğu Azərbaycanı dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevirib. Regionun lideri olan Azərbaycan beynəlxalq əhəmiyyətli məsələlərdə də söz sahibidir. Ona görə Avropanın bir çox dövlətləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Bunun da əsas səbəblərindən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tamamilə müstəqil siyasət yürüdən ölkə olmasıdır.
Prezident İlham Əliyevin ən böyük nailiyyətlərindən biri də Azərbaycanı kosmik klubun üzvü etməsidir. XXI yüzillik informasiya və kommunikasiya texnologiyaları (İKT) əsridir. Bəşəriyyətin gələcək inkişafı da İKT ilə birbaşa bağlıdır. Bu gün cəmiyyət həyatının bütün sahələrinin inkişafında İKT-nin rolu inkaredilməzdir. Ona görə artıq 3-cü peykimizin orbitə buraxılması Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən xəbər verir. Bu gün kim orbitdə təmsil oluna bilirsə, yerdəki gələcək inkişafını da uğurla təmin edə biləcək.
Odur ki, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini layiqincə yerinə yetirən alternativsiz lider kimi qəbul edir. Çünki cənab İlham Əliyevin dövlətə rəhbərlik fəaliyyəti yalnız və yalnız xalqımıza qazandırdığı böyük uğurlarla əlamətdardır. Öz növbəsində, bütün bunlar xalqımızı İlham Əliyevin ətrafında sıx səfərbər edən əsas amillərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün bu uğurlar Heydər Əliyevin siyasətinin və ideyalarının davam etdirilməsinin və yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsidir. Azərbaycanın 15 ildə keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti, ideyaları yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurların miqyası o qədər böyükdür ki, hamısını sadalayıb qurtarmaq mümkün deyil. Xalqımız bu yüksəlişin davamlı olmasını, yeni və daha böyük nailiyyətlərin əldə edilməsini arzulayır. Hər kəs əminliklə inanır ki, yalnız İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni qələbələrə imza ata bilər. 2008, 2013-cü illərdə və bu ilin aprelində keçirilmiş prezident seçkilərində xalqımız öz seçimini məhz bu amillər üzərində etdi. Xalqın son seçimi həm də növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamdan qaynaqlanır. Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdikləri kimi, qarşıdakı 7 ildə də məhz Azərbaycanın taleyini ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar etdilər.
Ümumilikdə, ötən dövrün təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin ötən 15 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət növbəti 7 ildə də uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

Natiq CAVADOV,
"Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının akademiki


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM