18 Sentyabr 2018 00:30
385
İQTİSADİYYAT
A- A+

Azərbaycanı dünya ilə birləşdirən polad kəmər


2002-ci il sentyabrın 18-də üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin təməli qoyularkən ulu öndər Heydər Əliyev demişdir: "Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür”. İndi həmin gündən 16 ilin keçdiyi bir vaxtda bu sözlərin arxasında necə böyük məna, genişmiqyaslı işlər, qlobal layihələr dayandığını bir daha aydın dərk edirik. BTC həqiqətən özündən sonra neçə-neçə meqalayihəyə yol açdı.
2002-ci il sentyabrın 18-i təkcə Azərbaycanın deyil, bütün regionun həyatında tarixi bir gündür. BTC-nin Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında keçirilən təməlqoyma mərasimində ümummilli liderlə yanaşı, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, layihənin tərəfdaşları olan şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkədən gəlmiş jurnalistlər iştirak edirdilər. Bir sözlə, həmin gün dünyanın nəzərləri Bakıya dikilmişdi.
BTC Heydər Əliyevin dərin zəkası, gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində araya-ərsəyə gəlmişdir. O zaman kəmərin çəkilişinə mane olmaq istəyən qüvvələr yüz bəhanə gətirərək işləri əngəlləməyə çalışırdılar. İstər xaricdəki bədxahlarımız, istərsə də layihənin ölkə daxilindəki əleyhdarları Azərbaycanın xətti doldurmaq üçün yetərincə neftinin olmadığını, marşrutun düzgün seçilmədiyini, seysmik cəhətdən təhlükəli zonalardan keçdiyini, ekologiyaya böyük zərbə vuracağını söyləyərək onun özünü doğrultmayacağını deyirdilər.
Ulu öndər isə böyük qətiyyətlə "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!” deyirdi və zaman bu sözlərin necə böyük uzaqgörənliklə və müdrikliklə deyildiyini sübuta yetirdi.
Ümummilli lider Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan kəmərinin nəql etdiyi neft indiyədək 4000-ə yaxın tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bu il iyul ayının 14-də BTC-nin Ceyhana gətirdiyi 3 milyardıncı barel neft 3929-cu tankerə vuruldu. Ceyhan terminalında BTC nefti ilə ilk tanker isə 12 il əvvəl - 2006-cı ilin yayında yüklənib.
BTC ilə "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft, "Şahdəniz” yatağından əldə olunan kondensat, müəyyən miqdarda Türkmənistan və Qazaxıstan nefti də nəql edilir. Xəzərin karbohidrogenlərini uzun müddətdir ahəngdar və təhlükəsiz nəql etməsi BTC-nin böyük uğurudur. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqəni də məhz BTC yaradıb.
BTC Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisində 1768 kilometr məsafə qət edir. Kəmərin gündəlik ötürücülük gücü 1,2 milyon bareldir. Xətt 46, 42 və 34 düymlük borulardan ibarətdir. Onun üç ölkənin ərazisində 8 nasos və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə enməzdən əvvəl marşrutunun 2830 metr səviyyəsində ən yüksək nöqtəsinə qalxır. Bir neçə dağ silsiləsindən adlayan BTC 3 min yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətləri ilə kəsişir, Türkiyədə eni 500 metrə çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsinin altı ilə uzanır.
Tikinti mərhələsindən başlayaraq BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə tranzit ölkələrin mühüm gəlirlər əldə etməsinə imkan verir. BTC həmçinin neft daşımalarının artımına, ekoloji risklərin azalmasına kömək edir, Azərbaycan, Gürcüstan, Türkiyə və Qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələri gücləndirir.
Müasir dövrdə karbohidrogenlərin daşınması üçün ən etibarlı vasitə torpağın altında basdırılan kəmərlər sayılır və bunlardan biri BTC-dir. BTC gözə görünməyən, səssiz və nefti minimum risklə nəql edən kəmərdir. Bunun nəticəsidir ki, kəmər texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə malikdir. Mütəxəssislərin gəldiyi nəticə budur ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir.
BTC-nin əhəmiyyəti həm də onun özündən sonrakı qlobal layihələrin təməlində dayanmasıdır. Başqa sözlə, BTC-dən başlanan yollar böyük dəhlizlərə qovuşur. Əgər BTC olmasaydı, bu gün nə Bakı-Tbilisi-Ərzurum olardı, nə TAP, nə də TANAP...
Bu il mayın 30-da "Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində Prezident
İlham Əliyev demişdir: "2002-ci ildə artıq biz "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.
Ulu öndər Heydər Əliyev uzaqgörənliklə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycanın böyük inkişafına təkan verəcəyini və yeni meqalayihələrə yol açacağını dəqiqliklə müəyyənləşdirmişdi. Məhz bu düzgün xətt ölkəmizi böyük inkişaf yoluna çıxarmışdır.

Flora SADIQLI,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video