05 Iyun 2018 12:06
832
İQTİSADİYYAT
A- A+

Kür qırağının zümrüd gözəlliyi

 

Kürqırağı Tuqay meşələri... Böyük ərazini əhatə edir. Bir ucu Türkiyənin Çaldır suayrıcından başlayır. Azərbaycana daxil olana qədər Gürcüstan ərazisində 400 kilometr məsafəni dolaşır. Tuqay meşələri Azərbaycan daxilində daha böyük ərazidən keçir - ən azı 900 kilometr məsafəni dolaşır. Ərazicə böyük olsa da, Kür çayı boyunca ensiz zolaq kimi uzanır.

Mütəxəssislərin araşdırmasına görə, Tuqay meşələrində əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edir. Son məlumatlarda Kür qırağının meşə örtüyü 23 min hektara çatır. Təşviş doğuran əsas cəhət budur ki, Tuqay meşələrində ildən-ilə ciddi seyrəklik yaranır. Ayrı-ayrı ərazilərdə seyrəkliyin nisbəti xeyli fərqlidir. İlk həyəcan siqnalı 1978-ci ildə çalınıb. Daha doğrusu, Ağstafa ərazisində Tuqay meşələrinin üzləşdiyi təhlükə Qarayazı Dövlət Qoruğunun yaranmasına səbəb olub. Elə Tuqay meşələrinin ən böyük ərazisi də bu yerlərdə cəmləşib. Mütəxəssislərin hesablamalarına görə, Qarayazıda Tuqay meşələrinin tutduğu sahə 4860 hektardan böyükdür. Amma üzü Arana doğru meşə zolağı o qədər seyrəlib ki, bəzi yerlərdə zəngin təbii sərvətimizin tamamilə məhv olmaq təhlükəsi yaranıb. Bir vaxtlar alimlər nəzərdə tutmuşdu ki, Kürqırağı meşələrdə Qarayazıda olduğu kimi, dövlət qoruğu yaradılsın. Amma nədənsə bu təşəbbüs sona qədər tamamlanmadı. Ona görə də meşə təsərrüfatlarında itkilərin sayı birə beş artdı. Tuqay meşələrində ən böyük təhlükə sovet dövründə - pambıqçılıq təsərrüfatlarının genişlənməsi ilə başladı. Bəzi rayonlarda birinci katiblər səlahiyyət həddini aşaraq Tuqay meşələrinin qırılmasına sərəncam verdilər. Belə hallar Aran rayonlarında daha çox baş verirdi. Hesabatlarda yazılır ki, təkcə Bərdədə pambıq əkini üçün min hektarlarla meşə zolağı zədəli vəziyyətə düşüb, bərpası mümkün olmayıb. O vaxtlar belə halların qarşısını almaq o qədər də asan deyildi. Meşə örtüyünü təhlükələrdən xilas etmək üçün çox yerlərə üz tuturdular. Son ümid yeri kimi bərdəlilər tanınmış alim, akademik Həsən Əliyevə müraciət ediblər. Vəziyyətlə tanış olmaq üçün akademik Bərdəyə yollanır. Məhv olmuş meşə örtüyünü görəndə əsəblərini cilovlaya bilmir. Birinci katibin bu hərəkətinə ciddi irad bildirir. Alim yazır ki, pambığı çox yerdə əkmək olar, amma meşə örtüyünü məhv etmək hesabına yox. Meşə elə sərvətdir ki, onu məhv etməyə cəhd göstərdinsə, sonra dirçəltmək çətindir. Həm də ki, meşənin verdiyi xeyir pambıqçılıqla müqayisədə xeyli çoxdur. Akademik Həsən Əliyev o vaxt vəziyyəti dəqiq öyrəndikdən sonra dərhal Bakıya yollanır, MK-nın birinci katibi ilə görüşməli olur. Və bu görüşdən sonra rayon rəhbərinin naşı qərarı dərhal ləğv olunur.

Əlbəttə, belə çətin məqamda nüfuzlu sözə, kəsərli mövqeyə böyük ehtiyac olur. Bu şərtlə ki, mövqe sahibi də işə ciddi münasibət göstərə. Onda nəticə milli mənafeyə xidmət edir.

Tuqay meşələrinin Zərdab ərazisindəki vəziyyəti də belə bir hadisə ilə üzləşib. Onda da ağsaqqallar, təbiətin mühafizəçiləri görkəmli alimə - akademik Həsən Əliyevə müraciət ediblər. Ona müraciətdən sonra Zərdabın Əlvənd ərazisində də meşələrin kütləvi qırğınına son qoyulub. Daha doğrusu, təbiət bu dəfə də ciddi təhlükələrdən xilas olub...

Mütəxəssislərin yazdığına görə, Tuqay meşələrini belə təhlükələrdən sovuşdurmasaydılar, bu gün Kürboyu ərazilərdə yalnız kolluqlar, qamışlıqlar, bir də boz bataqlıqlar qalardı. Əslində, son illərə qədər Tuqay meşələri sərt təhlükələrlə tez-tez üz-üzə qalıb. Zəngin palıd meşələri o qədər seyrəldilib ki, onları bərpa etmək xeyli çətinləşib.

Kürqırağı Tuqay meşələri seyrələ-seyrələ cəmi 25 min hektar ərazidə qalıb. Bunun da 8 min hektarı qovaq  meşələridir. Nə yaxşı ki, bu meşələrin bilərəkdən və qəsdən seyrəldilməsinin qarşısı vaxtında alındı. Yoxsa bəzi ərazilərdə meşə örtüyünün sahəsi 11 faizdən də az olardı. Bəzi ərazilərdə heç bu rəqəmi yarıbayarı da qoruya bilməyiblər. Elə təkcə Kür-Araz düzündə bu rəqəm cəmi 0,8 faiz təşkil edir. Bu o deməkdir ki, nəzarət azaldıqca meşələrin kütləvi məhvi də xeyli artıb. Son illər Tuqay meşələrinin yerləşdiyi ərazilərdə dövlət qoruğunun yaranmasına ciddi fikir verilir. Bunun nəticəsidir ki, meşələr əlavə təhlükələrdən xeyli xilas olub. Bir faktı da deyək ki, son illər yanacaq sərfinə görə də meşə təsərrüfatları əsas mənbə seçilmir. Ölkəmizdə təbii qaz çəkilişi bütün əraziləri əhatə etdiyindən təbiətin zümrüd gözəllikləri də ciddi təhlükələrdən xilas olub.

Aparılan tədqiqatlar göstərir ki, seyrələn Tuqay meşələrində hazırda nəzarət işi dövlət səviyyəsində aparılır. Meşə zolaqlarının məhvi üçün cərimələrin, inzibati cəzaların artırılması da öz nəticəsini verir. Son illər belə cərimələrin sayı ən azı iki-üç dəfə artırılıb. Doğrudur, bütün bunlar inzibati qaydada aparılır. Yaxşı olar ki, təbii sərvətlərimizin, yaşıllıq zolaqlarının qorunmasını cəzalandırma yolu ilə yox, öz istəyimizlə, xeyirxah niyyətimizlə qoruyaq...

 

Bəşir ŞƏRİFLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video