09 Iyul 2017 12:07
1553
İQTİSADİYYAT
A- A+

İqtisadi inkişafı göstərən sahə - tikinti sektoru

 

Azərbaycanda inşaat işlərinin 87 faizdən çoxunu qeyri-dövlət müəssisələri həyata keçirir

 

Hər bir ölkənin iqtisadi durumunu və imkanını göstərən sahələrdən biri tikinti sektorudur. Əgər bu sektorda canlanma varsa, deməli, həmin ölkə iqtisadi cəhətdən inkişaf edir. Bunu sübut etmək üçün adi bir misal: məlum olduğu kimi, böhran dövrünü yaşayan sovet hökumətinin son illərində bütün sahələrdə olduğu kimi, tikintidə də durğunluq hökm sürürdü.
Elə müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə də tikinti sektorunda vəziyyət yaxşı deyildi. Bunun başlıca səbəbi iqtisadi böhran üzündən vəsait çatışmazlığı, bir də tikinti sektorunda sahibkarlığın formalaşmaması idi. Üstəlik, xarici sahibkarlar da həmin illər bu sahəyə vəsait yönəltməyə tələsmirdilər. Onlar ölkəmizin inkişaf perspektivini gözləyirdilər.
Tikinti sektorunda əsl canlanma Azərbaycana neft pulları daxil olduqdan sonra başladı. İlk növbədə vacib infrastruktur layihələrinin və quruculuq-abadlıq işlərinin həyata keçirilməsinə start verildi. Ardınca sosial xarakterli tikinti layihələrinin icrasına başlanıldı. Öncə qaçqın və məcburi köçkünlər üçün hər cür şəraiti olan abad qəsəbələr salındı. Sonra müharibə əlillərinə və veteranlarına dövlət tərəfindən əvəzsiz olaraq evlər tikilib verildi.
Bu gün Azərbaycanın inşaat sektorunda dövlət müəssisələri ilə yanaşı, özəl sektora məxsus tikinti şirkətləri də yaxından iştirak edir. Digər sahələrdə sahibkarlığın inkişafına verilən dəstək tikinti sektorunda çalışan sahibkarlıq subyektlərinə də verilir. Nəticədə onlar imkanlı şirkətlərə çevrilmişlər. Təkcə cari ilin yanvar-may aylarında tikinti sektoruna qoyulan ümumi sərmayənin 69,8 faizinin qeyri-dövlət müəssisələrinin payına düşməsi məhz bunun göstəricisidir.
Hazırda Azərbaycanda mükəmməl tikinti sənayesi formalaşıb. Əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi yerli müəssisələrdə istehsal olunur. Hətta onların bir hissəsi xaricə də ixrac edilir. Ölkə əhalisinin xeyli hissəsi isə bu sektorda çalışmaqla öz güzəranını qurur.
Ölkədə tikinti sektorunun dinamik inkişafını qoruyub saxlamaq üçün dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir. Bunlardan biri köhnə, yararsız yaşayış binalarının sökülərək yerində müasir evlərin tikilməsidir. Bu pilot layihə geniş şəkildə ilk olaraq paytaxtın 1-ci mikrorayonunda reallaşdırılacaq. Həmin ərazidəki ötən əsrin 50-60-cı illərində tikilmiş beşmərtəbəli panel evlər söküləcək, əvəzində çoxmərtəbəli yeni binalar inşa olunacaq. Bununla həmin binalarda yaşayan sakinlər müasir yaşayış binalarında mənzillə təmin olunacaqlar. Bu layihədə əsas diqqət çəkən məqamlardan biri də odur ki, onun icrasına özəl şirkətlər cəlb edilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu layihə barədə demişdir: “Birinci belə pilot layihə Sabunçu rayonunda icra edilmişdir. Yeni tikilmiş o binanın açılışında mən şəxsən iştirak etdim. Gördüm ki, vətəndaşlar da buna çox sevinirlər. Çünki onlar həm yeni mənzillərə köçürülür, onların qəzalı binalardan canı qurtarılır. Eyni zamanda, mən xüsusi tapşırıq vermişdim ki, yeni binalarda mənzillərin sahəsi daha da böyük olsun. Vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Əlbəttə ki, vətəndaşlar buna çox sevinirlər. Bu, sahibkarlar üçün də əlverişlidir. Çünki onlar üç-dörd mərtəbəli binaların yerinə çoxmərtəbəli bina tikirlər. Onlar da gəlir götürürlər, inşaat sektoru da inkişaf edir, inşaat materiallarının istehsalı artır, iş yerləri yaradılır”.
Əhalinin mənzillə təmin edilməsinin digər yolu sosial mənzillərin tikilməsidir. Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Agentlik əsasən gənc ailələri uzunmüddətli kredit hesabına əlverişli qiymətlə mənzillə təmin edir. Onu da qeyd edək ki, belə mənzillərin tikilməsi az və orta təminatlı ailələr üçün xüsusilə vacibdir. Çünki bu cür ailələrin qısamüddətli və yüksək məbləğli ödənişlə mənzil almaq imkanları yoxdur. Dövlət də bu kateqoriyadan olan insanların mənzil problemlərini həll etmək üçün qeyd edilən agentliyi yaradıb. Hazırda həmin agentliyin xətti ilə şəhərin müxtəlif yerlərində çoxmənzilli binaların inşası davam edir.
Sosial mənzillərin tikintisi inşaat sektorunda sahibkarlığın inkişafına stimul verməklə yanaşı, yeni iş yerlərinin də açılmasına şərait yaradır. Belə vəziyyət həm də yerli xammaldan istifadə etməyə imkan yaradır, tikinti materialları sənayesinin inkişafını təmin edir.
Məlum olduğu kimi, tikinti sektorunun inkişafı kapital qoyuluşu ilə sıx bağlıdır. Çünki məhz kapital qoyuluşu tikinti sektoruna dinamika verir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 671,7 milyon manat vəsait yönəldilib. İstifadə olunan vəsaitin 82,9 faizi məhsul istehsalının, 11,9 faizi xidmət sahələri obyektlərinin, 5,2 faizi isə ümumi sahəsi 629,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilib. Bundan əlavə, yanvar-may aylarında ümumi inşaat işlərinin 87,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib ki, bu da adıçəkilən sektorda sahibkarlığın üstünlük təşkil etməsini göstərir.

Rüstəm KAMAL,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video