26 Yanvar 2017 07:01
295
DÜNYA
A- A+

Suriya münaqişəsinin tənzimlənməsi istiqamətində yeni cəhd

 

Astanada atəşkəs rejimini möhkəmlətmək qərara alındı

 

Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin tərəfləri uzun müddətdən sonra, nəhayət, bir araya gəldilər. Danışıqlarda Suriya hökuməti və müxalifətinin, atəşkəsin qarantı olan ölkələrin (Rusiya, Türkiyə, İran) nümayəndə heyətləri, BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın komandası və müşahidəçi kimi ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol qatılmışdılar. Rusiya nümayəndə heyətinə Prezidentin Suriya tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika işləri üzrə müşavirinin müavini Sədat Ünal, İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari başçılıq edirdilər. Suriya hökumətinin nümayəndə heyətinin başçısı kimi ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşşar Cəfəri çıxış edirdi. Müxalifət isə ölkənin şimal və mərkəzində, qismən cənubunda fəaliyyət göstərən silahlı qruplaşmalarla təmsil olunurdu.
Rusiya və Türkiyənin təşəbbüsü ilə təşkil olunmuş və iki gün davam etmiş danışıqlar, gözlənildiyi kimi, böhranın siyasi vasitələrlə nizama salınması naminə ciddi addımların atılması ilə başa çatmadı; altı ilə yaxındır davam edən silahlı qarşıdurmanın gedişində çoxsaylı problemlər yığılıb qalmışdı və bir görüşlə bütün ixtilafları aradan qaldırıb ortaq məxrəcə gəlmək mümkün deyildi. Elə tərəflərin özləri də qarşıya belə bir məqsəd qoymamışdılar. Bununla belə, Astana görüşünün yekunlarını müsbət qiymətləndirmək olar.
Hər şeydən əvvəl diqqəti cəlb edən odur ki, Suriya hökumətinin nümayəndə heyəti ilə danışıqlara ilk dəfə olaraq siyasi yox, silahlı müxalifətin nümayəndələri gəlmişdilər. Əvvəllər Cenevrədə keçirilmiş görüşlərdə Suriya müxalifətini ölkədən kənarda yaşayan və hökumətə müxalif mövqedə dayanan şəxslər təmsil edirdilər. Bu dəfə isə vətəndaş müharibəsi ilə birbaşa əlaqəli olan, daha doğrusu, bir-biri ilə vuruşan qüvvələrin nümayəndələri danışıqlar masasının arxasında oturmuşdular. Doğrudur, Suriya hökumətinin nümayəndələri və müxalifətçilər yalnız görüşün açılış mərasimində bir-birlərini gördülər və sonra danışıqlar BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura vasitəçiliyi ilə aparılırdı.
Suriya münaqişəsinin tərəfləri, ilk növbədə silahlı müxalifətin nümayəndə heyəti Astanaya hansısa siyasi məsələni həll etmək üçün yox, ölkədə atəşkəs rejimini möhkəmlətməyə nail olmaq üçün gəlmişdi. Belə bir narahatlıq üçün əsas da vardı. Belə ki, Suriya ordusu və onun tərəfində döyüşən “Hizbullah” kimi silahlı dəstələr zaman-zaman müxtəlif bəhanələrlə atəşkəsi pozur, müxalifətin nəzarət etdiyi bölgələrdə əhalinin təhlükəsizliyini, bütövlükdə ölkə ərazisində vəziyyəti sabitləşdirməyi təhdid edir. Eyni zamanda rəsmi Dəməşq hələ də silahlı müxalifət dəstələrini terrorçu təşkilatlar hesab edir, onları BMT Təhlükəsizlik Şurasının terrorçu qruplaşmalar elan etdiyi İŞİD və “Cəbhə ən-Nüsrə” ilə bir cərgəyə qoyur və nəticə etibarilə onsuz da kövrək olan atəşkəsin davam etməsinə təhlükə yaradır. İş o yerə gəlib çatmışdır ki, elə Astanada danışıqlar davam edən zaman Rusiya hərbi komandanlığı Suriya hökumət qoşunlarının rəhbərliyini atəşkəsi pozmaqdan sərt şəkildə çəkinməyə çağırmış və ayrı-ayrı komandirlərin hərəkətlərindən ciddi narahatlığını ifadə etmişdir.
Odur ki, Suriya böhranının gələcəkdə siyasi yolla tənzimlənməsinə yol açmaq üçün ölkənin bütün ərazisində atəşin tamamilə etibarlı şəkildə dayandırılması Astana görüşündə müzakirə olunan əsas məsələ idi. Təbii ki, bu məqsədə çatmaq üçün Rusiya, Türkiyə və İranın üzərinə böyük yük düşürdü, çünki qarşı-qarşıya duran tərəflər bir-birindən hələ çox uzaq olduğundan onlara yalnız bu üç ölkə təsir etmək imkanına malik idi.
Danışıqların yekunu olaraq Rusiya, Türkiyə və İran qarant dövlətlər kimi birgə bəyanatla çıxış etdi. Sənəddə Suriya tənzimlənməsinin təməl prinsipləri öz əksini tapır. İlk növbədə bəyanatın müəllifləri Suriyanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiq qaldıqlarını vurğulayırlar. Üç ölkə həmçinin münaqişənin hərbi vasitələrlə yox, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi əsasında siyasi prosesin gedişində tənzimlənməsinə əmindir. Bununla yanaşı, birgə bəyanatın müəllifləri ölkədə humanitar yardımın çatdırılmasının və vətəndaşların sərbəst hərəkətinin təmin edilməsinin zəruriliyini qeyd edirlər.
Danışıqların ən vacib yekunu kimi qarant dövlətlər atəşkəs rejimini müşahidə etmək və təxribatların qarşısını almaq üçün üçtərəfli mexanizm yaratmağı qərara aldılar. Birgə bəyanatda qeyd olunur ki, İŞİD və “Cəbhə ən-Nüsrə” ekstremist qruplaşmalarına qarşı birgə mübarizə davam edəcək. Bununla əlaqədar sənəddə silahlı müxalifəti terrorçulardan ayırmağın vacibliyi vurğulanır.
Şübhəsiz, Suriyada atəşkəsin davamlılığını təmin etmək üçün belə bir monitorinq mexanizminin yaradılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Ona görə ki, ölkədə qan axıdılmasını dayandırmaqda maraqlı olmayan qüvvələr var. Məsələn, elə Astana danışıqları gedərkən Suriyanın şimalında fəaliyyət göstərən, PKK terrorçu təşkilatının uzantısı olan PYD/YPG Qazaxıstan paytaxtında əldə ediləcək qərarları nəzərə almayacağını bildirmişdir. Xarici qüvvələrin diktəsi ilə hərəkət edən bu qruplaşmanın ölkədə sabitliyi bu və ya digər şəkildə pozacağını istisna etmək mümkün deyil. Odur ki, qarant ölkələrin nümayəndələri yaxın vaxtlarda yenidən Astanada görüşüb üçtərəfli mexanizmin reallaşdırılması şərtlərini müzakirə edəcəklər. Görüş zamanı münaqişə tərəflərinin atəşkəsi möhkəmlətmək üçün irəli sürdükləri təkliflərə də baxılacaq.
Yeri gəlmişkən, bundan əvvəl Türkiyə və Rusiya atəşkəsin monitorinqi üçün ikitərəfli mexanizm yaratmışdır. İndi isə müşahidə mexanizminə İran da qoşulur. Bu da mühüm məqamdır. Məlumdur ki, Suriyada hökumət qoşunlarının tərəfində İranın dəstəklədiyi silahlı birləşmələr döyüşür. Atəşkəsi ən çox pozan da elə həmin birləşmələrdir. Ona görə də İran atəşkəsin möhkəmlənməsinə əhəmiyyətli töhfə verə bilər.
Beləliklə, Astana görüşü qarşıya qoyulmuş məqsədə nail oldu. Danışıqların növbəti raundu gələn ayın 8-də BMT-nin himayəsi altında Cenevrədə keçiriləcək.

 

Allahverdi MEHDİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video