12 Noyabr 2016 01:11
1402
İQTİSADİYYAT
A- A+

Cəlilabad Müalicə Diaqnostika Mərkəzi bölgənin 500 mindən çox əhalisinə xidmət göstərir

 

Cəlilabad şəhərini keçdikdən sonra yolun sağ tərəfində üçmərtəbəli yaraşıqlı, müasir bir bina diqqəti uzaqdan cəlb edir. Bu, Cəlilabad Müalicə Diaqnostika Mərkəzidir. Həyətə daxil olarkən burada əkilmiş ağaclar, yaşıl ot örtüyü, gül-çiçək, səliqə-sahman, təmizlik mərkəzdə çalışanların yüksək mədəniyyətindən xəbər verir. Özünü Avropanın ən qabaqcıl tibb ocaqlarından birindəki kimi hiss edirsən. Böyük ümidlə mərkəzə üz tutan xəstələr ilkin olaraq qeydiyyata alınır, müayinə edilir. 

Xəstələrin, habelə onlarla gələnlərin rahatlığı üçün burada münasib şərait yaradılmış, koridorlarda yumşaq oturacaqlar qoyulmuş, təmiz sanuzel onların ixtiyarına verilmişdir. Müxtəlif xəstəliklər üzrə müalicə şöbələri isə 2-ci və 3-cü mərtəbələrdə yerləşir. Binanın 1-ci mərtəbəsində səhiyyə ocağının baş həkimi Eldar Hacıyevlə görüşürük. Öncə bizi otağına dəvət edir. Fürsətdən istifadə edib mərkəzin fəaliyyəti haqqında məlumatları öyrənirik.
Cəlilabad Müalicə Diaqnostika Mərkəzi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində Dövlət Neft Şirkətinin sifarişi ilə tikilmişdir. Ölkə başçısı İlham Əliyev 2011-ci ilin mart ayında mərkəzin açılışında iştirak etmişdir. Avropa ölkələrinin ən müasir tibbi avadanlıqları ilə təchiz olunan mərkəz Cəlilabad, Masallı, Biləsuvar, Yardımlı və digər rayonların 500 min nəfərdən çox əhalisinə xidmət göstərir. Burada qəbul, cərrahiyyə, anesteziologiya, reanimasiya və intensiv terapiya, hemodializ, şüa diaqnostika, fizioterapiya və tibbi bərpa, konsultativ poliklinika şöbələri, eyni zamanda, klinik laboratoriya fəaliyyət göstərir. Xəstələrin müayinə və müalicəsi ilə 34 nəfər yüksək ixtisaslı həkim, 75 nəfər tibb bacısı məşğul olur. Səhiyyə ocağında indiyədək Heydər Əliyev Fondunun dəstəyi və Mərkəzi Neftçilər Xəstəxanası həkimlərinin iştirakı ilə 11 nəfər üzərində açıq ürək əməliyyatı, böyrək çatışmazlığından əziyyət çəkən 3 xəstəyə isə böyrək köçürülməsi həyata keçirilmişdir.
Fəaliyyəti dövründə mərkəzin konsultativ poliklinika şöbəsinə 70 mindən çox xəstə müraciət etmişdir. Klinik, biokimyəvi, immunoloji və digər təhlillər aparılan laboratoriyada 15 mindən artıq xəstə müayinədən keçmişdir. Fizioterapiya və tibbi bərpa şöbəsində tibbi cihazların və masajın köməyi ilə 1811 nəfər xəstə 79 min 107 seans müalicə almışdır. Şüa diaqnostika şöbəsində 70 mindən artıq xəstədə ultrasəs, rentgen və kompüter-tomoqrafiya müayinələri aparılmışdır. 3 min 606 nəfər xəstə endoskopik müayinədən keçmişdir. Hemodializ şöbəsində böyrək çatışmazlığından əziyyət çəkən 63 xəstə həftədə 3 dəfə 4 saat olmaqla proqramlı hemodializ müalicəsi alır və indiyədək onlar ümumilikdə 43 min 110 hemodializ seansı qəbul etmişlər.
Sonra baş həkim E.Hacıyevlə şöbələri gəzib xəstələrə baş çəkirik. Yeri gəlmişkən qeyd edək ki, Eldar həkim bacarıqlı səhiyyə təşkilatçısıdır. 10 ildən çox respublika Səhiyyə Nazirliyində və digər tibb müəssisələrində rəhbər vəzifələrdə çalışıb. Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətə başladığı ilk gündən isə burada baş həkim işləyir. Mərtəbələri, şöbələri gəzdikcə onların haqqında bir-bir məlumat verir.
Cərrahiyyə şöbəsinə yaxınlaşırıq. Burada tam sakitlikdir. Növbətçi tibb bacısı məlumat verir ki, içəridə əməliyyat gedir. Baş həkim şöbənin müdiri Zaur Məcidov haqqında məlumat verərək: “Yaxşı cərrahdır, tibb elmləri üzrə fəlsəfə doktorudur, öz işinin ustasıdır. Özü ilə söhbət aparsaydınız, daha yaxşı olardı. Nə isə, qalsın növbəti dəfəyə”- deyir.
Hemodializ şöbəsində 10 nəfərdən çox xəstə qantəmizləmə aparatına qoşulmuşdu. Xəstə Mirzə Fərəcov Göytəpə şəhər sakinidir. Deyir ki, 6 ildir, yəni, bu səhiyyə ocağı fəaliyyətə başlayandan həftədə 3 gün bura gəlib-gedirəm. Həkim Xalıq Muxtarov, tibb bacıları Sevil Həsənova, Aytən Kazımova və başqaları bizə diqqət və qayğı ilə yanaşırlar. Nəzərdə tutulmadığı halda, hər dəfə seans aldıqdan sonra burada biz xəstələrə yemək də verilir.
Günel Məhərrəmova isə Biləsuvar şəhər sakinidir. O da 6 ildir burada müalicə olunur. G.Məhərrəmova ürək sözlərini belə ifadə edir: “Sağ olsun Prezident İlham Əliyev. Bizim üçün belə bir səhiyyə ocağı tikdirib. Bu mərkəz, həkimlər olmasaydı, bizim aqibətimiz necə olardı, onu bir Allah bilir. Bəlkə, indi dünyada yox idik”.
Günel Məhərrəmova cavandır. Uşaqları azyaşlıdır. Yaşamaq arzusu, həyat eşqi baxışlarından hiss olunur. Onun kimi böyrək çatışmazlığından əziyyət çəkən minlərlə xəstə var. Lakin yaradılan şərait nəticəsində onlar həyatlarını davam etdirirlər. İndi respublikamızda az da olsa, böyrəkköçürmə əməliyyatları aparılır. Bunlar isə dövlət başçısının səhiyyə sahəsinə böyük önəm verməsinin nəticəsidir.
Üzərlərində əməliyyat aparılan Masallı rayon sakinləri Ağarəhim Əkbərov, Məftun Hüseynov, Xoşqədəm Qurbanova, Elvin Fərzəliyev və başqaları buradakı şəraitdən, həkim və tibb bacılarından ürəkdolusu razılıq edirlər.
Kardeologiya şöbəsinə daxil oluruq. Baş həkim bizi şöbənin müdiri Elnur Azadxanovla tanış edir. Şöbə müdiri burada EKO, ExoKO, Treadmil testi, sütkalıq holter monitorinqi və digər müayinələrin, müalicələrin aparıldığını bildirir. Baş həkim E.Hacıyev əlavə edir: “Doktor Elnur Azadxanov qardaş Türkiyə Respublikasında ixtisasartırma kursu keçmişdir, Azərbaycan Kardioloqlar Cəmiyyəti İdarə Heyətinin və Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür”.
Bütün bunları gördükcə fikirləşirsən ki, nə yaxşı neftdən gələn gəlirlər bu cür mühüm işlərə səhiyyə, təhsl, mədəniyyət ocaqlarının tikilməsinə, digər böyük layihələrin həyata keçirilməsinə sərf olundu. Yoxsa, dünyada iqtisadi böhranın baş alıb getdiyi, hər şeyin günbəgün bahalaşdığı bir zamanda bu işləri görmək çətin olardı.

Seyran CAVADOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video