16 Aprel 2021 00:35
1984
SİYASƏT
A- A+

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

 

Beynəlxalq birlik rəsmi Bakının Qarabağı tam nəzarətə götürməsini ədalətin zəfəri kimi qarşılayır

 

Beynəlxalq hüququn, ayrı-ayrı təşkilatların dövlətlərarası münaqişələrin, müharibələrin aradan qaldırılmasındakı rolu barədə çox danışılır. Amma nədənsə 30 ilə yaxın bir müddət ərzində nə beynəlxalq hüquq, nə də təşkilatlar Azərbaycan torpaqlarını işğaldan xilas etmədilər. Bu baxımdan İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə beynəlxalq hüququ təmin etməyin nümunəsini ortaya qoydu. Cəmi 44 gün ərzində işğal olunmuş torpaqlarımız azad edildi və erməni təəssübkeşlərinin hay-həşirlərinə baxmayaraq, beynəlxalq birlik respublikamızın qələbəsini ehtiramla qarşıladı.

 

Azərbaycan müstəqil şəkildə Dağlıq Qarabağ probleminə son qoydu

 

Düzdür, münaqişələrin yoluna qoyulması ilə bağlı təzyiq və təsir mexanizmlərinin işə salınmasına dair beynəlxalq təcrübə mövcuddur. Bununla bağlı elə son onilliklərdə baş vermiş hadisələri, yaradılmış koalisiyaları, beynəlxalq sülhyaratma missiyalarını, iqtisadi sanksiyaların tətbiq edilməsini misal göstərmək olar. Bu təsir mexanizmlərinin hansı nəticəni verməsi başqa mövzu olsa da, görünən odur ki, beynəlxalq təşkilatlar lazım gəldikdə hansısa problemin həlli üçün birgə hərbi və ya iqtisadi güc nümayiş etdirə bilirlər.

Dağlıq Qarabağ probleminə gəldikdə isə, Ermənistana qarşı heç bir siyasi təzyiq  olmadı. Azərbaycanın torpaqları işğal olunduğu, azərbaycanlıların məcburi köçkünə çevrildikləri dünyanın gözü qarşısında baş versə də, Ermənistan heç qınanmadı da. Ortada BMT qətnamələri olsa da, beynəlxalq ictimaiyyət onların icrasının vacibliyini təkid etməyərək yalnız deklorativ sözlərlə kifayətləndi. Beynəlxalq təşkilatlar, vasitəçilər Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirdiyi vandallığa, talanlara, tarixi abidələrimizin məhv edilməsinə və ya erməniləşdirilməsinə də göz yumdular.

Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı isə Azərbaycanın səbr kasasını daşdıran hadisə oldu. Başlanan əks-hücum əməliyyatları torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi və beləliklə, Azərbaycan vasitəçilərin etmək istəmədiklərini, beynəlxalq hüququn tələblərini güc yolu ilə təmin etdi.  “Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib. Bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib. Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib” deyə Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə işgüzar səfəri zamanı mətbuata bəyanatında bildirib.

 

İlham Əliyevin informasiya siyasəti dünya erməniliyini tərksilah edir

 

İkinci Qarabağ müharibəsinin nə vaxtsa baş verəcəyi gözlənilən idi. Bu gün dönüb arxaya baxanda görürük ki, İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin qayəsini torpaqlarımızın işğaldan azad olunması təşkil edib. Bu müharibə və Qələbə üçün hazırlıq işləri yalnız ordu quruculuğu ilə məhdudlaşmayaraq kompleks mahiyyət daşıyıb.

Hazırlığın bir istiqaməti də Dağlıq Qarabağ məsələsi ilə bağlı, xüsusən erməni lobbisinin dünyada formalaşdırdığı stereotipləri dağıtmaq, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq olub. Bu baxımdan Vətən müharibəsində hərbi-siyasi Qələbənin qazanılmasında İlham Əliyevin mütərəqqi informasiya siyasəti olduqca böyük rol oynadı. Müharibə başa çatsa da, Azərbaycan yeni reallıqlar yaratsa da, informasiya siyasətində geri qalmaq olmaz. Çünki düşmən Azərbaycana qarşı informasiya cəbhəsində qarayaxma kampaniyasını davam etdirir.

İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın xarici KİV-ə müsahibələri, çıxışları, bəyanatları, 4 saatlıq mətbuat konfransı, mühüm beynəlxalq platformalarda nitqləri göstərir ki, ümumiyyətlə, Azərbaycan Prezidenti təkcə dövlətin idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans bunun növbəti təsdiqi oldu.

Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən bu konfrans göstərdi ki, Prezident İlham Əliyevin ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdıran yeni informasiya strategiyası sistemlilik və operativlik kimi prinsiplərə əsaslanmaqla milli maraqlarımızı inamla təmin edir. Birmənalı şəkildə demək olar ki, İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan  və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.

 

Ermənistanın yeni reallıqlarla barışmaqdan başqa yolu yoxdur

 

Artıq Dağlıq Qarabağ problemi başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar öz növbəsində Cənubi Qafqazda yeni reallıqların yaranması deməkdir. Müharibənin qalibi olan İlham Əliyev Ermənistanı Azərbaycanın milli maraqlarını tam diktə edən bəyanata imza atmağa məcbur etdi.

Artıq bəyanatın Azərbaycan ərazilərinin azad olunması ilə bağlı olan bəndləri icra olunub. Kommunikasiyaların bərpası istiqamətində fəaliyyət davam edir. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Bütün bunların fonunda görünən həm də odur ki, Ermənistanın başına gələnlərin, bütün dünyada milli ləyaqətinin sınmasının səbəbi bu ölkənin başında duranların yürütdüyü işğal siyasətidir. Belarus Prezidentinin ölkəmizə işgüzar səfəri zamanı mətbuata bəyanatında bu barədə danışan İlham Əliyev deyib: “Ermənistanın başına gələnlərin təqsirkarı məhz 20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti və tamamilə darmadağın edilməsi ilə başa çatıb. Bunun əsas təqsirkarları Ermənistanda bundan əvvəl hakimiyyətdə olanlardır. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr - Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”.

Azərbaycan Qarabağ problemini güc yolu ilə həll etməklə tarixi ədaləti, beynəlxalq hüququ yoluna qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Beynəlxalq birlik rəsmi Bakının Qarabağı tam nəzarətə götürməsini ədalətin zəfəri kimi qarşılayır. Ermənistanın isə Azərbaycanın regionda yaratdığı yeni reallıqlarla barışmaqdan başqa yolu yoxdur.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video