28 Oktyabr 2021 02:47
3203
SİYASƏT
A- A+

Zəngəzur dəhlizi

 

Asiya Avropaya birləşir

 

Qarabağda daha bir möhtəşəm yeni tarix yazıldı. Azərbaycan və Türkiyə liderləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan əzəli torpaqlarımızda əl-ələ verərək dünyaya mühüm mesajlar ünvanladılar:

* Hər zaman bir yerdəyik, birliyimiz sarsılmazdır, əbədidir.

* Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik.

* Birliyimiz gücümüzdə, əməlimizdədir.

* Çiyin-çiyinə bir yerdə irəliləyirik.

* Ən yeni tarixi birlikdə yazırıq.

* Qarabağın açarı bizim əlimizdədir.

* Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirib yeni imkanlar açacaq.

* Azərbaycan-Türkiyə birgə gücü daha da təsirli olacaq.

 

Liderlik fenomeni, qətiyyətin təntənəsi

 

İkinci Qarabağ müharibəsi başlayan gündən bu günədək dünyanın diqqəti Türkiyə və Azərbaycanın birgə yaratdığı reallıqlara yönəlib. Zəfər yürüşümüzün başlandığı andan bu günədək hadisələrin xronologiyasına diqqət yetirdikdə aydın olur ki, iki qardaş ölkə bir ildə bəlkə də böyük dövlətlərin onilliklər boyu görə bilmədikləri işləri reallaşdırıblar.  

Vətən müharibəsində böyük mənəvi dəstək, Zəfər paradında birlikdə, Şuşada tarixi Bəyannamənin imzalanması, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılışında, Zəngəzur dəhlizinin təməlqoyma mərasimindəki birlik nümayişi İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın liderlik fenomeni, qətiyyətin təntənəsi idi.

Bu dəfə də hər iki lider öz əməli fəaliyyəti ilə bir daha milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirdilər.

Hələ aylar öncə Prezident İlham Əliyev qətiyyətlə söyləyirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.

Bu gün baş verən hadisələr bir daha təsdiq edir ki, İlham Əliyev səsləndirdiyi bütün sözlərə, vədlərə sadiqliyi ilə xalqın sevgisini qazanan liderdir. Onun sözü imzası qədər keçərlidir.

Vətən müharibəsindən sonra həyata keçirdiyi misli görünməmiş işlərə, yaratdığı reallıqlara isə ən yüksək dəyəri Rəcəb Tayyib Ərdoğan verdi: “Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində, həqiqətən, necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil”.  

Bu, İlham Əliyevin qısa zamanda Qarabağda reallaşdırdığı böyük uğurlu işlərə dünyanın ən güclü dövlətlərindən birinin liderinin verdiyi yüksək qiymətdir.

 

Avrasiyanın yeni bir nəqliyyat damarı açılacaq

 

Oktyabrın 26-da iki lider Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla Zəngəzur dəhlizinin bərpasına start verdilər.

Başlanğıcını Füzulidən götürəcək bu yol Ermənistan sərhədinə qədər 123,6 kilometrdir. Yolun üzərində uzunluğu toplam 3610 metr olan 3 tunel tikiləcək. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tuneldə artıq 160 metrlik iş görülüb.

Yol üstündə Zəngilan hava limanı da yerləşir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcək.

Zəngəzur dəhlizi eni 5 kilometr olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq. Bu yol həm Azərbaycanın böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol da salınacaq.

Bir sözlə, Zəngəzur dəhlizi ilə Asiya Avropaya birləşəcək. İlham Əliyevin növbəti təşəbbüsü ilə qitələrarası iqtisadi, ticarət və nəqliyyat tərəfdaşlığının inkişafına mühüm təkan veriləcək.

Təməlqoyma mərasimində liderlərin fikirləri təsdiq etdi ki, bu dəhlizlə Avrasiyanın yeni nəqliyyat damarı açılacaq. Zəngəzur dəhlizinin bütün türk dünyasını birləşdirəcəyini deyən İlham Əliyev bəyan etdi ki, həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək.

Rəcəb Tayyib Ərdoğan isə dəhlizin fəaliyyət istiqamətini dəyərləndirərkən bildirdi ki, bu yollar bölgədə çoxtərəfli daşımaların əsasını təşkil edəcək. Türkiyə isə bu fəaliyyətlərdə üzərinə düşəni yerinə yetirməkdə, qardaş Azərbaycana bütün imkanları ilə dəstək olmaqda davam edəcək.

Bu hayihənin reallaşması ilə bütün geosiyasi qüvvələr Azərbaycan və Türkiyənin mövqeyi, atdığı addımlar, uğurlu iqtisadiyyat və nəqliyyat layihələri ilə sözsüz ki, hesablaşacaqlar. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan və Türkiyə, ümumilikdə, Avrasiyanın orta xəttində hər kəs üçün yeni bir səhifə açacaq.

Türkiyə Prezidentinin söylədiyi kimi, Azərbaycan dünyaya örnək olacaq inkişaf modeli ilə bölgənin inkişafı üçün fəaliyyətini uğurla davam etdirir. Bu fəaliyyəti həyata keçirən İlham Əliyev isə tarixinin ən qüdrətli Azərbaycanını böyük uğurlarla daha möhtəşəm gələcəyə aparır.

Beləliklə, oktyabrın 26-da təməli qoyulan dəhlizin reallaşmasına startın verilməsi o deməkdir ki, tezliklə Azərbaycan xalqı 101 il bundan əvvəl əlindən alınmış Zəngəzura qayıdacaq. Bununla da İlham Əliyev daha bir tarixi ədaləti bərpa edəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video