26 Yanvar 2021 00:24
1384
Mədəniyyət
A- A+

Zəhmətin bəhrəsi, illərin töhfəsi...

 

Hər bir insanın ömür yolunu onun mənəvi dünyası, gördüyü işlər, əməllər müəyyən edir. Xalqını, Vətənini sevərək milli-mədəni irsimizə hörmətlə yanaşan, respublikamızda musiqi təhsili sisteminin inkişafında, istedadlı ifaçıların, musiqiçi kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan tanınmış musiqi xadimi, gözəl pedaqoq, ictimai xadim Nazim Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə II dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.

Anadan olmasının 70, pedaqoji-elmi fəaliyyətinin 50 illiyi tamam olan həmkarımız, Əməkdar incəsənət xadimi, professor Nazim Kazım oğlu Kazımov xalqına, Vətəninə sədaqətlə xidmət edən zəhmətsevər insandır. Bu mahir pedaqoqun ömür yolu dahilər, görkəmli sənətkarlar diyarı olan Naxçıvandan başlanıb. 1950-ci il aprelin 4-də dünyaya gələndə Kazım kişiyə, qohum-əqrabaların istəklisi Həcər anaya gözaydınlığı verənlər çox oldu. Nazimin körpəlik-uşaqlıq illəri də bir-birindən maraqlı keçdi.

1956-cı ildə ayaq açdığı Naxçıvan şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli orta məktəbdə və bir neçə il sonra Naxçıvan Şəhər Musiqi Məktəbinin tar sinfində oxuyarkən fəallığı ilə seçildi. Onda ədəbiyyata da, musiqiyə də güclü həvəs vardı. Ona görə də orta təhsilini başa vurarkən iki yolun ayrıcında qaldı. Lakin çox düşünmədən ədəbiyyatı da, musiqini də özünə “yol yoldaşı” seçdi. 1966-cı ildə mötəbər musiqi təhsili ocaqlarından sayılan Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil oldi. 1967-ci ildən isə qiyabi yolla Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almağa başladı. 

1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib təyinatla  Əli Bayramlı Şəhər Musiqi Məktəbində tar müəllimi kimi pedaqoji fəaliyyətə başlayanda universitet təhsilini davam etdirdi və 1973-cü ildə filoloq ixtisası üzrə bitirdi. Musiqi təhsilini artırmaq üçün Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil oldu. Onun daim oxumaq istəyi dost-tanışları tərəfindən təəccüblə qarşılandı. Hətta “bu qədər oxumaqla nə qazanacaqsan” deyənlər də oldu.

Ancaq Nazim müəllim inadından dönmədi. Bilirdi ki, inkişafa, tərəqqiyə, yüksəlişə aparan yolların əsas cığırları məhz ixtisas məktəbindən keçir. Buna görə də sevib-seçdiyi sənətin nəzəri-praktik məsələlərini mükəmməl mənimsəmək üçün gecə-gündüz hey çalışırdı. Müəllimləri onun qabiliyyətini yüksək qiymətləndirirdilər. 

“Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıq və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm”. Görkəmli bəstəkarımız, professor Səid Rüstəmov hələ 43 il əvvəl böyük iftixar hissi ilə yetirməsi haqqında təəssüratını belə bölüşürdü.

1970-ci ildə Əli Bayramlı Şəhər Musiqi Məktəbində əmək fəaliyyətinə başlayan N.Kazımov tezliklə şagirdlərin, onların valideynlərinin və pedaqoji kollektivin sevimlisi oldu. Sonralar Nazim müəllimin əmək kitabçasına yeni-yeni ünvanlar, təhsil ocaqları - Bakıdakı 15, 25 nömrəli musiqi məktəbləri yazıldı.

N.Kazımovun 50 illik əmək fəaliyyətinin 16 ili Əli Bayramlı Şəhər Musiqi Məktəbi ilə bağlıdır. O, bu məktəbdə tar müəllimi, tədris işləri üzrə direktor müavini, direktor vəzifələrində çalışarkən məktəbin şöhrəti daha da artdı. Nazim müəllim o dövrdə şəhər sovetinin deputatı kimi uşaqların və məktəbli gənclərin estetik tərbiyəsi naminə bir sıra mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə, yeni musiqi kollektivlərinin - xalq çalğı alətləri orkestrinin və ansamblının yaradılmasına nail oldu. Respublikada müxtəlif devizlərlə keçirilən baxışlarda, müsabiqələrdə məktəbin gənc istedadları həmişə fərqlənir, aldıqları fəxri fərmanların, diplomların sayı ilbəil artırdı.

Pedaqoji fəaliyyətinin ilk günlərindən musiqi təhsili sisteminin təkmilləşdirilməsi naminə əzmlə çalışan Nazim müəllim istedadların vaxtında aşkara çıxarılmasına da xüsusi diqqət yetirmişdir. Ariz Abduləliyev, Rahib Məmmədov, Əmirhüseyn Hüseynov, Ramiz Əliyev, Bakıxan Müzəffərov, Fəxrəddin Qafarov, Cəfər Qafarov, Yaqub Manafov və başqaları respublikamızda musiqi təhsili sistemində mühüm əhəmiyyət kəsb edən fikir və söz sahibləri olmaqla yanaşı, praktik fəaliyyətləri ilə də tanınırlar.

Nazim müəllim 1992-ci ildə Təhsil Nazirliyində mütəxəssis kimi fəaliyyət göstərməyə irəli çəkildi. Burada o, təxminən 10 il aparıcı mütəxəssis, baş mütəxəssis, rəis müavini vəzifələrində çalışaraq təşəbbüskarlığı, səriştəliliyi ilə diqqəti cəlb etdi. O, eyni zamanda 1997-ci ildən 2001-ci ilədək Təhsil Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin sədri seçilir.

Nazim müəllim nazirlikdə işlədiyi müddətdə də həmişə yaradıcılığa, elmi axtarışa səy göstərmişdir. 1994-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun  dissertantı olanda bu səyi, həvəsi daha parlaq şəkildə nəzərə çarpdı, səsi respublikamızda keçirilən ən mötəbər elmi məclislərdən gəldi. Məhz bu səyin və səmərəli elmi araşdırmaların nəticəsində o, “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda namizədlik dissertasiyasını tamamlayaraq müvəffəqiyyətlə müdafiə etdi.

Nazim Kazımov yaradıcılıq planlarını əzmlə həyata keçirən alimdir. O, dissertasiya müdafiəsindən sonra da gənc nəslin musiqi-estetik tərbiyəsi üzrə tədqiqatlarını davam etdirdi. “Azərbaycan məktəbi” jurnalında, “Azərbaycan müəllimi” qəzetində dərc olunan elmi-metodik məqalələri bu baxımdan əhəmiyyətlidir. N.Kazımovun çap etdirdiyi “Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı” (Bakı, 1998), “Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri” (Bakı, 1996, 2000), “Tar ilə fortepiano üçün pyeslər məcmuəsi” (Bakı, 1999) həm  Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin tələbələri üçün dəyərli vəsaitlər kimi qiymətləndirilir.

O, eyni zamanda ali musiqi tədrisi müəssisəsində pedaqoji fəaliyyətini davam etdirərək musiqiçi kadrların hazırlanmasında yaxından iştirak edir. Azərbaycan Dövlət Konservatoriyasında 1981-84-cü illərdə müəllim, 1993-1998-ci illərdə baş müəllim, 1998-2006-cı illərdə dosent vəzifələrində çalışır. 2006-cı ilin fevral ayında Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında professor vəzifəsinə seçilir. Böyük təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 2001-ci ildə N.Kazımovu Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə direktor təyin etdilər. Onun məqsədyönlü fəaliyyəti nəticəsində Musiqi Kolleci əvvəlki şöhrətini qaytararaq ölkənin ən nüfuzlu orta ixtisas musiqi təhsili müəssisəsinə çevrilmişdir. Musiqi təhsili sahəsindəki səmərəli fəaliyyəti layiqincə qiymətləndirilərək N.Kazımov müxtləlif vaxtlarda fəxri fərmanlara, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görüldü. 2006-cı ildə isə Nazim Kazımova ölkəmizdə musiqi təhsilinin, musiqi mədəniyyətinin inkişafına böyük diqqət və qayğı göstərən Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı verildi.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli bəstəkar və musiqi xadimi, Dövlət mükafatı laureatı Səid Rüstəmovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Ölməz sənətkarın xatirəsinə göstərilən bu hörmət və ehtiram Nazim Kazımovu çox sevindirdi. Üzərində işlədiyi “Səid Rüstəmov” monoqrafiyasını çapa hazırladı. 2007-ci ildə nəfis şəkildə buraxılan bu fundamental monoqrafiya Səid Rüstəmov sənətini layiqincə qiymətləndirənlərin - səidsevərlərin çox böyük marağına səbəb oldu.

Professor Nazim Kazımovun Azərbaycan bəstəkarlıq məktəbinin təməlini qoyanlardan biri kimi tanınan, ancaq 23 il ömür sürən (1909-1932) Asəf Zeynallının anadan olmasının 100 illiyinə həsr etdiyi dəyərli monoqrafiyası isə 2009-cu ildə çap olundu və dərs vəsaiti səviyyəsində dəyərləndirildi. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Xalq artisti, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, professor Arif Məlikov “Asəf Zeynallı haqqında ilk monoqrafiya” adlı ön sözdə yazır: “Monoqrafiyanın dərs vəsaiti kimi nəzərdə tutulması Azərbaycan musiqi tarixi, XX əsr Azərbaycan musiqi ədəbiyyatı fənləri üzrə müəllim və tələbələrə layiqli töhfədir. Digər tərəfdən,  Asəf Zeynallı barədə musiqi ədəbiyyatının lazımi səviyyədə olmadığı müasir dövrdə bu monoqrafiya bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumata və dərs vəsaitinə olan tələbatı ödəyə biləcəkdir”.

Ölkəmizdə musiqi təhsilinin, bütövlükdə, musiqi mədəniyyətinin inkişafı sahəsində pedaqoq, bəstəkar kimi öz dəstxətti ilə tanınan Adil Gəray Məmmədbəyliyə həsr etdiyi monoqrafiyası da diqqətə layiqdir. 2015-ci ildə nəşr olunan vəsaitdə görkəmli musiqi xadiminin geniş, hərtərəfli bəstəkarlıq və pedaqoji fəaliyyəti işıqlandırılır.

 Nazim Kazımov Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü kimi geniş fəaliyyət göstərir. O, həyatının, yaradıcılığının müdrik çağında Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinə - burada çalışan yaradıcı kollektivə çox böyük diqqət və qayğı ilə rəhbərlik edir.  N.Kazımov uzun illərin təcrübəsi nəticəsində əldə etdiyi yüksək peşəkarlıq, sağlam düşüncə, mühakimə qabiliyyəti, yüksək intellektual səviyyəsini müasir tələblərə uyğunlaşdıraraq kollecin gənc tələbələrini düzgün istiqamətdə lazımi ixtisasa yönəldərək, professional musiqiçi kimi yetişmələri üçün zəmin yaratmışdır. Zənnimcə, insanlıq xüsusiyyətlərinin müsbət cəhətlərini yüksək səviyyədə özündə birləşdirən N.Kazımovun bilik və bacarığını əsirgəmədiyi Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin direktoru kimi məsul bir vəzifənin icrasında ildən-ilə artan uğurlarının səbəbi məhz bundadır. 

Səmimi, xeyirxah, nəcib, qayğıkeş insan olan Nazim Kazımov ictimaiyyətin, işlədiyi kollektivin dərin hörmət və məhəbbətini qazanmışdır. Yaşından, vəzifəsindən asılı olmayaraq hər bir şəxslə gözəl ünsiyyət qurmağı bacaran, istedadlı gənclərə dayaq olan Nazim Kazımovun fəaliyyəti kollecin daha böyük müvəffəqiyyətlərə imza atmasına doğru istiqamətlənmişdir.

Bütün bunlar böyük fəxrlə, ürək-qəlb genişliyi ilə belə fikir söyləməyə əsas verir ki, zəngin ənənəsi, tarixi olan bu möhtəşəm musiqi təhsili ocağının rəhbəri, professor Nazim Kazımov daha xoş günlərin, gələcək uğurların təməlini qoyur. Ömrünü müqəddəs musiqi sənətinə vurğunluqla aşılayan həmkarımıza möhkəm cansağlığı, uzun ömür, daha böyük uğurlar arzulayırıq!

 

Vidadi XƏLİLOV,

pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video