18:38 03 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zəfərimizin ilk paradı
ANA SƏHİFƏ / SİYASƏT
02:55 16.12.2020


"2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

2018-ci il iyunun 26-da Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqini bu fikirlərlə yekunlaşdırmışdı. Bəli, Prezident öz siyasəti, qətiyyəti ilə bu tarixi yetişdirdi və 2 il yarımdan sonra söylədiyi bu sözlər gerçək oldu...

O gün gəldi... İşğal altında qalan torpaqlarımız 44 gün ərzində düşmən tapdağından təmizləndi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdağ silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, bu ərazilərimizdə Azərbaycanın üçrəngli müqəddəs bayrağı qaldırıldı. Noyabrın 8-də Şuşa şəhərinin azad edilərək orada Azərbaycan bayrağının qaldırılması ilə şanlı müharibəmizə yekun vuruldu. Bu tarixi hadisə ilə düşmənin beli qırıldı, təslim olmağa məcbur qaldı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan təmizləndi. Beləliklə də, düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu və noyabrın 10-da təslimçilik bəyanatını imzaladı.

Bu tarixi qələbədən düz bir ay sonra isə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirildi.

Azadlıq meydanı bu zamana kimi çoxlu qələbələrin şahidi olub. Burda ölkənin müstəqilliyi uğrunda mitinqlər, yürüşlər keçirilib. Şəhid qanları da axıdılıb, sevinc gözyaşları da... Dəfələrlə hərbi paradlar da baş tutub bu meydanda... Ancaq bu, Azərbaycanın müstəqillik tarixində ilk Zəfər paradı idi... Azadlıq meydanı hələ belə möhtəşəm, belə təntənəli, belə qürurlu anlara şahidlik etməmişdi...

İndiyə qədər Azərbaycanda keçirilən paradlarla sonuncu keçirilən paradın ən böyük fərqi isə ondan ibarət idi ki, bu dəfə ordumuz Azadlıq meydanından düşmən ordusunu darmadağın edən, ərazi bütövlüyümüzü təmin edən qalib ordu kimi keçdi.

Zəfər paradının məhz 10 dekabr tarixinə salınması da düşünülmüş addım idi. Bunu beynəlxalq aləmə verilmiş subliminal mesaj kimi də dəyərləndirmək olar. Belə ki, 10 dekabr tarixi Dağlıq Qarabağdakı qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. 1991-ci ilin bu tarixində Qarabağda "referendum” keçirilmişdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi "referendumda” ermənilər "müstəqillik” elan etmişdilər. Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi 10 dekabr tarixində Zəfər paradı keçirməklə həm Ermənistana, həm də onun dünyadakı himayədarlarına mesaj verdi: - Qarabağ Azərbaycandır və bu, həmişə belə olacaq.

İlham Əliyev Zəfər paradını məhz 10 dekabra təyin etməklə saxta erməni mifini darmadağın etdi, onların cəfəng "müstəqilliyini” tarixin zibilliyinə göndərdi.

Azərbaycan xalqı, dövləti və ordusu müharibədə təkcə işğal altındakı Qarabağı azad etmədi, həm də 10 dekabrı yeni hadisə ilə tarixə həkk etdirdi.

10 dekabr paradı müzəffər Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bir daha göstərdi. İlk olaraq Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət və Zəfər bayraqlarının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin, düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin nümayişi oldu. Parad qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlının qürur və iftixar mənbəyinə çevrildi. Çünki bu həm öz torpaqlarını işğaldan azad edən yenilməz dövlətin qüdrətinin, həm də xalqımızın böyük mübarizə ruhunun bütün dünyaya nümayişi idi.

Prezident İlham Əliyev Zəfər paradındakı çıxışında vurğuladı ki, 44 gün davam edən müharibədə Azərbaycanın dəmir yumruğu işğalçının belini qırdı, ordumuz möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifə yazdı. Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz ordu” mifini darmadağın etdi: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən savaşında rəşadətli Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Bu möhtəşəm parad həm də Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, dostluğu, qardaşlığı əbədi və sarsılmazdır.

Azərbaycan Zəfər paradında hərbi potensialını göstərməklə yanaşı, beynəlxalq aləmə də mesajını verdi - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək Ordumuz var.

Bu möhtəşəm, təntənəli Zəfər paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarda əbədi qalacaq.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM