00:07 21 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Zəfərə aparan yol – milli və dini həmrəylik” mövzusunda videokonfrans keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:35 02.03.2021

 

Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Zəfərə aparan yol – milli və dini həmrəylik” mövzusunda videokonfrans keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Komitənin sədr müavini Səyavuş Heydərov deyib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik şücaətli Azərbaycan Ordusu, ən nəhayət, xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.

Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətinə diqqət çəkən Səyavuş Heydərov fərqliliklərin zənginlik sayıldığı Azərbaycanın bu sınaqdan da üzüağ və alnıaçıq çıxdığını vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. İstər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Başda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə olmaqla, bütün konfessiya rəhbərləri dəfələrlə milli birlik və dini həmrəylik göstərərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz etdilər. Bu işdə qeyri-müsəlman dini icmaları da böyük səy göstərdilər. Onlar tərəfindən cəbhədə Vətən torpaqlarını işğaldan azad edən qəhrəman əsgərlərə humanitar yardımlar göndərildi. İşğal faktına etiraz məqsədilə qeyri-islam dini icmaları tərəfindən müxtəlif səpkili, xarici dillərdə sənədli filmlər, videoçarxlar, məlumat xarakterli materiallar hazırlanaraq yerli ictimaiyyətə və dünya ictimaiyyətinə, o cümlədən beynəlxalq siyasi dairələrə, təşkilatlara, dini mərkəzlərə təqdim edildi.

Komitə rəsmisi ermənilərin təcavüzkar siyasətini və cinayətkar əməllərini gizlətmək üçün bu müharibəni müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə, xristian dinini siyasiləşdirməyə cəhd göstərdiyini, lakin dövlətimizin vaxtında gördüyü tədbirlər, atdığı lazımi addımlar nəticəsində düşmənin siyasətinin iflasa uğradığını da vurğulayıb.

Baş Prokurorluğun nümayəndəsi Qədir Məmmədov bildirib ki, xalqımız Vətən müharibəsində güclü birlik və həmrəylik nümayiş etdirərək, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Vətəninə, dövlətinə, milli və dini adət-ənənələrinə sadiq gənclər, əsgərlərimiz, zabitlərimiz torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərdilər, şəhid olmağı şərəf bildilər.

Q.Məmmədov çıxışında, həmçinin insanpərvərlik prinsiplərinə zidd olan dini ekstremizmə qarşı aparılan profilaktik işlərin əhəmiyyətinə toxunub. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərinin qarşısının qətiyyətlə alındığını bildirib. Ölkəmizdə din azadlığının, insan hüquqlarının müdafiəsinin hər zaman ön planda olduğunu qeyd edib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev tarixi Zəfərimizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi tolerantlıq siyasətinin xüsusi rola malik olduğunu vurğulayıb. Azərbaycandakı bu nümunəvi mühitin qorunmasının vacibliyinə toxunan natiq sosial media vasitəsilə təbliğat aparan, öz zərərli ideyalaranı yayan qruplara qarşı mübarizənin vacib olduğunu bildirib. Zərərli təbliğatın qarşısının alınmasında, ölkəmizdəki tolerantlıq mühitinin qorunub-saxlanılmasında, gənclərimizin milli ruhda tərbiyə edilməsində cəmiyyətin bütün təbəqələrini fəal olmağa çağırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan azsaylı xalqların, dini konfessiyaların birliyi və bərabərliyinin, torpaqlarımızın düşmənin işğaldan azad olunması uğrunda birgə mübarizəsi heç də təsadüfi deyildir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzini bir daha dünyaya nümayiş etdirdi.

Müdafiə Nazirliyinin nümayəndəsi Həbib Məmmədov milli birliyimizin xalqımızın zəngin tarixindən irəli gəldiyini vurğulayaraq, ulu öndər Heydər Əliyevdən bizə miras qalan azərbaycançılıq ideologiyasının da möhtəşəm qələbə əldə etməyimizdə xüsusi rola malik olduğunu deyib. H.Məmmədov Azərbaycan Ordusunda şəxsi heyətin vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəlməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil edilən görüşlərin əhəmiyyətinə də diqqət çəkib.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, Prezident İlham Əliyevin nadir gedişləri, Azərbaycan Ordusunun gücü və cəmiyyətimizdəki milli-dini həmrəylik müharibənin taleyini həll etdi. O, eyni zamanda, Vətən müharibəsi dövründə ölkəmizdəki dini konfessiyaların Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında göstərdikləri fəallığa diqqət çəkib.

Sonra çıxış edən Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstanstin Pominov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Gülnarə Məmmədova, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyini, Azərbaycanımızın daha da inkişafı naminə bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməli olduğumuzu qeyd ediblər.

Videokonfransın sonunda DQİDK-nın sədr müavini Səyavuş Heydərovun müəllifi olduğu “Din və ideoloji təhlükəsizlik” adlı kitab təqdim edilib. Nəşr barədə məlumat verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov kitabda beynəlxalq aləmdə dini təhlükəsizlik sahəsində baş verən proseslər və onların mahiyyəti, mövcud təhdidlər və onlarla mübarizə yolları, həmçinin Azərbaycan Respublikasında din və ideoloji təhlükəsizlik sahəsində həyata keçirilən fəaliyyətin işıqlandırılıldığını bildirib. Rektor 6 fəsildən ibarət nəşri bu sahədə çalışan mütəxəssislər, tələbələr üçün səmərəli vəsait kimi dəyərləndirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM