15 Aprel 2021 14:22
789
İQTİSADİYYAT
A- A+

“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir  

 Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. Ötən il noyabr ayının 16-da, Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu.

AZƏRTAC xəbər verir ki, “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.

Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürətləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

“Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Bütün yollar Qarabağa aparır!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video