22:10 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zəfər yolunun başlanğıcı

ANA SƏHİFƏ / SİYASƏT
01:13 29.09.2021

 

27 sentyabr 2020-ci il düşmən üzərində şanlı Qələbəmizin başlanğıcı günü kimi tarixə çevrilmişdir. Bəlkə də çoxları - erməni faşistlərinə havadarlıq edənlər, ilk növbədə,  Ermənistanın hərbi-siyasi hakimiyyəti qələbənin belə tez bir müddətdə -  44 gün ərzində qazanılacağını təsəvvür etmirdilər.

Torpaqlarımızı 30 il işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabazarlığa çevirən, minlərlə soydaşlarımızı qətlə yetirən, şikəst edən, bir milyondan artıq sakini öz ata-baba torpaqlarından didərgin salan və yeni torpaqlar işğal etmək istəyi olan erməni təcavüzkarları zənn edirdilər ki, bu döyüşlər də 2018-ci ilin aprelində olduğu kimi, bir neçə gün çəkəcək, himayədarlarının köməyi, xahişi nəticəsində yenə də dayandırılacaqdır.     

Ermənilər belə fikirləşirdilər ki, işğal etdikləri torpaqlar  artıq onlara məxsusdur və əlavə torpaqlar zəbt etmək uğrunda mübarizə aparmaq lazımdır. İlk növbədə, havadarlarına arxalanırdılar, çətin gündə onların köməyinə ümid bağlayırdılar və haqlarında heç bir tədbir görülməməsindən ruhlanırdılar. Zənn edirdilər ki, zaman onların xeyrinə işləyir. Havadarlarından bollu silah, maddi yardım alır, istədikləri təcavüzkar bəyanatları verir, beynəlxalq tribunalarda öz çirkin iddialarını səsləndirə bilirlər. Ancaq bu təcavüzkarlıq əməllərinə görə heç kim onları cəzalandırmırdı.

Ermənilər tam əmin idilər ki, artıq müharibə bitib və onlar Qarabağın, işğal etdikləri torpaqların daimi sakinləridirlər. Buna görə də Nikol Paşinyan utanıb çəkinmədən mötəbər tribunadan “Qarabağ Ermənistandır” bəyanatını səsləndirir, Şuşada yallı gedir, kef məclisləri qururdular.

Bu mövqe, tələb və təkidin olmaması, əksinə, ermənilərə göstərilən qayğı və rəğbət təcavüzkarları gündən-günə ruhlandırırdı. Onlar hər gün atəşkəsi pozur, dinc əhalini qətlə yetirir, sərhəddə təxribat törədirdilər. Azərbaycan dövlətinin, ölkəmizin rəhbəri cənab İlham Əliyevin, bəzi beynəlxalq  təşkilatların, hökumət başçılarının sülh çağırışlarına, münaqişəni danışıqlar yolu ilə həll etmək bəyanatlarına Ermənistanın hərbi-siyasi rəhbərliyi demək olar ki, heç bir əhəmiyyət vermirdi. Əksinə, ermənilər torpaqlarımızda muzdlu hərbi qruplaşmalar yaradır, təlimlər keçirir, ərazilərimizdə qanunsuz məskunlaşdırma həyata keçirirdilər. “Böyük Ermənistan” şüarlarını tez-tez gündəmə gətirir, ikinci bir erməni dövlətinin yaradılmasını hesab edirdilər.

Əlbəttə, bu dünyaya meydan oxumaq, beynəlxalq hüquq normalarına hörmətsizlik, Azərbaycan xalqının hissiyyatna toxunmaq, əslində isə qudurğanlıq idi. Faşizm ideologiyasını dövlət siyasətinə çevirən, andraniklərə, nijdelərə heykəllər ucaldan, cəlladların şəninə dastanlar yazan, şərəfinə küçələr salan bir dövlətə təsir göstərən, onu yolundan çəkindirən yox idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistanın faşist ideologiyasına xidmət etdiyini, ölkəmizə və xalqımıza qarşı əsl soyqrımı həyata keçirdiyini, torpaqlarımızı uzun müddət işğal altında saxladığını, şəhər və kəndlərimizin viran edildiyini dəfələrlə mötəbər kürsülərdən səsləndirməsinə, erməni millətçilərinin əməllərinin bəşəriyyət üçün təhlükə olduğunu dünyaya bəyan etməsinə baxmayaraq, çoxları susurdu. İkili standartlar, səmərəsiz danışıqlar, hadisələrə laqeyd münasibət, erməni millətçilərinə dəstək öz işini görür, təcavüzkarlara yeni təxribatlar, qətllər törətmək üçün qol-qanad verirdi.

Azərbaycan Prezidenti isə öz mövqeyində, sözündə qətiyyətli idi. Dövlət başçısı “heç vaxt torpaqlarımızda ikinci erməni dövləti yaradılmayacaq”, “biz işğal altında olan ərazilərimizi mütləq düşməndən təmizləyəcəyik”, “sülh yolu, danışıqlar fayda verməsə, hərb yolu qaçılmazdır”, “Qarabağ Azərbaycandır!” deyirdi.  Beynəlxalq təşkilatların, Ermənistana havadarlıq edənlərin ATƏT-in Minsk qrupunun ünvanına tənqidi fikirlər söyləyir, dünyanı haqqa, ədalətə səsləyirdi.

Ermənilər 1990-cı illərin ab-havası ilə yaşayırdılar. AXC-Müsavat cütlüyünün idarə etdiyi Azərbaycanın təlatümlü, özbaşınalıq, xəyanətlər, səriştəsizlik,  hakimiyyətsizlik dövrünün havasını başlarından hələ də çıxarmamışdılar. O dövrdə qazandıqları qələbələr - əldə etdikləri torpaqlar, törətdikləri faciələr, Xocalı, Qaradağlı kimi soyqırımıları onların gözünü pərdələyib inamlarını, qətiyyətlərini  artırmışdı. Hələ də dövlətimizin qüdrətini, Prezidentimizin qətiyyətini, xalqımızın gücünü və vətənpərvərliyini görə bilmirdilər.

Ermənistanın hərbi-siyasi rəhbərliyi cənab İlham Əliyevin düşünülmüş siyasi gedişlərinin gücünü, səmərəsini yalnız 27 sentyabrda anlamağa başladılar. Vətən müharibəsinin ilk günündən ordumuzun yenilməzliyini, əsgər və zabitlərimizin şücaətini, vətənpərvərliyini, xalqımızın birliyini, dönməzliyini, qəhrəmanlığını dərk etdilər.

44 günlük müharibə və qələbə bir həqiqəti ortaya qoydu və rəhbərin hakimiyyətdə olduğu illərdə vətəni, xalqı, torpağı üçün etdiklərini, gördüklərini, həyata keçirdiklərini nəinki azğın düşmənə, bütün dünyaya nümayiş etdirdi.

Xalqın öz Prezidentinə məhəbbəti, ehtiramı, Vətən, torpaq uğrunda mübarizə çağırışına bir nəfər kimi cavab verməsi birliyimizin, həmrəyliyimizin ifadəsi kimi müharibə günlərində özünü daha aydın şəkildə göstərdi. Qarabağın azadlığına gedən yolda hər bir vətəndaş Prezidentin yanında olmağı, ona dəstək verməyi özünün müqəddəs borcu və həyat amalı kimi qiymətləndirir, döyüşlərdəki qəhrəmanlığı ilə sübut edirdi.

Bu çox qürur doğuran, xalqımızın adına şərəf gətirən bir hal kimi qiymətləndirilməli, zaman-zaman xatırlanmalıdır ki,  on minlərlə əsgər və zabitin iştirak etdiyi müharibədə bir nəfər də fərarilik etmədi, döyüşlərdən geri çəkilmədi. Əksinə, yaralı-yaralı döyüşə atılanların, yarası ağır olsa da, müalicəyə getməkdən imtina edənlərin, vuruşmağa can atanların sayı çoxaldı.

Gəncə, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy hər gün top, raket atəşinə məruz qalsa da, nəinki yaşlılar, kiçik uşaqlar belə qətlə yetirilsə də, bir an olsun belə insanların qələbəyə inamı azalmadı, onlar hər gün ölkə rəhbərinin dilindən kəndlərimizin, yaşayış məntəqələrimizin işğaldan azad olunması xəbərini aldıqca sevindilər, öz övladlarına qəhrəman kimi vuruşmağı, düşmənə bir anda aman verməməyi tapşırdılar.           

Azərbaycan Prezidentinin, Ali Baş Komandanın hər gün televiziya ekranına çıxmağını səbirsizliklə gözləyən vətəndaşlarımız bu gün də qalib rəhbərin xarici jurnalistlərə verdiyi müsahibələrin təsiri altındadılar və həmin anları dönə - dönə xatırlayırlar. Çünki dövlət başçısı bizi istəməyən, uğurlarımıza kölgə salmağa çalışan, ermənilərin mövqeyindən çıxış edən xarici ölkələrin jurnalistlərinə müsahibə ilə bərabər, həm də dərs verirdi. Tarixi keçmişimizi yada salır, ermənilərin kimliyini, əməllərini, kimə arxalandıqlarını, dünənini və bu gününü, nəyə qadir olduqlarını və hansı ideologiyaya xidmət etdiklərini real faktlarla dünyaya çatdırırdı.

44 günlük müharibə dövründə Ali Baş Komandan döyüşlərin gedişi ilə əlaqədar vətəndaşlara məlumat verməyi lazım bilir və onları sevindirməyə çalışırdı. Həm də Ermənistanın hərbi arsenalına diqqəti cəlb etməyi vacib sayır və bu qədər silah-sursatın necə əldə olunduğunu gündəmə gətirirdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün təsirlərə baxmayaraq, öz mövqeyində qətiyyətli idi və mübarizədən bir an belə geri çəkilmirdi. O tarixi ədalətə, beynəlxalq hüquqa, xalqın istəyinə arxalanırdı. İnsanların torpaq sevgisini, od-ocaq həsrətini, qələbəyə inamını, birliyini yaxşı görürdü. Məhz buna görə də “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini əsaslandırır, “torpaqlarımız mütləq işğaldan azad ediləcək” bəyanatları ilə erməniləri sülhə, danışıqlara səsləyirdi.

Müharibə günlərinin hər bir anı Azərbaycanın hərb tarixinə həkk olunan qızıl səhifələrdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son dərəcə düşünülmüş, ölçüb-biçilmiş, zərgər dəqiqliyi ilə hesablanmış siyasi gedişləri, ordumuzun döyüş məharəti, igid oğullarımızın qəhrəmanlığı, xalqımızın birliyi tarixi qələbəmizin rəhni olmaqla yanaşı, həm də dövlətimizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Dövlət başçısı bu müharibəni “ədalətli müharibə, haqqın qələbəsi” adlandırmışdı: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını sürətləndirdi. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.

Bu qələbənin qısa müddətdə əldə edilməsi də möhtəşəm və unudulmazdır. Bu qələbə həqiqətən də qəhrəmanlıq, şücaət, Vətənə, torpağa hədsiz məhəbbət nümunəsidir.      

Ən çox sevinən, xalqı və ordusu ilə qürur duyan, fəxr edən Azərbaycan Prezidentidir. Ölkə rəhbəri müharibənin başa çatdığı ilk gündən döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbçilərimizi Azərbaycanın ən yüksək mükafatları ilə təltif etdi, dəfələrlə yaralı əsgər və zabitlərimizə baş çəkdi, onların sağlamlığı üçün əlindən gələni əsirgəmədi. Şəhid ailələrinə qayğı və diqqətin artırılması üçün mühüm tapşırıqlar verdi, sərəncamlar imzaladı.

Vətən müharibəsində qazanılan tarixi qələbə münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad isə dövlətimizin hərbi qüdrətini bir daha dünyaya göstərdi. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, ölkəmizə daimi siyasi və mənəvi dəstək vermiş, müharibənin bütün anlarında xalqımızın yanında olduqlarını bəyan edən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi qardaşlığın və dostluğun əbədiliyinin və sarsılmazlığının təsdiqi idi.

Bu gün torpaqlarımız düşməndən azaddır. Erməni təcavüzkarları öz cavablarını alıblar. Ermənistan hakimiyyəti, ordusu çökdürülmüşdür. Azərbaycan Prezidenti cənab İlham Əliyev tarixi ədaləti bərpa etməklə dünyaya haqqın, hüququn üzünü göstərdi və yeni reallıqlar yaratdı. 30 il ərzində beynəlxalq təşkilatların, sözü keçən dövlətlərin, ATƏT-in Minsk qrupunun həyata keçirə bilmədiklərini ordumuzun, xalqımızın gücü, qüdrəti ilə 44 gündə yerinə yetirdi.

Reallıq - azğın düşmənin susdurulması, təcavüzkarın torpaqlarımızdan çıxarılmasıdır.

 Reallıq - ordumuzun güclü və qüdrətli olması, gündən-günə möhkəmlənməsi, peşəkarlığını artırmasıdır.

Reallıq - xalqın birliyi, Vətən, torpaq təəssübkeşliyi, elinə, obasına məhəbbətdir.

Reallıq - iqtisadiyyatımızın davamlı və inkişafda olmasıdır.

Reallıq - bu gün, qələbədən sonra Qarabağın bərpası uğrunda həyata keçirilən böyük tədbirlərdir.

Bütün bunları yaradan, dünyaya təqdim edən, xalqımızın aydın, xoşbəxt sabahına zəmanət verən isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, xalqımızın firavan həyatına, dövlətimizin inkişafına hesablanan siyasəti, qətiyyəti və xalqına inamıdır. “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, - deyən Prezident, Ali Baş Komandan İlham Əliyev bir il bundan əvvəl torpaqlarımızın işğaldan azad olunması üçün gecəsini gündüzünə qatıb düşmənə qalib gəlməyin yolları barədə düşünürdüsə, bu gün Qarabağın bərpası, cənnətə çevrilməsi üçün çalışır, mühüm tədbirlər görür, işğaldan azad edilmiş əraziləri qürurla gəzir və yeni planlar qurur.          

Bu gün görülən işlərin miqyası isə çox genişdir. Qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Şuşa şəhərinə  çəkilən maqistral yol tamamlanmaq üzrədir. Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, “Vaqif Poeziya Günləri”nin keçirilməsi, sərgilərin təşkili, binaların, küçələrin təmiri, şəhərə suyun, işığın çəkilməsi və görülən bir sıra mühüm tədbirlər Şuşanın ölkəmizin mədəniyyət paytaxtına və həm də cənnətə çevriləcəyinə zəmanətdir.      

Zəngilan və Laçında tikilən hava limanları, həyata keçirilən “ağıllı kənd”, “ağıllı şəhər” layihələri, quraşdırılan elektrik stansiyaları, çəkilən yeni yollar, abadlıq, bərpa işləri iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlər 44 günlük müharibənin, tarixi qələbəmizin xalqımıza verdiyi imkanlardır.

Dövlətimizin rəhbəri tərəfindən erməni vəhşiliyinin qurbanı olan şəhər və kəndlərimizdə, ərazilərimizdə mühüm strateji obyektlərin, müəssisələrin təməlinin qoyulması, tikinti işlərinin geniş vüsət alması, mütərəqqi, müasir texnologiyaların tədbiqinə meydan verilməsi gələcək uğurlarımızdan xəbər verir. Bütün bunlar bir ilin nəticələridir, 27 sentyabr 2020-ci ildən başlanan Zəfər yürüşünün, qələbə əzminin uğurlarıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizi və xalqımızı daha böyük qələbələr gözləyir. Döyüşlərdəki qələbələr Qarabağın bərpasında, ölkəmizin sosial-iqtisadi inkişafında, xalqımızın azad, xoşbəxt həyatında təkrarlanır və hər bir vətəndaş bundan qürur duyur, fəxr edir.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM