03 Oktyabr 2021 00:29
1718
SİYASƏT
A- A+

Zəfər savaşımız və ya nə gözəl duyğudur Vətən sevgisi!

 

Müharibənin başlanması xəbərinin yayıldığı o həyəcanlı 27 sentyabr günündən bir il ötür. Qan-qada, ölüm-itim olan, insanlara iztirab, kədər, göz yaşları gətirən müharibə dəhşətləri uzun illər boyunca xalqımızın taleyinə yazılsa da, əslində, biz alovlanan bu hərb qovğasına sevinirdik. Ürəyimizi həyəcan qarışıq coşqu, sevinc hissi bürümüşdü. Ən başlıcası isə illər boyu daşa dəyib çiliklənən ümidlərimiz yenidən cücərib bizə bu dəfə “qələbə mütləq bizim olacaq” inamını aşılayırdı. “Qığılcımdan alov doğar” kəlamı sanki o günlər üçün deyilibmiş. Səbir kasası aşıb-daşan ürəyimizə səpilmiş ümid və inam qığılcımları həmin gün boy verib gur alova çevrilmişdi.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin həmin gün xalqa müraciəti ümidlərimizə nur çiləmiş, əzəli-əbədi Qarabağımızın və erməni vandallarının işğal etdiyi digər yurd yerlərimizin azad ediləcəyinə inamımızı artırmışdı. Ali Baş Komandan Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter aldığını, 27 sentyabr tarixində səhər tezdən düşmənin silahlı qüvvələrinin hərbi mövqelərimizi və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutduğunu, mülki əhali və hərbçilərimiz arasında itkilərin, həmçinin şəhidlərin və yaralananların olduğunu, onların qanının yerdə qalmayacağını söyləmişdi. Erməni faşizminin növbəti təzahürünün aradan qaldırılması üçün ordumuzun elə həmin saatlardan düşmənə sarsıdıcı zərbələr endirdiyini, qarşı tərəfin hərbi texnikasının sıradan çıxarıldığını diqqətə çatdırmışdı.

Ötən ilin iyul ayında Tovuz istiqamətində düşmənin törətdiyi hərbi təxribat, avqustda ölkəmizə planlaşdırılmış diversiya qrupunun göndərilməsi Ermənistan hərbi-siyasi rəhbərliyinin yeni ərazilər uğrunda işğal siyasətinin tərkib hissəsi idi, eyni zamanda Azərbaycanda terror aktları törətmək məqsədi güdürdü.

Başladığımız haqlı savaş regionda təhlükə mənbəyi olan Ermənistanın çirkin işğalçılıq və mülki əhaliyə qarşı terror siyasətinə qarşı yönəlmişdi. Cəmi 44 gün çəkən İkinci Qarabağ müharibəsinin məqsədi bütün dünyanın Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı Qarabağın düşmən tapdağından təmizlənməsi, yurd yerlərimizin azad edilməsi idi. Biz beynəlxalq hüquqa və ədalətə söykənib öz torpaqlarımızda düşmənə sarsıdıcı zərbələr endirir, erməni işğalına son qoymaq üçün ölkəmizin ərazi bütövlüyünü qoruyur, müdafiə edirdik. Bilirdik ki, dövlət başçısının təbirincə desək, “biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Qətiyyətlə söylənən bu fikirlər hər bir soydaşımızda həm haqq işimizin labüdlüyünə bir yəqinlik yaradır, həm də mübarizə əzmimizi artırırdı. Bu bir həqiqətdir ki, hər hansı bir savaşda qələbənin rəhni ruh yüksəkliyi, döyüş əzmi, möhkəm iradədir. Məhz bu amillər, üstəgəl həmrəylik, müdrik sərkərdəmizin rəhbərliyi ilə ordu və xalqın birliyi bizə möhtəşəm Zəfərimizin sevincini bəxş etdi. Bu coşqu, fərəh hissini heç nə ilə müqayisə etmək olmaz. Sən demə, insanın ömrü boyu unutmadığı bütün sevinc anları doğma yurd yerlərimizin azad edilməsi ilə bağlı yaşadığımız fərəh duyğusunun yanında zəif  bir işartı imiş. Dağ boyda sevinci bizə yaşadan, xalqımıza xoş ovqat bəxş edən Milli Ordumuzla qürur duyuruq.

“Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, mətin iradə sahibi kimi!” Ali Baş Komandanın bu mesajı tarixi ədalətin bərqərar olmasının bütün dünyaya ismarıcı, diktəsi idi. Fəxr-fəxarət hissi keçiririk ki, qalib ordumuz Zəfər çalmaqla adını dünya hərb tarixinə həkk edib. Əsirlikdə qalan torpaqlarımızın düşməndən azad edilməsi müdrik rəhbərimizin dönməz iradəsinin, ordumuzun əzmkarlığının göstəricisidir. Müzəffər ordumuz gündən-günə artan ruh yüksəkliyi, mübarizə əzmi və sərkərdəsinin qətiyyəti ilə çağdaş günümüzdə tarix yazıb. Bu qəhrəmanlıq tarixi həm də əsgər və zabitlərimizin şücaəti, hünəri ilə yazılıb.

Heç kəs anadan qəhrəman doğulmur. Qəhrəmanlığı doğuran zaman və insanın üzləşdiyi şəraitdir. Qəhrəmanlıq və Vətən sevgisi həmişə qoşa addımlayır. Dara düşən Vətənin harayına qalxan oğullarımız rəşadət, qəhrəmanlıq yolu keçərək əsl el igidləri kimi tanındılar, şirin canlarını doğma yurda fəda etdilər. Tanınmış türk şairi, türkçülüyün ünlü isimlərindən olan  Hüseyn Nihal Atsızın məşhur şeirində deyildiyi kimi:

 

Qəhrəmanlıq nə bir yüksəliş deməkdir,

Nə də ulduzlar kimi parlayıb sönməkdir.

Bunun için ölümə bir atılış gərəkdir,

Atıldıqdan sonra da bir daha dönməməkdir...

 

Düşmən əsarətində qalmış yurd yerlərimizin hər qarışı uğrunda çarpışan, canından keçən igidlərimizin torpağa səpələnmiş al-qanıyla yazılıb hərb salnaməmiz. Doğma yurdun ərazi bütövlüyü uğrunda şəhid olan oğulları dünyaya gətirmiş analar “Təki Vətən sağ olsun!” deyirlər. Axı, məmləkəti düşmənə çəpər oğullar qoruyar, millətin namusunu, heysiyyətini, şərəfini hər şeydən uca tutarlar. Şanlı ordumuzun sıralarında birləşən ərənlər kimi.

“Qalib haqlı olandır” deyiblər. Əsgər və zabitlərimiz həm də məlum münaqişə nəticəsində öz yurdunda qaçqına və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq soydaşımızın çəkdiyi iztirablara son qoyulması, əzəli torpaqlarımızı murdar düşməndən təmizləmək üçün od-alov püskürən, barıt qoxulu cəbhələrə atılmışdı, Vətən müharibəsinə qoşulmuşdu. Onların dönməz savaşı, cəng-cidası, mücadiləsi müqəddəs amal uğrundaydı.

Olduqca çətin şəraitdə aparılmış Şuşa döyüşləri də dünya hərb tarixinin parlaq səhifələrindəndir. Şuşa səmasında cövlan edən “Bayraqdar”lar, PUA-lar da igid oğullarımız kimi, düşmənə göz açmağa aman vermədi. İşğalçılar vahimə, təlaş və çaşqınlıq içində canlarını götürüb, döyüş texnikasını, silahlarını tullayıb qaçırdılar. “Dəmir yumruq” öz sözünü demiş, yüksək döyüş hazırlıqlı əsgər və zabitlərimiz xüsusi savaş taktikası ilə erməni vandallarının qəniminə çevrilmişdi.

Unudulmaz 44 gün ərzində hər birimiz möhtəşəm həmrəyliyin şahidi olduq. Dövlət, xalq və ordu birliyinin qüdrətini gördük. Bu sıx vəhdət ürəyimizdə fəxarət duyğusu yaratdı. Xalqımız bütün dünyaya, bizi dəstəkləyən və dəstəkləməyən dövlətlərə haqq işi naminə bir yumruqtək birləşmək nümunəsi göstərdi. Çünki Vətənimiz düşmənin strateji nöqtələrini sərrast nişan alan, hədəfi iti görən qartal baxışlı, aslan pəncəli, təpərli oğullarına güvənirdi. İşğal altında olan torpaqlarımızı buxovdan, qandaldan məhz bu oğullar qurtardılar. Birinci Qarabağ savaşında döyüşmüş cəsur oğul və qızlarımızın bu dəfə övladları odlu cəbhələrdə Zəfər yürüşünə çıxıb, düşmənə qan uddurdu. Uzun müddətdən bəri bağlanmış, kol-kos basmış yollarımız açıldı. Otuz il əsirlikdə qalan, tank tırtıllarından cadar-cadar olmuş torpaqlarımız indi öz gerçək sahiblərinin nəfəsi ilə isinməkdədir.

“Qarabağda cənnət yaradacağıq!” mesajını verən dövlət başçısı yeni infrastruktur və quruculuq işlərinə başlanacağını bəyan etdikdən sonra əsl inkişaf mərhələsinə start verilib, yeni hədəflər müəyyənləşdirilib. İşğaldan azad edilmiş şəhərlərimizin, o cümlədən mədəniyyət paytaxtımız Şuşanın Baş planı həyata keçirilməkdədir. Nicat tapan yurd yerlərimiz tezliklə abad ediləcək, al-əlvan gülüstana çevriləcək.

Bu gün digər inkişaf etmiş ölkələr kimi, Azərbaycanın  da təcrübələri beynəlxalq səviyyədə diqqəti çəkir. Prezident İlham Əliyev öz innovativ təşəbbüsləri, kreativ düşüncə tərzi ilə dünyada saysız-hesabsız uğurlara imza atan siyasi liderlərdən biri kimi tanınır. Onun  rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz və söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına üzv ölkə kimi seçilməsi bunu sübut edən əsas amillərdəndir. Uğurlu diplomatik siyasətinin, intellektinin və qətiyyətli addımlarının nəticəsi olaraq, dövlət başçısı İlham Əliyev 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatının sədri elan edilmişdir.

Hazırda Azərbaycan mükəmməl multikulturalizmi ilə də inkişaf etmiş ölkələr sırasındadır. Ölkədə yaşayan milli azlıqlara və etnik qrupların təmsilçilərinə olan tolerant münasibət Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas məkanlarından birinə çevirib. Ölkəmizdə keçirilən beynəlxalq mərasimlər, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları buna misaldır.

 

Zemfira MƏHƏRRƏMLİ,

Əməkdar jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video