10 Iyun 2021 00:36
1008
İQTİSADİYYAT
A- A+

Yükdaşımada problem yoxdur

 

Bu, həm də ölkəmizin nəqliyyat qovşağına çevrilməsinin nəticəsidir        

 

Başqa sözlə, açıq dənizlərə çıxışı olmayan ölkəmiz indi Avrasiyanın nəqliyyat mərkəzlərindən biridir. Bütün bunların nəticəsidir ki, pandemiya dövründə də nəqliyyat ahəngdar fəaliyyət göstərib, yüklər mənzil başına vaxtında çatdırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 62,4 milyon ton yük daşınıb. Yüklərin 55,4 faizi avtomobil, 7,8 faizi dəmir yolu, 3,2 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı, 33,4 faizi isə boru kəməri ilə daşınıb.

Dəniz limanlarında da işlər rəvan gedir. Belə ki, ilin ilk 4 ayında dəniz limanlarında 3 milyon 159,4 min ton həcmində yükləmə-boşaltma əməliyyatları həyata keçirilib. Bu yüklərin 3 milyon 42,1 min tonunu və ya 96,3 faizini tranzit yüklər təşkil edib. Mayın 1-nə limanlarda qalan yüklərin həcmi 78,4 min ton olub.

Yeri gəlmişkən qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanması (DND) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2020-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi müsabiqənin qalibləri arasında yer alıb.

ASCO-nun bütün strukturlarında olduğu kimi, DND-də də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatına, normal iş şəraitinin yaradılmasına, istehsalatda bədbəxt hadisələrin baş verməməsinə, təhlükəsizlik qaydalarına və əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.

Koronavirus dövründə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar da ləngiməyib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin 4 ayında dəmir yolu ilə yükdaşımalar ötən ilin müvafiq dövrünə nisbətən artıb. Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi üçün də əməkdaşlıq əlaqələri qurulur.

Doğrudur, COVID-19-la bağlı ilk vaxtlardan bütün nəqliyyat sektorlarında sərnişindaşıma ilə əlaqədar vəziyyət  çətinləşib. Məsələn, elə cari ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 176 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 59,9 faiz az sərnişin daşınıb. Dörd ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı da 2020-ci ilin eyni dövrü ilə müqayisədə  25,9 faiz azalaraq 4,3 min nəfər təşkil edib.

Bununla belə, koronavirus xəstələrinin sayı azaldıqca nəqliyyatın bütün sahələrində reyslərin bərpa olunması ilə bu vəziyyət  də tədricən aradan qaldırılacaq.

İlin əvvəlindən magistral  qaz kəmərləri də ahəngdar işləyir. Bu yolla 12 milyard 387,4 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 10,8 faiz artım müşahidə olunub.

4 ayda qaz nəqlinin 48,1 faizi Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə həyata keçirilib.  Bu  boru xəttilə 5 milyard 963,4 milyon kubmetr təbii qaz ixrac edilib.

Keçən ilin  sonunda istifadəyə verilən TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) isə bu vaxtadək Avropaya 2 milyard kubmetrdən çox Azərbaycan  qazı nəql olunub. Sifarişçilərə etibarlı nəqletmə xidmətləri göstərilir.

 TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyini təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır. Bu kəmər  “Cənub qaz dəhlizi”nin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

Ölkəmizin nəqliyyat təhlükəsizliyinin təmin edildiyini vurğulayan Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilibdir və bizim fəal iştirakımızla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri fəaliyyətdədir və deyə bilərəm ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, bizim imkanlarımız daha da genişlənir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik”.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video