24 Sentyabr 2021 03:24
600
Səhiyyə
A- A+

Yoluxma və ölüm sayı azalsa da, statistik göstərici qənaətbəxş deyil

 

Yeni növ koronavirusun hələlik sonu görünmür. Yenə də dünyada COVID-19-la bağlı yayılmış statistika vəziyyətin ürəkaçan olmadığını söyləməyə əsas verir. Belə ki, bu təhlükəli virusa yoluxanların ümumi sayı 230 milyonu ötüb. Koronavirus səbəbindən həyatını itirənlərin sayı isə 4 milyon 700 mindən çoxdur.

Qlobal bəla hər gün dünyanın müxtəlif ölkələrində fəsadlar törətməkdə davam edir. Qeyd edək ki, koronavirusa yoluxma sayına görə hələ də birinci yerdə ABŞ dayanır.

Sərhəd qonşularımız Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanda da koronavirus hər gün neçə-neçə insanın sağlamlığını təhdid edir, həyatına son qoyur.

 

Ölkəmizdə yeni tədris ili başladı...

 

Azərbaycanda son günlər COVID-19-a yoluxanların və bu səbəbdən vəfat edənlərin saylarında azalma müşahidə olunur. Buna baxmayaraq, statistik göstəricilər hələ də vəziyyətin ciddi olduğunu deməyə əsas verir. Digər tərəfdən artıq məlumdur ki, bu gözəgörünməz düşmənə arxayın olmaq ağır nəticələnə bilər. Odur ki, arxayınlaşmaq, ehtiyatı əldən vermək olmaz. Sadə qaydaları unutmamalıyıq. Yəni məsafə saxlamalı, maska taxmalı, gigiyenik tələblərə riayət etməliyik və peyvənd olunmalıyıq. Hələlik bütün dünyada koronavirusla mübarizənin yolu bunlardır.

COVID-19, onunla bağlı təşvişlərin, narahatlıqların sonu gəlməsə də, ümid doğuran məsələlər də olur. Bunlardan biri də dünəndən etibarən Azərbaycanda yeni tədris ilinin başlamasıdır. Belə ki, artıq sentyabrın 22-dən ölkəmizdə bütün məktəblərdə I-IV siniflərdə dərslər bərpa olunub.

Sentyabrın 29-dan isə V-XI siniflərdə əyani təhsilin başlanması nəzərdə tutulub. Ali məktəblər, kolleclər və digər təhsil müəssisələri həmin gündən açılacaq. 

Qeyd edək ki, yeni tədris ilində 158608 şagird birinci sinfə gedir. Respublikanın ümumtəhsil müəssisələrində 2021-2022-ci tədris ilində ümumilikdə 1589829 şagirdin təhsil alacağı bildirilib. Həm orta ümumtəhsil, həm də ali və orta-ixtisas tədris müəssisələrində çalışan təhsil işçilərinin çoxluğunu da nəzərə alsaq, aydın olur ki, koronavirusa qarşı tədbirləri daha da gücləndirmək labüddür.

 

Qaydalara dəyişiklik edildi

 

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda dəyişiklik edib. Qərarda qeyd olunub ki, təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bildirilir ki, bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

Bundan əlavə, qərara əsasən “ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVD-19-a qarşı immunitet sertifikatı) olmalıdır”.

Qərarda bildirilib ki, ali və orta-ixtisas təhsil müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına əməl olunmaqla istifadə edilir. Koronavirusla bağlı daha bir məhdudlaşdırılma isə müəllimlərlə bağlıdır. Belə ki, “müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.

Həmçinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda edilən dəyişiklikdə yeməkxanalara (bufetlərə)  dair tələblər müəyyənləşdirilib.

Baş nazir Əli Əsədovun imzaladığı dəyişiklikdə qeyd olunan tələblərə görə, yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur, təhsil alanların yeməkdən əvvəl və sonra əllərini bol su və sabunla yuması üçün şərait yaradılır. Eyni zamanda yeməkxana əməkdaşının şəxsi gigiyena qaydalarına əməl etməsi, əlcək və tibbi maska taxması, yeməkxanada stollar arasında məsafənin 2 metrdən az, oturacaqların ara məsafəsinin isə 1 metrdən az olmaması, təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsinin təmin edilməsi və digər vacib məsələlər dəyişiklikdə əksini tapıb.

 

Koronavirusla bağlı tədbirləri daha da gücləndirmək labüddür

 

Yeni tədris ilinin builki sevinci də qeyri-müəyyənlikdən və narahat düşüncələrdən xali deyil. Əyani təhsilin davam etməsini hər kəs arzulasa da, vəziyyətin necə olacağı bilinmir. Çünki ötən ilin acı təcrübəsi var. Ənənəvi təhsilin davam etməsini arzulamaqla və buna ümid etməklə isə, təəssüf ki, məsələ bitmir. Koronavirus öz meydanını genişləndirmək, daha çox insanı öz əsirinə çevirmək, sağlamlığını əlindən almaq, həyatına son qoymaq üçün pusqudadır.  Gözəgörünməz düşmənə bu fürsəti verməmək isə hər birimizdən asılıdır. Qlobal pandemiyanın ilk günlərindən söylədiyimiz kimi: “Biz birlikdə güclüyük”. Birlikdə mübarizə aparmasaq, hər birimiz həm özümüz, həm də ətrafımızdakı insanların həyatını, sağlamlığını düşünüb, güclü olmasaq, “düşmən”lə mübarizədə uduzacağıq. Nəticəsi isə hamımız üçün ağır olacaq.

Dünyada ən gözəl səs uşaq gülüşüdür. Tədris müəssisələrimizin, təlim-tərbiyə ocaqlarımızın yenidən sükuta qərq olmaması naminə koronavirusla mübarizənin ciddiliyini yaddan çıxarmamalıyıq.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video