11 Yanvar 2012 12:01
297
CƏMİYYƏT
A- A+

«Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi» mövzusunda seminar keçirilmişdir

 

Yanvarın 10-da Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşkilatçılığı ilə "Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) maliyyə dəstəyi ilə təşkil olunmuş seminarda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Milli Məclisin regional məsələlər komitəsinin, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının,  Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının, Milli Arxiv İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, bələdiyyə sədrləri, üzvləri və s. iştirak etmişlər. 

Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən işlərdən, yerli sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin fəallığının ildən-ilə artdığını bildirmişdir.

Ötən ilin Azərbaycan üçün çox uğurlu olduğunu qeyd edən M.Səlimzadə vurğulamışdır ki, il ərzində ölkəmizdə, xüsusən də sosial-iqtisadi sahələrin inkişafında uğurlu nəticələr əldə olunmuşdur. 2004-cü ildən bugünədək respublikamızda sosial-iqtisadi inkişaf üzrə dövlət proqramlarının həyata keçirilməsində bələdiyyələr də yaxından iştirak etmişlər. 2012-ci ildə də bu işlər uğurla davam etdiriləcəkdir.

Respublikamızda ötən il bələdiyyələr sahəsində görülən işlərdən, dövlət siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlərdən ən başlıcası qanunvericilikdə həyata keçirilmiş dəyişiklikləri qeyd etmək olar. Dövlət siyasətində mütəmadi olaraq ilbəil bələdiyyələrə yardım göstərilməsi, onların işinin təşkili və imkanlarının artırılması istiqamətində də əməli tədbirlər həyata keçirilir.

Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Pənah Cahangirov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev tədbirin əhəmiyyətindən danışmışlar. 

Mövzunun aktual və bugünümüz üçün çox vacib olduğu bildirilmiş və gələcəkdə daha yaxşı fəaliyyət göstərilməsi üçün  əhəmiyyəti vurğulanmışdır. İnkişafın durmadan artdığı Azərbaycan cəmiyyətində bələdiyyələr də inkişaf etməli və onların da öz yeri olmalıdır. Ona görə də Milli Məclis tərəfindən tez-tez qanunvericilik aktlarına müraciətlər olunur, bir çox maddələr dəyişdirilir və yaxud  həmin maddələrə əlavələr olunur. Bu, təbii bir haldır. Çünki bu  inkişafımızla, ölkədə gedən sosial iqtisadi vəziyyətlə əlaqədardır. Cəmiyyət inkişaf edirsə, əsas bir faza kimi fəaliyyət göstərən yerli özünüidarəetmə də inkişaf etməli, təkmilləşməlidir.

Qeyd olunmuşdur ki, Azərbaycan  bütün dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Hətta bəzi göstəricilərə görə Azərbaycan demək olar ki, dünyanın ən dinamik inkişaf edən ölkəsidir. Belə olan vəziyyətdə inkişafda olan ölkənin dövlətçiliyi də inkişafdadır. Dövlətçiliyin tərkib hissəsi olan qanunvericilik də daim inkişaf edir, yeni qanunlar qəbul edilir, qəbul edilmiş qanunlara dəyişikliklər edilir. Bunlar hamısı təbii proseslərdir.

Tədbirdə vurğulanmışdır ki, bir çox vaxtlarda şərh tələb edilən qanunlara dair təlimatlar da hazırlanır. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, milli assosiasiyalarımız, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) kimi təşkilatların belə bir tədbirin təşkilatçısı olaraq çıxış etmələri olduqca təqdirəlayiqdir. Milli assosiasiyalarımızın belə bir tədbirlərin təşkil edilməsində iştirakı təbiidirsə, yəni bu, onların birbaşa vəzifə borcudursa, Bələdiyyələrlə İş Mərkəzinin belə bir tədbirdə təşkilatçı kimi çıxış etməsi də təqdirəlayiq bir haldır.

GİZ-in "Yerli Özünüidarəetmə Proqramı"nın ölkə üzrə rəhbəri Katarina Lampe Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirmişdir.

Seminarda iştirak edən bələdiyyə nümayəndələri onları narahat edən məsələlərdən danışmış, dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərdiyini yüksək qiymətləndirmiş, fəaliyyətlərində yol verilən nöqsanların aradan qaldırılmasının vacibliyini bildirmişlər.

Qeyd olunmuşdur ki, bələdiyyələr yerli əhalinin üzləşdiyi sosial problemlərin həllində daha fəal olmalı və fəaliyyətlərində qanunçuluğa əməl olunmasını təmin etməlidirlər.

Tədbirdə "Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik", "Bələdiyyələrdə arxiv işinin təşkili", "Bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri" və "İnsan hüquqlarının qorunması işində bələdiyyələrin rolu" mövzularında çıxışlar olmuş, müzakirələr aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video