21:53 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni Qarabağın baş qurucusu

ANA SƏHİFƏ / SİYASƏT
00:34 01.06.2021

 

Həmişə Bakıdan səfərə çıxanda “Ağdama gedirik” desək də, əslində, Ağdamın Quzanlı qəsəbəsinə getmişik...

Bu dəfə isə, həqiqətən, Ağdam şəhərinə gedirdik!

Ulu Tanrıya dua edə-edə...

Bizə bu xoşbəxtliyi nəsib edən Müzəffər Ali Baş Komandan

İlham Əliyevə dərin təşəkkür və minnətdarlıq duyğuları ilə!..

Həm də qeyri-adi bir məramla...

Yeni tikiləcək Ağdam şəhərinin təməlqoyma mərasimində iştirak edəcəkdik!

Bəzən insan uzun illər həsrətini çəkdiyi xoşbəxtliyə qovuşanda səadət duyğularından başı gicəllənir, istəyinə yetdiyinə inanmaqda çətinlik çəkir...

Doğrudanmı biz öz Ağdamımıza gedirik?!

28 il həsrətini çəkdiyimiz, uzaqdan yana-yana, qovrula-qovrula baxdığımız Ağdama!..

Hamımıza belə bir hiss hakim kəsilmişdi!

***

Yolboyu sevinc hissi bizi tərk etmirdi.

Mühəndislərin söylədiyi kimi, birincidərəcəli rahat asfalt yolla maşınımız şütüyürdü.

Pəncərədən isə bizə çoxdan tanış olan, gözümüzün öyrəşdiyi mənzərəni seyr edirdik.

Arabir mobil telefona nəzər salır, yeni baş verən hadisələri də öyrənirdik.

Yenidən tikilib qurulan, öz gözəlliyi ilə turistləri və qonaqları heyran qoyan qədim və gözəl Bakımızı tərk edirik.

Əbəs yerə mayı ayların gözəli saymırlar.

Bu ayda yenidən canlanan təbiət ən gözəl libasını geyinərək bəzənir, ağaclar yaşıl dona bürünür, çöl-çəmən laləzara çevrilir.

Müstəqillik dövründə böyüməyən, genişlənib abadlaşmayan kənd və qəsəbə, rayon mərkəzləri qalmayıb.

Yolboyu onlara fərəhlə, razılıqla tamaşa edirik.

Hamı özünə yeni, yaraşıqlı, hər bir rahatlığı olan ev tikib, güzəran qurub.

Elə kəndlərimiz var ki, insanlarımız ikimərtəbəli evlərlə qane olmayıblar, özlərinə üçmərtəbəli “villa”lar tikdiriblər.

Getdiyimiz yol da, bizi sürətlə aparan “Mersedes” markalı avtobus da, seyr etdiyimiz abad, yaraşıqlı yaşayış məntəqələri də, cibimizdəki mobil telefon da, hətta gözəl Qarabağın azadlığa qovuşması da müstəqilliyimizin bəhrəsidir.

Dövlət müstəqilliyimiz, onun sayəsində təbii sərvətlərimizə sahib çıxmağımız belə bir güzəran qurmağa şərait yaradıb!

Ən əsası dövlətimiz milli maraqları təmin edən uğurlu siyasət yeridib, dövlət başçısı daim vətəndaşlarının yanında olub, onların arzu və istəklərini gerçəkləşdirib.

***

Bəli, müstəqillik gözəl, əvəzsiz nemətdir.

Ancaq onun şirin bəhrəsindən doyunca dada bilməmişdik.

30 il bundan əvvəl özlərini Xalq Cümhuriyyətinin varisləri kimi bu müstəqilliyi Konstitusiya aktı şəklində bəyan edənlər yalnız müstəqil dövlət olduğumuzu ucadan söyləmişdilər!

Vəssalam!

Müstəqil ölkəmizi inkişaf etdirəcək iqtisadiyyatımız, bu respublikanı dünya dövlətləri sırasına çıxaracaq siyasətimiz, yeni dövləti qorumağa qadir ordumuz, ölkə daxilində həmrəylik, barış və intibah yaradan daxili siyasətimiz, gələcəklə bağlı aydın və uzaqgörən proqramlarımız yox idi!

Ölkəyə başçılıq edənlərin bir qismi Azərbaycanın SSRİ tərkibində qalması barədə referendum keçirir, başqa bir qrup hakimiyyət hərisi isə iqtidara gəlmək, şəxsi maraqlarını təmin etmək barədə düşünərək anarxiya və başıpozuqluq yaradırdı.

Sadə xalq isə torpağını necə qoruyacağını, düşməndən nə sayaq müdafiə olunacağını, dərdini kimə deyərək kimdən əlac umacağını kəsdirə bilmirdi...

1918-ci ildə - Xalq Cümhuriyyətinin qurulduğu dövrdə Azərbaycanın torpaqları hesabına özlərinə dövlət quran ermənilər isə yaranmış vəziyyətdən istifadə edərək yeni ərazilərimizi ələ keçirmək üçün “miatsum” hərəkatına başlamışdılar.

Onlar havadarlarına arxalanaraq əməli addımlar atırdılar.

Həqiqi rəhbərindən, dünya şöhrətli siyasətçi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevdən ayrı düşən Azərbaycan xalqı isə bu mürəkkəb situasiyadan qurtulmaq, baş verənlərdən baş açıb kimə güvənəcəyini kəsdirə bilmirdi.

Gözlənilənlər ən pis, ən ağır formada baş verdi: ermənilər nəinki Dağlıq Qarabağı, hətta ətrafındakı 5 rayonu da işğal edərək niyyətlərinə çatdılar!

 Xalqın etimadını doğrultmayan, torpaqların müdafiəsini təşkil edə bilməyən, ölkəni Vətəndaş müharibəsi həddinə çatdıran maymaq, qorxaq, səriştəsiz dövlət başçıları isə xalqın əli ilə iqtidardan qovuldular.

Azərbaycan xalqı başqa bir istəyinə qovuşdu:

Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı.

Ancaq, necə deyərlər, artıq iş-işdən keçmişdi...

Azərbaycan özü boyda problemlərin içində boğulurdu:

* bir miyondan çox qaçqını və məcburi köçkünü yerləşdirmək, onların həyat və yaşayışını qaydaya salmaq;

* müharibədə atəşkəsə nail olaraq yeni ərazilərin işğalına imkan verməmək;

* Vətəndaş müharibəsinin alovlarını söndürmək, əhalidəki külli miqdarda silah-sursatı yığmaq, xaos və anarxiyanın qarşısını almaq;

* bazar iqtisadiyyatına keçidi şərtləndirən zəruri islahatlar aparmaq;

* milli maraqların təmin olunduğu neft müqavilələri imzalayaraq təbii sərvətlərdən istifadəni qaydaya salmaq;

* yeni iş yerləri yaradaraq xalqın güzəranının yüksəlməsinə nail olmaq;

* müstəqil dövlətçiliyin atributlarını yaratmaqla müstəqil daxili və xarici siyasət yürütmək;

* Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, məsələni sülh yolu ilə nizama salmaq və s. kimi problemlər təxirəsalınmaz həllini gözləyirdi!

Bu qədər problemləri olan dövlətdə müstəqilliyin verdiyi imkanlardan bəhrələnmək mümkün idimi?!

Amma Ulu Öndər Heydər Əliyev mümkün olmayanları da mümkün etdi!

Azərbaycan, sözün həqiqi mənasında, müstəqil xarici siyasət yeritməyə, əsaslı islahatlar keçirərək bazar iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərməyə başladı, dünya birliyinin bərabərhüquqlu üzvləri sırasında özünə yer aldı.

Lakin ömür vəfa etmədi, Ulu Öndərimiz Qarabağ probleminin həllini siyasi varisi İlham Əliyevə saxlayaraq: “Mən ona özüm qədər inanıram və əminəm ki, mənim axıra çatdıra bilmədiyim məsələlərin həllinə nail olacaqdır” vəsiyyətini edərək ölməzliyə qovuşdu.

***

Bir qədər sonra keçiriləcək tarixi və unudulmaz görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyev xilaskarı olduğu Qarabağın baş şəhəri sayılan Ağdamın Baş Planının təsdiqlənmə mərasimini niyə məhz 28 maya saldığını söyləyəcəkdi: “Mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, Müstəqillik günüdür”.

Sonra bu fikrinə bir qədər də aydınlıq gətirəcəkdi: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi”.

Hələlik isə keçmiş təmas xəttinə, ömrünü başa vurmuş cəbhə bölgəsinə yaxınlaşırdıq...

İllərlə həsrətini çəkdiyimiz Ağdamla yeni görüşə tələsirdik.

Mənfur düşmənlərimizin Ağdamda törətdikləri vəhşiliklərdən, kənd və qəsəbələri, şəhərləri viran qoyduqlarından, meşələri qırdıqları və təbii sərvətlərimizi talan etdiklərindən, hətta məscid və qəbiristanlıqları belə dağıtdıqlarından yaxşı xəbərdar idik.

Dəfələrlə televiziya ekranlarından bu qandonduran mənzərəni izləmiş, bir qismini gözlərimizlə görmüşdük.

Bəli, düşmən düşməndir!

Amma babalarımız da həmişə qarşılarında mərd düşmən olmasını istəmişlər.

Çünki özləri mərd olmuşlar, insanlarla döyüşmüşlər, qocadan, qadından, uşaqdan, daş-divardan qisas almağı özlərinə sığışdırmamışlar.

***

28 ildən sonra “Dördyol” adlanan ərazidən Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz şücaəti sayəsində düşməndən geri alınan Ağdamın ərazisinə daxil oluruq...

Dərhal əhvali-ruhiyyəmiz dəyişir, içimizə qapılır, keçmiş günləri, qoyub gəldiyimiz Ağdamı yenidən xəyalımızda canlandırırıq.

Yol yoldaşımız olan millət vəkili Aqil Abbasın “Dolu” romanında “Dünyanın ən varlı şəhəri” adlandırdığı Ağdamı...

Əcnəbilər bu mənzərəni atom bombası ilə dağıdılmış Xirosima şəhərinə bənzədirlər...

I Qarabağ müharibəsi dövründə əliyalın Ağdam camaatı və respublikanın hər yerindən onlara köməyə gələn igidlər sovet imperiyası tərəfindən silahlandırılan ermənilərə yaxşı toy tutmuş, ciddi tələfat yaşatmışdılar. Ancaq üstümüzə göndərilən nizami ordu ilə sonadək bacarmamışdılar...

Düşmən isə ağdamlıların hayfını onların məcburiyyət qarşısında tərk etdikləri vətənlərindən, daşından, torpağından, təbiətindən, ev-eşiyindən çıxmışdı...

Əslində, gördüyümüz bu mənzərə faşist Ermənistanı ilə sülhpərvər, multikultural ənənələrə sahib Azərbaycan xalqı arasındakı mahiyyət fərqindən yaranmışdı.

Və bizim bu səfərimizdə həm də düşmənin vandal əməli ilə xalqımızın sülhpərvər niyyətinin müqayisəsini görürdük.

Bu gün Ermənistan acınacaqlı durumdadır!

Döymədikləri qapı, yalvarmadıqları dövlət başçısı, yalamadıqları daban qalmadı.

Amma nə havadarları, nə hələ də arxalarında dayanaraq sözlərini deyənlər onları Müzəffər Ali Baş Komandan İlham Əliyevin müqəddəs qəzəbindən, dəmir yumruğundan xilas edə bildi!

Ermənistan ordusu döyüş meydanında məhv edildi!

İlham Əliyev onları diplomatiya sahəsində, informasiya müharibəsində də təkbaşına rüsvayçı məğlubiyyətə uğratdı.

Yalnız Azərbaycan rəhbərinin qoyduğu şərtlər yerinə yetirildikdən sonra düşmənə aman verildi, hərbi əməliyyatlar dayandırıldı!

Ermənistan rəhbəri hansısa qaranlıq zirzəmidə gizlənərək kapitulyasiya sənədinə imza atdı!

Dəmir yumruğun zərbəsindən Ermənistan hələ də özünə gələ bilməyib.

Daxili didişmələr, dağılan iqtisadiyyat, aybaay artan xarici borc, əhalinin sürətli miqrasiyası bu dövləti çıxılmaz duruma salıb.

Əslində, Ermənistanı dövlət adlandırmaq da gülünc görünür.

Vassala və forposta çevrilən bu ölkənin sərhədlərini özgə əsgərləri qoruyurlar.

Strateji obyektləri başqalarına satılıb.

Hazırda Azərbaycan ərazisində qoyub getdikləri məğlub əsgərlərinin leşlərini axtarmaq, onları gizlincə dəfn etməklə məşğuldurlar.

Amma yenə də faşist xislətlərindən, qisasçılıq niyyətlərindən əl çəkmək istəmirlər.

Bəli, biz I Qarabağ müharibəsini uduzduq, torpaqlarımızı qoruya bilmədik.

Odur ki, viran qoyulmuş Ağdamın ürəkağrıdan mənzərəsini seyr etmək məcburiyyətindəyik!

Ancaq Tanrı bizə Heydər Əliyev kimi nadir şəxsiyyət, dövlət xadimi qismət etdi, o, bizi toparlandırdı!

Tanrı bizə İlham Əliyev kimi parlaq zəka sahibi, uzaqgörən, qətiyyətli sərkərdə bəxş etdi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsində torpaqlarımızı geriyə qaytardı, murdar düşməndən qisasımızı aldı!

Bu gün də onun qüdrətli dəmir yumruğu hazır vəziyyətdədir!

Düşmən başını qaldıran kimi ilan başıtək əziləcəkdir!

Bəli, biz ümumilikdə iyirmi beş mindən artıq şəhid versək də, torpaqlarımızı qaytardıq, Vətənimizə sahib çıxdıq!

Prezidentimizi sevir, onunla qürur duyur və inanırıq ki, xilaskarı olduğu Qarabağı yenidən tikib-quraraq əsl cənnətə çevirəcəkdir!

Viran qoyulmuş Vətən mənzərəsi bizə nə qədər ağır gəlsə də, inam və təsəllimiz də böyükdür:

* torpağımıza qayıtmışıq;

* Vətənimizə sahib çıxmışıq;

* güclü ordumuz və güclü iqtisadiyyatımız var;

* Xalq rəhbərini sevir, onun ətrafında birləşərək bütün problemləri həll etmək iqtidarındadır;

* sabah bu gündən daha yaxşı, daha firavan olacaqdır!

30 mindən çox itki verən Ermənistanın isə sabahı yoxdur!

Qonşularına qarşı ərazi iddiaları olan, daim başqa dövlətlərin əlində alətə çevrilən, özünə dövlət qurmağa qadir olmayan, ağıllı, hamının qəbul etdiyi rəhbər tapmayan bu faşıst dövlətini hansı aqibət gözlədiyi bəllidir.

Biz şəhidlər və itkilər versək də, məqsədimizə çatdıq və daha heç kəs, heç zaman bizdən torpaq qopara bilməz!

Otuz il Qarabağın xarabalıqlarında dilənçi həyatı sürən, bu gün isə məhv edilmiş orduya, qorxaq fərarilər yığnağına arxalana bilməyən, korrupsioner dövlət başçılarına inanmayan, özgə torpağından birdəfəlik qovulanlar ağır itkilərinə, dövlətsiz qalmalarına, şərəfsiz duruma düşmələrinə görə özləri günahkardırlar.

Artıq biz qisasımızın yeni mərhələsinə qədəm qoyuruq:

* işğaldan azad edilmiş ərazilərin bərpası;

* məcburi köçkünlərin geriyə qaytarılması;

* Qarabağımızın dirçəldilərək cənnətə çevrilməsi mərhələsinə!

***

Ağdamda heç zaman belə möhtəşəm görüş olmamışdır!

Prezidentimizi görən kimi elə bil üstümüzə gün doğdu!

Xalqımızın ümidi, pənahı cənab

İlham Əliyev dünyanın hər bir guşəsində, hər bir tədbirdə ən çox arzu edilən və sevilən qonaqdır!

Hər yerdə onu hörmətlə qarşılayır, diqqətlə dinləyir, müdrik fikirlərindən, səmərəli təkliflərindən bəhrələnirlər.

Koronavirus pandemiyası dünya ölkələrini öz qapılarını bağlamaq məcburiyyətində qoysa da, ünsiyyətin yeni forması, videokonfranslar yeni körpülər yaradıb.

Və biz bu yeni formatın mükəmməl nümunələrinin dəfələrlə canlı şahidinə çevrilmişik!

İlham Əliyevlə canlı ünsiyyət isə hər kəsə qismət olan xoşbəxtlik deyil!

Prezidentimizin xoş aurası, sadə və səmimi davranışı, inamlı və qətiyyətli çıxışı bizi özgə bir aləmə apardı!

Viranəliyin şokundan ayılaraq yeni layihələrin yaradacağı xoş mənzərələrin təsiri altına düşdük.

Ağdamın dirçəlişindən danışan Qarabağın xilaskarı İlham Əliyevin hər kəlməsi, hər fikri canımıza yağ kimi yayılırdı.

Çünki deyilənlərin təsdiqini, hər bir məqamın nəzərə alındığını yeni Ağdamın Baş Planında aydın görürdük.

Həm də yaxşı bilirik ki, bu planın ideyası dünyanın ən uzaqgörən, ən işıqlı və ən zövqlü zəka sahibi olan cənab İlham Əliyevdən gəlib.

Sözünün sahibi olan cənab İlham Əliyevdən...

Deyir, Allah dərd verəndə, dərman da verir!

Bəli, yurdumuz viran qoyulsa da, onu qısa müddətdə dirçəltməyə qadir Rəhbərimiz, güclü iqtisadiyyatımız, vətənpərvər insanlarımız da var!

Prezidentimiz Ağdamı nəinki ən müasir şəkildə yenidən tikib-qurmaq, üstəlik, düşmən üçün gözdağına çevirmək niyyətindədir!

Odur ki, qarşıya qəti tələb qoyub:

* Hər şeyin yaxşısı Ağdamda olmalıdır!

* Ağdam ən müasir yaşayış məntəqəsinə çevrilməlidir!

* Bütün dünyaya örnək olan Ağdam qurulmalıdır!

* Burada yaşayanlar özlərini rahat və asudə hiss etməlidirlər!

***

İlahi, Ağdamda nələr olmayacaqdır!

Müstəqillik dövründə sərhədlərimiz açılmış, istənilən ölkəyə gediş-gəliş başlamışdır.

Yaranan imkandan bəhrələnənlərimiz, dünyanın ən gözəl guşələrində istirahət edənlərimiz də çoxdur!

Gizlətmirəm, həmişə dünyanın harasındasa gözəl, maraqlı, heyrətamiz bir şey görəndə ürəyimdə paxıllıq da etmişəm:

Bunlardan bizdə niyə yoxdur!

Kiçik bir haşiyə çıxmaq istəyirəm.

1941-1945-ci il müharibəsindən sonra, yetmişinci illərə qədər Azərbaycan çox yoxsul yaşayırdı (əslində, bütün SSRİ bu gündə idi). Əllinci illərdə evlərdə ağ nöyüt lampası yandırılar, ağ nöyütlə işləyən “maşınka”larda çay qaynadılar, xörək bişirilər, otaqlar isidilərdi.

Hələ nə Mingəçevir Su-Elektrik Stansiyası vardı, nə kifayət qədər maşın, mexanizm.

Ağdam bazarında ağ neft də satılırdı.

Ağdamlı dəmirçilərin ağ dəmirdən düzəltdikləri 20 litrlik neft qabları dəbdə idi.

Bazarda xüsusi hamballar da vardı. Həmin qabları ağ nöyütlə doldurduqdan sonra arxalarına yükləyər, müəyyən haqq məbləğində evə gətirməyə kömək edərdilər.

Bir qədər imkanlılar nöyüt alanda bazarlıq da edər, sonra bazarın qabağında “xaltura” üçün dayanan eşşək arabalarına yükləyərək fəxrlə yanınca gedər, dolu zənbilin aşıb dağılmamasına “nəzarət” edərdilər.

Sonra bu eşşək arabalarının yerini “Molotov moskviçləri” , “Zinbalalar”, daha sonra “Qaz -21” və “Qaz-24”, “Volqa”ları tutdu!

Son dövrlərdə isə “VAZ 2106”lar dəbə minmişdi.

Yeni salınan Ağdamda isə tramvaylar, həm də ən müasirləri, elektriklə işləyən təkərsiz tramvaylar cövlan edəcəkdir!

Ağdam şəhərinə içməli su Qaraqaya adlanan yerdən gətirilərdi.

Əhaliyə çatmazdı.

Hər məhəllədə bir, ya bir neçə su kranı qoyulardı.

İnsanlar əllərində vedrə növbəyə duraraq evlərinə su daşıyardılar!

Yeni Ağdamda motorlu qayıqların üzə biləcəyi 2 kilometrlik kanal olacaqdır!

İnsanların dincəlməsi, zövq alması üçün göl yaradılacaq, şəlalə gurlayacaqdır.

79 kilometrlik velosiped yolu çəkiləcəkdir.

Ağdamın öz dağüstü parkı, cürbəcür karuselləri olacaqdır.

Yeni Qarabağ qəbiristanlığı salınacaqdır.

Şəhərin yeni Baş Planının bütün elementlərini sadalamaq niyyətində deyiləm.

Sadəcə, əvvəlki Ağdamla yeni Ağdamın fərqini nəzərə çarpdırmaq istəyirəm.

Təqdimetmə mərasimində hər bir ideyanın Prezidentimizə məxsus olduğunun, hər bir layihənin onun tapşırığı və nəzarəti altında həyata keçirildiyinin şahidinə çevrildik.

Baş Planla tanışlıqdan sonra Ağdamın xarabalıqlarını unutduq, bədbin ovqatdan qurtulduq.

Buna həm də İlham Əliyevin sadə, səmimi davranışları, isti, xoş münasibəti səbəb oldu!

Prezidentimiz hər birimizlə şəkil də çəkdirdi!

Uzun müddət Ağdam itkisi, Ağdam nisgili, Ağdam ayrılığı bizi sıxıb, əzib hərdən isə ümidsiz duruma salıb.

İndi yeni Ağdamın təməlini qoyanlardan biri olduğuma görə özümü hədsiz dərəcədə xoşbəxt sanıram!

Bu xoşbəxtlik duyğularını bizə yaşadan, Ağdamımızı, bütün Qarabağımızı bizə qaytaran xalqımızın xilaskar oğlu, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir!

* Beş əsr ərzində itirilmiş torpaqları geri qaytaran qüdrətli Sərkərdə İlham Əliyev!

* İkiəsrlik Qarabağ münaqişəsinə uğurla birdəfəlik son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev!

* Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən İlham Əliyev!

* Azərbaycan xalqını ən böyük arzusuna çatdıran Xilaskar İlham Əliyev!

 

Şükür Tanrımıza!

Dünən Ulu Öndərimizlə fəxr

edirdik!

Bu gün isə Prezidentimiz İlham Əliyevlə qürur duyuruq!

Allah bu xoşbəxtliyi, bu xoş

günləri bizə çox görməsin!

 

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM