07 Mart 2021 00:40
1200
Mədəniyyət
A- A+

Yel çərşənbəsi

 

Novruz bayramınadək xüsusi təntənə, mərasimlərlə qeyd olunan çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbəyə xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Heydər çərşənbəsi” də deyilir.

Əcdadlarımızın ilkin təsəvvürlərində Novruza qədərki dörd çərşənbənin hər birini təbiətin bir ünsürü ilə əlaqələndirərək müqəddəsləşdiriblər. “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yel çərşənbəsi” və “Torpaq çərşənbəsi” adlandırdıqları ilaxır çərşənbələri insanlar məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, sağlamlığa, halallığa, dostluğun, qardaşlığın sarsılmaz gücünə, mehribanlığa çağırış kimi qeyd ediblər. İnanıblar ki, bu dörd çərşənbənin hər birində təbiətin dörd ünsüründən biri qış yuxusundan oyanır, süstlükdən, ətalətdən qurtularaq canlanır. Xalq tərəfindən keçirilən böyük el şənliklərinin, mərasimlərin mahiyyətində də bu inam dayanır. Qədim inanclara görə, Novruz bayramına qədər dörd çərşənbə müddətində əvvəlcə su, sonra od, yel və nəhayət, torpaq oyanır. Beləliklə, bu çərşənbə “dirilmək”, canlanmaq və təbiəti də canlandırmaq növbəsi yelin, küləyindir.

İnanca görə, bu çərşənbədə oyanan yel və külək Yer üzünü dolaşır. Oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir. Bu çərşənbədə əsən isti-soyuq küləklər yazın gəlişindən xəbər verir.

Yel çərşənbəsində yel özü də təzələnir. Bu düşüncə mifoloji təsəvvürlərdə belə əksini tapıb ki, qara nəhrdə yatmış dörd cür külək əvvəlcə Yer üzünə çıxıb özü təmizlənir, sonra hər biri fərqli libasda özünü göstərir. Küləyin libasları ilə xarakteri arasında da oxşarlığın olduğunu, burada rənglərin mifik mənaları xüsusilə önəm daşıdığını qeyd edən tədqiqatçılar bildiriblər ki, Azərbaycan mifologiyasına görə, Ağ yel - ağ libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda xarakterizə edilir.

Azərbaycan şifahi xalq ədəbiyyatında Yel çərşənbəsi ilə bağlı çoxsaylı poeziya nümunəsi var. Onlardan birində xalqın küləyin gücünə inamı, ümidi belə ifadə olunub:

 

Yel əsər, toz qoparar,

Ağacdan qoz qoparar.

Yellə gələn bəlanı,

Yel özü də aparar...

 

Xalq arasında yel və yel çərşənbəsi ilə bağlı erkən dövrlərdən küləyin əhəmiyyətini əks etdirən bir sıra folklor nümunələri var.

 

Yelli babam, yel babam,

Yelli babam, yel babam,

Telli babam, tel babam...

Elim, günüm batdı gəl,

Çərpələngim yatdı gəl,

Təknədə qaldı aşım,

Yatdı dəyirman daşım.

 

A yel baba, yel baba

Qurban sənə, gəl, baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı,

A yel baba, yel baba,

Qurban sənə, gəl, baba.

 

Yelin Tanrı olması ilə əlaqədar şifahi xalq yaradıcılığında müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasiminin də öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Tədqiqatçıların fikrincə, müqəddəs kitablarda da Yel fövqəladə varlıq hesab edilir. “İncil”də və “Zəbur”da Yel allahı vəsf olunur. “Tövrat”da isə dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs edilir. Yelin Yaradan tərəfindən göndərildiyi “Qurani-Kərim”də bildirilir.

Folklorşünas alim Azad Nəbiyev araşdırmalarında zərdüştilərin də küləyi müqəddəs saydıqlarını, onu Tanrı hesab etdiklərini qeyd edib. “Avesta”da deyilir: “Yelin gücü, qüdrətli Hörmüzün gücüdür... Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır”. Tədqiqatçı Məmməd Adilov isə Yelin “baba”, “allah” hesab edilməsi tarixini qədim yunanlarla bağlayıb. Belə ki, yunan mifologiyasında tənha bir adada yaşayan Eol bütün küləklərin mənşəyi hesab edilir. O, dörd oğlunu mağarada saxlayır. Oğlanlarını növbə ilə dünyanı dolaşmağa göndərir. Bu səbəbdən Yer üzündə dörd cür külək əsir. Yunanların başqa bir mifik düşüncəsində isə Yel külək tanrısı sayılır.

Keçmişdə insanlar inanırdılar ki, Yel baba gəlməmiş xırmana buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Ulularımız deyiblər ki, “Yel əsdirəni söyməzlər”, çünki onun arxasında Tanrı durur. İnanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırarlar. Əgər Yel baba bu çağırışı eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel həm də xeyirxahlıq simvoludur. Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi kimi də təsvir olunub. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu azmışları mənzil başına çatdırır.

Bayram səviyyəsində qeyd edilən digər çərşənbələr kimi Yel çərşənbəsində qadınlar, qızlar xüsusi hazırlıqlar görürlər. Ev-eşik, həyət-baca süpürülüb təmizlənir, yorğan-döşək, xalça-palaz, geyimlər həyətə çıxarılır, barıların, məhəccərlərin üstünə sərilərək çırpılır. İnama görə, Yel çərşənbəsində yorğan-döşək, xalça-palaz, geyimlər havaya verilərsə, təmizlənər, paklanar.

Şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır. Tonqal başına toplaşanlar azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə üç dəfə tonqalın üstündən atlanırlar.

Yel çərşənbəsində evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər, şirniyyat qoyulur. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır.

Adətən, çərşənbə bayramlarında böyüklər kiçiklərə “bu gün yalnız xoş sözlər danışın, alqış eləyin” deyə xəbərdarlıq edirlər. Çünki inanclara görə, Tanrı çərşənbə axşamları ancaq xoş sözlər eşitməlidir. Ona görə də Yel çərşənbəsində yalnız ürəkaçan sözlər söylənilməli, gözəl diləklər, alqışlar dilə gəlməlidir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video