19 May 2021 00:48
1076
DÜNYA
A- A+

Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər

 

İsrail-Fələstin silahlı qarşıdurmasını dinc məcraya yönəltmək mümkün olmur

 

Bəşəriyyət yeni tip koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda İsraillə Fələstin arasında növbəti silahlı münaqişənin şahidi olmaq məcburiyyətində qalmışdır. Qanlı qarşıdurma artıq on gündür davam edir. Münaqişənin tərəflərindən heç biri qılıncı qına qoymaq barədə düşünmür. Yaxın Şərqin yenidən qan gölünə çevrilməməsi üçün müxtəlif səviyyələrdə göstərilən səylər nəticəsiz qalır. Ölənlərin və yaralananların sayı gündən-günə artır, dağıntıların miqyası böyüyür.

Son məlumata görə, mayın 10-dan bəri İsrailin 10 vətəndaşı, o cümlədən bir hərbçi və bir uşaq həlak olmuşdur. Fələstin tərəfində tələfat daha çoxdur: Qəzzə bölməsində 188 nəfər, o cümlədən təxminən həddi-büluğa çatmamış 60 şəxs və 30-dan çox qadın silahlı qarşıdurmanın qurbanı olmuş, 1200 nəfərdən artıq adam yaralanmışdır. Həmçinin 500-dən çox mənzil, o cümlədən çoxmərtəbəli binalar tamamilə, 2500-ə yaxın bina qismən dağılmış, 10 elektrik nəqli xəttinin 8-i sıradan çıxmışdır. Bundan əlavə, İordan çayının qərb sahilində İsrail sərhəd polisi ilə toqquşmalarda 20-dən çox fələstinli həlak olmuş, təxminən 4300 nəfər yaralanmışdır.

Eyni zamanda İsrail şəhərlərinin küçələrində də ərəblərlə yəhudilər arasında kütləvi toqquşmalar baş vermişdir. Bununla əlaqədar Lod şəhərində saat 20:00-dan 04:00-dək komendant saatı tətbiq edilmişdir.

Faciəvi hadisələr əslində mayın 7-də Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsində -əl-Əqsa məscidinin yaxınlığında başlamışdır. Həmin gün İsrail güc strukturları məhəllədə yaşayan səkkiz fələstinli ailəni məhkəmənin qərarı ilə evlərindən çıxarırdı: qərara görə, həmin evlər 1948-ci ildən qabaq yəhudilərə məxsus olub. Bu, Qüdsdə yüzlərlə adamın yaralanması ilə nəticələnən kütləvi etiraz aksiyalarına və iğtişaşlara gətirib çıxardı. Məhəllədə İsrail polisi ilə fələstinlilər arasında başlamış qarşıdurma əl-Əqsa məscidinin ətrafına sıçradı.  Polis namaz qılmağa hazırlaşan möminləri rezin güllələrlə atəşə tutdu, habelə səs qumbaraları və gözyaşardıcı qaz tətbiq etdi, sonra 200-dən çox polis əməkdaşı məscidə daxil olub möminləri bayıra çıxmağa məcbur etdi.

Mayın 10-da İsrail Fələstinin Qəzzə bölməsindən kütləvi raket atəşinə tutulmuşdur. Bölməni idarə edən İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrail ərazisinə azı 150 raket atmış, buna cavab olaraq İsrail ordusu Fələstin anklavındakı hədəflərə ilk hücum dalğasını başlatmışdır.

İsrail Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Qəzzə bölməsinə nəzarət edən HƏMAS hərəkatını İsrail şəhərlərini raket atəşinə tutduğuna görə pisləməyə çağırmışdır. Baş nazir Benyamin Netanyahu bildirmişdir ki, İsrail Qəzzəyə endirilən zərbələrin “gücünü və tezliyini” artırmaq niyyətindədir. O əlavə etmişdir ki, Fələstin radikal qruplaşmalarının mövqelərinə hava hücumu lazım olduğu qədər davam edəcək.

Öz növbəsində HƏMAS ərəb ölkələrini İsrail ilə sülh müqavilələrini ləğv etməyə çağırmışdır. Hərəkat həmçinin bəyan etmişdir ki, İsrailin hesablamalarına yenidən baxmalıdır. HƏMAS bildirmişdir ki, İsrail ordusu Qəzzə bölməsində evləri, qadınları və uşaqları vurur, bu səbəbdən hərəkat yəhudi dövləti ilə qarşıdurmada “zərbəyə zərbə ilə cavab vermək üçün bütün gücündən istifadə edəcək”. Həmçinin HƏMAS İsrail ərazisində və İordan çayının qərb sahilində yaşayan bütün fələstinliləri İsrail hüquq mühafizə orqanlarına müqavimət göstərməyə çağırmışdır.

Beləcə İsrail-Fələstin qarşıdurması qızışmaqda davam edir, daş daş üstündə qalmır, insan tələfatı artır. Beynəlxalq ictimaiyyətin, ayrı-ayrı dövlətlərin münaqişə zonasında sakitliyi bərpa etmək cəhdləri hələlik uğurla nəticələnmir. Məsələ üç dəfə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmış, amma münaqişənin tənzimlənməsində irəliyə doğru hansısa addım atılmamışdır. Hər dəfə ABŞ Təhlükəsizlik Şurasının qərar qəbul etməsinə imkan verməmişdir. Sonuncu dəfə Norveç, Tunis və Çinin hazırladığı bəyanat layihəsində münaqişənin hər iki tərəfi tənqid olunur, atəşi dərhal dayandırmaq və problemin dinc həlli yolunu tapmaq çağırışı yer alırdı. Əldə olan məlumata görə, ABŞ öz diplomatik səylərini həyata keçirmək üçün daha çox vaxta ehtiyac duyur.

Hazırda İsrail-Fələstin münaqişəsini tənzimləmək üçün yalnız ABŞ səy göstərir. Dövlət katibi Entoni Blinken bildirmişdir ki, “münaqişəni nizamlamağa çalışır, bu istiqamətdə kulislər arxasında fəal  iş aparırıq”. Blinken növbəti dəfə vurğulamışdır ki, İsrailin özünümüdafiə hüququ var, amma mülki əhali arasında tələfatın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır. 

Bununla belə, Yaxın Şərqdə cərəyan edən proseslər beynəlxalq ictimaiyyətdə  narahatlıq doğurur. Atəşin dayandırılmasının zəruriliyi barədə münaqişə iştirakçılarına ünvanlanan çağırışlara qulaq asan yoxdur. Artıq tamhüquqlu silahlı münaqişə xarakteri almış İsrail-Fələstin qarşıdurması bütövlükdə regionun gələcəyinə ciddi təhlükə yaradır. BMT-nin Baş katibi Antoniu Quterreş xəbərdarlıq etmişdir ki, böhran bütün region üçün idarəolunmaz fəsadlar doğura bilər. Ona görə də Baş katib hesab edir ki, “mənasız yerə qan axıdılması dərhal dayandırılmalıdır”.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video