25 Iyul 2021 00:52
699
İQTİSADİYYAT
A- A+

Yaxın gələcəkdə bərpa olunan enerji həyatımıza geniş miqyasda daxil olacaq

 

İmzalanan sərəncam və fərmanlar, gerçəkləşdirilən layihələr buna möhkəm zəmin yaradıb

 

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ən ümdə istiqamətlərdən biri kimi enerjidən istifadənin genişləndirilməsi müəyyən edilib. Həmin vaxta qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf kimi götürülüb.

Bu məqsədə nail olmaq üçün ölkəmizdə genişmiqyaslı və çoxşaxəli işlər davam etdirilir.

Prezident İlham Əliyevin bu il iyulun 12-də imzaladığı fərman da bilavasitə bərpa olunan enerji ilə bağlıdır. Bu, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli qanununun tətbiqi barədə fərmandır.

Qeyd edək ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun, adından da göründüyü kimi, sözügedən sahədə genişmiqyaslı və çoxşaxəli məsələləri əhatə edir. Məsələn, bunlardan biri elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsiplərinin müəyyən edilməsi barədədir. Belə ki, dövlət tənzimlənməsi dəstək mexanizmlərinin tətbiqi, onlardan bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi, eləcə də istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması prinsiplərinə əsaslanır.

Buraya həmçinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında beynəlxalq standartların tətbiqi, bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi daxildir.

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət üzərinə bir sıra vəzifələri götürür. Bunlar elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, fəaliyyət planlarının, normativ hüquqi aktların qəbul edilməsidir. Sahəyə yerli və xarici sərmayələrin cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasının təmin olunması, dəstək mexanizmlərinin tətbiq edilməsi də bu vəzifələr sırasındadır. Bərpa olunan enerji mənbələrinin ərazilərinin müəyyənləşdirilməsi, peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının tərtibi ilə bağlı tədbirlərin həyata keçirilməsi də dövlətin vəzifələrinə daxildir.

Azərbaycanın həmçinin bərpa olunan enerji mənbələrinin potensialı atlası yaradılır. Atlasda ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpa olunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatlar əks olunur. Atlasın formalaşdırılması və aktuallığının təmin olunması üçün tələb olunan dövlət torpaq, su, meşə və sair kadastrlarının, habelə digər dövlət informasiya ehtiyatlarının məlumatları atlası aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) əvəzsiz olaraq təqdim edilir.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunda bu mənbələrdən istifadə sahəsində dəstək mexanizmləri də müəyyən edilib. Həmin mexanizm bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflərin və digər vasitələrin tətbiqi ilə dəstəklənməsi ilə yanaşı, aktiv istehlakçının və elmi tədqiqatların dəstəklənməsini də əhatə edir. Buraya həmçinin Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mexanizmlər daxildir.

Bəs torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərar hansı halda verilir? Qanunda bildirilir ki, torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarixdən həmin torpaq sahəsi (su obyekti) bərpa olunan enerji mənbələrinin ərazisi kimi tanınır.

Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı hərraclarla seçiləcək. Sənəddə deyilir ki, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi hərrac və ya birbaşa cəlbetmə yolu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Hərrac auksion formasında keçirildiyi halda bərpa olunan enerji mənbələri ərazisində istehsal olunacaq elektrik enerjisinin zəmanətli alıcı tərəfindən satınalınması üçün ən aşağı qiymət təklifi vermiş şəxs hərracın qalibi hesab olunur. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsi isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın razılığı ilə həyata keçirilir. Razılıq müəyyən hallarda - dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda və s. hallarda olur.

Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş istehsalçı ilə müəyyən müqavilələr bağlanır. İstehsalçıya bərpa olunan enerji mənbələrinin ərazisində tikintiyə və elektrik enerjisi istehsalına icazənin verilməsi isə Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq tənzimlənir.

Bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalçılarının bir sıra hüquq və vəzifələri var. Belə ki, istehsalçılar sözügedən qanunla müəyyən edilmiş hallarda dəstək mexanizmlərindən istifadə etmək hüququna malikdirlər. Onların eləcə də istehsal edilmiş elektrik enerjisini satmaq,elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək, həmin qanunla müəyyən edilmiş digər hüquqları var.

İstehsalçılar həmçinin bir sıra vəzifələrə malikdirlər. Belə ki, onlar elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mütərəqqi texnologiyadan istifadə etməli, elektrik şəbəkəsinə qoşulma xərclərini ödəməli, sözügedən qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidirlər.

İstehsalçılar (gücü 10 MVt-dan çox olan su elektrik stansiyaları istisna olmaqla) balanslaşdırma məsuliyyətindən azaddırlar. Onlar yalnız öz razılıqları ilə balanslaşdırmaya cəlb oluna bilərlər və bundan irəli gələrək balanslaşdırma məsuliyyətini daşıyırlar.

Ölkədə bərpa olunan enerji sahəsinin inkişafı üçün həyata keçirilən layihələr, dövlət başçısının imzaladığı fərman və sərəncamlar ona zəmin yaradıb ki, yaxın gələcəkdə bu növ enerji həyatımıza xeyli geniş miqyasda daxil olacaq.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video