08 Avqust 2021 00:48
1240
Səhiyyə
A- A+

Yaşam formulu

 

Qədim zamanlardan bəri istifadə edilən natrium və xloriddən ibarət maddə olan duzun kristallarında 84 element var. İnsan bədəni də 84 elementdən ibarət olduğu üçün mütəxəssislər hesab edirlər ki, təbii duzun insan orqanizminin mineral ehtiyaclarını təmin etməkdə faydası əvəzolunmazdır. İnsan üçün hava kimi vacib hesab edilən natrium xlorid insan orqanizmində sintez olunmayan tək mineraldır.

Duz orqanizmdə olan bütün mayelərin - qan, limfa, hüceyrəarası maye, tər, gözyaşı, hətta öd mayesinin tərkibinə daxildir. Orqanizm çox maye itirən zaman onun duza olan tələbatı artır. Bu hal, əsasən, çox tərlədikdə, qusma və qarın işləməsi zamanı yaranır. Beləliklə də bədəndə çox böyük əhəmiyyətə malik olan su-mineral balansında pozulma meydana çıxır. Bu isə həyat üçün çox təhlükəli hesab edilir. 

Xlor təbiətdə müxtəlif birləşmələr şəklində mövcud olan zəhərli qazdır və orqanizm tərəfdən yalnız xörək duzu şəklində qəbul edilir. Bu element qan, limfa və hüceyrədaxili osmotik təzyiqin tənzimlənməsi, hüceyrələrin yaşaması üçün çox vacibdir. Xlor orqanizmin toxumalarında fiziki-kimyəvi prosesləri müəyyənləşdirir. Mədə şirəsinin tərkibinə daxil olan xlorid turşusu pepsin fermentinin aktivliyini təmin edərək və bakterisid təsiri göstərərək qida həzmində xüsusi rol oynayır.

Natrium da hüceyrələrin yaşama və fəaliyyəti üçün ən vacib elementlərdəndir. Orqanizmin su balansını, qan dövranını, əzələlərin işləməsini və sinir impulslarının ötürülməsini təmin edir. Natrium böyrək funksiyalarını, qan təzyiqi və bədən mayelərinin istehsalı kimi bir çox önəmli işləri həyata keçirir. Həmçinin natrium ionları sinir hüceyrələrinin duyğuları qavramaq, digər hüceyrələrə ötürmək və əzələ hüceyrələrini aktivləşdirmək kimi həyati funksiyaların problemsiz şəkildə yerinə yetirilməsi üçün də lazımdır.

 

Orqanizmə nə qədər duz lazımdır?

 

Araşdırmalar gündə 5-6 qramdan az, 12,5 qramdan çox duz istehlakının sağlamlığa mənfi təsir etdiyi nəticəsini ortaya qoyub. İnsana sutka ərzində orta hesabla 10 qram duz kifayətdir. Həmin miqdar duza heyvan mənşəli ərzaqlarda olan duz da daxildir.

Daxili xəstəliklər üzrə türkiyəli uzman həkim Əbdülqadir Dağ məlumat verir ki, orqanizmin ümumi sağlığının qorunması baxımından gündəlik alınması lazım olan duz miqdarının düzgün müəyyən edilməsi çox əhəmiyyətlidir. Aparılan araşdırmalar yetkin bir insanın gündəlik duz ehtiyacının 6 qram (bura ərzaqlardan alınan duz miqdarı daxil deyil) olduğunu göstərir. Təxminən bir çay qaşığı duza uyğun gələn 6 qram duzda 2,4 qram natrium olur.

Həddindən çox qəbul edilən duz və içərisindəki digər komponentlər böyrəklər vasitəsilə orqanizmdən atılır. Ancaq çox qəbul olunan duzun hamısının böyrəklərdən atılmadığı halda, bəzi sağlıq problemləri ortaya çıxır. Duzun bədənin ehtiyac duyduğu miqdardan çox qəbul edilməsi halında qandakı natrium və xlorid ionlarının səviyyəsi yüksəlir. Orqanizmdə olan su və ionlar arasında müəyyən tarazlıq yaranması tələb edildiyindən bu vəziyyətdə artan natrium və xlorid səviyyəsinin balanslaşdırılması üçün ionlara maye keçir. Bunun nəticəsində damarın içindəki qan mayesinin artmasına görə, yüksək təzyiq, bədən toxumalarında ödəm yaranması və sinir toxumalarında funksional pozuqluq kimi vəziyyətlər ortaya çıxır.

Eyni zamanda böyrəküstü vəzilərdə ifraz olunan aldosteron hormonu qandakı natrium səviyyəsinin yüksəlməsinə bağlı olaraq daha çox ifraz olunur və böyrək hüceyrələrini bədəndən daha çox natrium atması yönündə xəbərdar edir. Bu zaman böyrəkdən natriumla birlikdə su da atıldığına görə dehidrasiya yaranır. Bu vəziyyətin uzun müddət davam etməsi isə böyrək funksiyalarında pozulma ilə bərabər, bir çox böyrək xəstəliklərinin inkişafına da yol açır.

Çox miqdarda duz istehlakına bağlı olaraq ortaya çıxa bilən sağlıq problemləri bunlardır: yüksək təzyiq, ödəm, böyrək çatışmazlığına yol aça bilən böyrək xəstəlikləri, başda ürəktutması olmaqla müxtəlif ürək-damar xəstəlikləri, epileptik tutmalar, hipertoniya, insult, osteoporoz (sümük itkisi), həzm xəstəlikləri, elektrolit və hormon balanssızlığı və sair...

 

Duzun az istehlakı da zərərdir

 

Gündəlik duz ehtiyacının ödənilməməsi sağlamlığa mənfi təsir edən amildir. Bunu söyləyən uzman həkim A. Dağ bildirir ki, duzun tərkibindəki natrium və xlor ionları bədəndəki maye tarazlığı və orqan funksiyalarının rahat işləməsi üçün lazım olduğundan, kifayət qədər duz istehlak etməmək bəzi sağlamlıq problemlərinə səbəb olur.

Nəticədə hüceyrələr şişir və toxumalarda ödəm meydana gəlir. Xüsusilə natrium çatışmazlığı sinir sisteminə ciddi təsir etdiyi üçün beyin ödəmi yaradır, sinir və əzələ hüceyrələrinin funksiyalarını pozaraq başağrısı, ürək bulanması, qusma, əzələ zəifliyi və kramp kimi simptomlara səbəb olur: “Araşdırmalar gündəlik natrium istehlakının 2,5 qramdan aşağı düşməsi halında ürək xəstəliklərində və erkən ölüm səviyyəsində artım olduğunu müəyyənləşdirib. Buna görə də gündəlik natrium qəbulu müəyyən tarazlıqda olmalıdır. Unutmaq olmaz ki, lazım olduğundan daha az və ya daha çox duz istehlak etmək bədənin sağlamlığına mənfi təsir göstərir”.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video