30 Iyul 2021 01:08
492
İQTİSADİYYAT
A- A+

Yarım ildə “Şahdəniz”dən 71 milyon dollara yaxın gəlir götürülüb

 

Bu yatağın işlənməsi qarşıdakı onilliklərdə ölkəmizin neft-qaz gəlirlərinin daha da artmasına zəmin yaradıb

 

“Şahdəniz”  yatağı 15 ildən çoxdur Azərbaycanın, Gürcüstanın və Türkiyənin  qazla təminatına mühüm töhfə verir. Keçən ilin sonundan bu yatağın sərvətindən Avropadakı qaz istehlakçıları da bəhrələnirlər. “Şahdəniz”in  kondensatı isə 2006-cı ildən tam sistem kimi fəaliyyət göstərən  Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur.

İki mərhələdə işlənməsi,  istismar quyularının sayının çoxalması,  əməliyyatlar zamanı ən yeni texnika və texnologiyalardan istifadə olunması  “Şahdəniz”dən  hasilatın və nəticədə karbohidrogenlərin satışından  gəlirlərin getdikcə artmasına imkan verir.

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 70 milyon 978 min ABŞ dolları olub. Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Məlumatda  qeyd olunub ki, o cümlədən 6 ayda “Şahdəniz”  üzrə kondensatın satışından gəlirlər 57 milyon 131 min dollar təşkil edib.

Xatırladaq  ki,  “Şahdəniz”  son onilliklərdə  dünyada kəşf olunmuş ən böyük və perspektivli karbohidrogen yataqlarından biridir. İlkin hesablamalara görə,  onun təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var. Yataq Xəzərin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50 metrdən 600 metrədək dəyişdiyi ərazidə yerləşir. Bu nəhəng yatağın sahəsi 140 kvadratkilometrdən çoxdur.

“Şahdəniz”  üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.

“Şahdəniz” 1999-cu ildə kəşf olunub. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində ilk hasilat 2006-cı ildə alınıb. Hazırda “Şahdəniz-1”dən ildə 10 milyard kubmetrdən çox qaz çıxarılır.  Artıq 15 ildir  Cənubi Qafqaz Boru Kəməri (CQBK)  həmin  qazı Azərbaycana, Gürcüstana və Türkiyəyə  təhlükəsiz və ahəngdar şəkildə nəql edir.

2013-cü il dekabrın 17-də “Şahdəniz” konsorsiumu layihənin ikinci mərhələsinin işlənməsi üçün yekun investisiya qərarını elan edib. “Şahdəniz-2”dən hasilata 2018-ci ildə başlanıb. Buradan ildə əlavə 16 milyard kubmetr qaz hasil olunacaq və nəticədə yataq üzrə ümumi hasilat həcmi ildə 26 milyard kubmetrə çatacaq.

Keçən ilin sonunda 3500 kilometrlik “Cənub qaz dəhlizi”nin tamamlanması nəticəsində “Şahdəniz” Xəzərdən uzaqlarda yerləşən Avropa istehlakçılarını  da  qazla təmin etməklə qitə üçün yeni enerji təchizatı mənbəyinə çevrilib.

Bu il iyulun 18-də  Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransında dövlətimizin başçısı demişdir:  “Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. “Cənub qaz dəhlizi”nin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”.

“Şahdəniz”dəki quyuların  məhsuldarlığı ilə seçildiyini qeyd etmək də yerinə düşər. Layihənin operatoru olan bp  şirkətinin  məlumatına görə, yatağın ən məhsuldar quyusundan hazırda hasilat gündə 36 min barel neft ekvivalenti təşkil edir. Bu günə qədər yataqda ümumilikdə 32 quyu, o cümlədən “Şahdəniz-1” çərçivəsində 11, “Şahdəniz-2” çərçivəsində isə 21 quyu qazılıb. Onlardan 19-u hazırda istismardadır.

Layihə texniki təhlükəsizlik baxımından da yüksək göstəricilərə nail olub. İndiyədək “Şahdəniz” çərçivəsində 14 ətraf mühitə təsirin qiymətləndirilməsi və 48 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.

“Şahdəniz” yatağının işlənməsi bir çox sahələrdə yerli potensialın və texnoloji imkanların artmasına təkan verib. Məsələn, “Şahdəniz-2” platformaları ilk dəfə tam olaraq Azərbaycanın yerli resurslarından və infrastrukturundan istifadə edilərək  tikilib.

“Şahdəniz” işlənməsinin hər iki mərhələsində tikinti və istismar əməliyyatlarında region əhalisinin məşğulluğuna sanballı dəstək verib. “Şahdəniz-1”in işə salınmasında 5000-dən çox insan iştirak edib. “Şahdəniz-2”nin işlənməsinin pik həddində isə Azərbaycan və Gürcüstanda 30 mindən çox iş yeri açılıb. Yerli işçi qüvvəsinin bacarıqlarını inkişaf etdirmək üçün hərtərəfli təlim və təhsil proqramları keçirilib. Eləcə də yüzlərlə Azərbaycan şirkətinə öz potensialından istifadə etməyə və neft-qaz sənayesi layihələri üçün təchizatçı olmağa imkan yaranıb. “Şahdəniz”  həmçinin sosial investisiya  layihələri  ilə Azərbaycanı iqtisadiyyatını gücləndirməkdə dəstəkləyir.

“Şahdəniz”in  gəlirləri  ölkəmizin  hərtərəfli  inkişafına  xidmət edir. Belə ki, 2007-ci ildən cari il iyulun 1-dək  ARDNF-nin bu yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 738 milyon dollar olub. Təkcə 2020-ci ildə “Şahdəniz” qazının və kondensatının satışından gəlirlər 293,9 milyon dollar təşkil edib.

Bir sözlə, “Şahdəniz” yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi rolunu artırıb. Ölkəmizi ən irihəcmli birbaşa xarici investisiya ilə təmin edib, qarşıdan gələn onilliklər ərzində neft-qaz gəlirlərinin artmasına zəmin yaradıb.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video