17 Oktyabr 2021 12:24
1073
CƏMİYYƏT
A- A+

Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayperçi

 

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızı xalqımız heç zaman unutmayacaq. Belə igid Vətən oğullarından biri də xüsusi təyinatlı kəşfiyyatçı şəhid gizir Xalid Qasımovdur. Şəhidin anım mərasimində Sərhəd Qoşunlarının hərbçiləri və döyüş yoldaşları da iştirak edib.

AZƏRTAC xəbər verir ki, Xalid Qasımov Cəlilabadın Moranlı kəndində dünyaya göz açıb. Valideynləri deyirlər ki, həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Xalid sərhədçi olacağına qərar vermişdi. 2017-ci ildə gizirlik kurslarından müvəffəqiyyətlə keçərək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başlayıb. Vətən müharibəsində Sərhəd Qoşunlarının xüsusi təyinatlı kəşfiyyatçı snayperi kimi könüllü döyüşlərə qatılıb. Müharibəyə gedərkən iki qız övladını Allaha əmanət edən Xalidin həyat yoldaşından ilk və son xahişi bu olur: “Döyüşlərdə olduğumu anam-atam bilməsin”.

Şəhidin anası Gülnarə Qasımova deyir ki, Xalid həmişə telefonla danışanda kursda olduğunu bildirərmiş: “Mənimlə danışanda deyirdi ki, ana kursdayam. Məndən ötrü nigaran qalma. Oktyabrın 11-i böyük qızının ad günü idi. Günorta zəng edib, ailəsi ilə, qızı ilə danışdı, onu təbrik elədi. Sonra mənə dedi ki, uşaqların heç birinin ad günündə evdə ola bilməmişəm. Dedim ki, oğul müharibə bitsin, inşallah bir yerdə qeyd edərsiniz. Həmin danışıq sonuncu oldu. İki gün sonra səhər atasına zəng gəldi. Dedilər, oğlun Vətən uğrunda şəhid olub”.

Müharibənin ilk günlərindən Cəbrayıl və Füzuli istiqamətlərində düşmən qüvvələrinə ağır itkilər yaşadan Xalid ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin atası Rafiq Qasımov: “Oğlum qəhrəmancasına döyüşüb, işğalçı erməniləri məhv edib. Yaxşı snayperçi idi. Döyüş yoldaşlarının sözlərinə görə, Cəbrayıl istiqamətindəki döyüşlərdə də igidliklə vuruşub. Allah bütün şəhidlərimizi rəhmət eləsin”.

Şəhidin qrup komandiri Tural Əkbərov döyüşçü yoldaşından danışarkən bildirib ki, Xalidlə birgə təlimlərdə də iştirak edib. “Müharibə başlayanda biz qruplara ayrıldıq. Sıx əlaqəmiz var idi. Çox peşəkarcasına döyüşürdü. Snayperçi idi. Düşmənə qan uddururdu. Neçə-neçə erməni dığasını məhv etdi. O, yaralı döyüş yoldaşını xilas etmək istəyəndə şəhadətə ucaldı. Biz belə oğullarla qürur duyuruq. Ruhları qarşısında baş əyirəm”, - deyə əlavə edib.

Xalidin anım günü dəfn mərasimində olduğu kimi, yenə də izdihamla keçdi. Xidmət etdiyi Sərhəd Qoşunlarının generalından əsgərinədək şəhid Xalidi anmaq üçün hüzuruna gəlmişdilər. Gəldilər desinlər ki, rahat uyu, Xalid, uğrunda canını fəda etdiyin Vətən torpaqları indi azaddır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video