21 Oktyabr 2021 02:01
813
CƏMİYYƏT
A- A+

YAP Mərkəzi Aparatında “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib

 

Oktyabrın 20-də Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin birgə təşkilatçılığı ilə YAP Mərkəzi Aparatında “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda giriş sözü ilə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Bildirib ki, gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Qeyd edilib ki, 15 il əvvəl qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun respublikamızda qadın hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb.

Tahir Budaqov diqqətə çatdırıb ki, gender bərabərliyi olan cəmiyyət qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir. Bu sahədə vətəndaş cəmiyyəti subyektləri də əhəmiyyət kəsb edən məsələləri əhatə etmək istiqamətində aktiv fəaliyyət göstərir.

Azərbaycanda dövlət qadın siyasətinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən YAP Sədrinin müavini bildirib ki, həmin xətt bu gün də davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətdə gender bərabərliyi məsələləri xüsusi yer tutur. Azərbaycanda gender məsələləri demək olar bütün səviyyələrdə gözlənilir. Qadınların ictimai həyatda özlərini təsdiq etməsi üçün mükəmməl qanunvericilik bazası yaradılıb. Təsadüfi deyildir ki, qadınlarımız siyasi və sosial həyatımızın bütün sahələrində - Milli Məclisdə, beynəlxalq təşkilatlarda, dövlət idarəçiliyində təmsil olunurlar.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub, ölkəmiz bu sahədə də dünyanın öncül, nümunəvi dövlətləri sırasında qərarlaşıb. Ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilib. Azərbaycanda birinci vitse-prezidentlik institutunun yaradılması, dövlət idarəçiliyində gender bərabərliyinin tam təmin edilməsi ölkəmizin bu sahədə geniş təcrübəyə malik olduğunu göstərir”, - deyən Tahir Budaqov vurğulayıb ki, demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əvəz edən Azərbaycan cəmiyyətinə birinci xanım ənənələrini də gətirib və bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: “Bu baxımdan hesab edirəm ki, bütün Azərbaycan xanımları üçün bu gün bizim gözəl örnəyimiz var. Bütün vacib keyfiyyətləri özündə cəmləşdirən Mehriban xanım Əliyeva, sözün əsl mənasında, müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.

Yeni Azərbaycan Partiyasının da Azərbaycan qadınına daim yüksək münasibət göstərdiyini deyən Tahir Budaqov qeyd edib: “Partiyamız yarandığı ilk gündən onun sıralarında qadınlarımız fəallıq göstərib. YAP-ın inkişafının bütün mərhələlərində xanımlarımız öndə olublar. Bütün çətin anlarda öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetiriblər. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən - qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin gender bərabərliyi sahəsində həyata keçirdiyi siyasət, yaradılan institusional mexanizmlər, qanunvericilik bazası bir çox inkişaf etmiş dövlətləri qabaqlayır. Ümumiyyətlə, tarixdə bərabərliyin təmin olunması və qadınların hüquqlarının müdafiə mexanizminin yaradılmasında Azərbaycan bir çox aparıcı dövlətlərlə yanaşı dayanır. Onun sözlərinə görə,  Azərbaycan Konstitusiyasının 25-ci maddəsində qadınlarla kişilər arasında bərabərlik prinsipi təsbit edilir və ayrı-seçkiliyin yolverilməzliyi bəyan edilir. Bərabərlik hüququnun pozulması Cinayət Məcəlləsində cinayət əməli kimi müəyyən olunub.

Komitə sədri diqqətə çatdırıb ki, gender bərabərliyi siyasətinin həyata keçirilməsini özündə ehtiva edən bir çox hüquqi- normativ aktlar, sənədlər, fəaliyyət planları, dövlət proqramları qəbul edilib. O deyib: “Bununla yanaşı, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub. Bu da öz növbəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə səbəb oldu. Eyni zamanda bütün qəbul olunan və yeni hazırlanan qanun və normativ-hüquqi aktlar gender ekspertizasından keçirilir. Bu, çox vacibdir, bununla gender bərabərliyinin təmin edilməsi istiqamətində bir çox boşluqlar müəyyən olunur. Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan 17 məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Ümumiyyətlə, dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən bir sıra amillər eynilə Azərbaycanda da mövcuddur. Erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri hələ də problem olaraq qalmaqdadır. Bu deməkdir ki, bizim qarşımızda vəzifə və öhdəliklər var. Müəyyən məsələlərlə bağlı gender bərabərliyi ilə bağlı qanuna dəyişikliklər edilməlidir və bu barədə layihə hazırlanıb”.

H.Hüseynovanın fikrincə, gender bərabərliyinə nail olmaq asan məsələ deyil. Ölkədə fəaliyyət göstərən partiyaların, vətəndaş cəmiyyətinin məsul şəxsləri bu sahədə əməkdaşlığı daha artırmalı, maarifləndirmə işlərini gücləndirməlidir, mövcud qanunlar, hüquq və azadlıqlar insanlara çatdırılmalıdır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, gender bərabərliyi haqqında qanun dövlətimizin bu yöndə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Eyni zamanda qanun gender mədəniyyətinin təbliğini də nəzərdə tutur. O, qanuna təklif edilən dəyişikliklərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, gender bərabərliyi kişi və qadınlar üçün bərabər hüquq, vəzifə, imkanlar, o cümlədən cəmiyyətdə bərabər sosial vəziyyətin yaradılmasıdır.  Eyni zamanda gender bərabərliyi dedikdə bərabər təmsilçilik və iştirakçılıq nəzərdə tutulur. Bərabər imkanların isə insan hüquqları, onların bütün formalarının reallaşdırılması üçün yaradılması vacib olan şərait və təminatlardan ibarət olduğunu diqqətə çatdıran komitə sədri hər bir dövlətin bu məsələ ilə əlaqədar müvafiq siyasət müəyyənləşdirdiyini vurğulayıb. O, qeyd edib ki, bu bərabərliyə nail olmaq üçün ilk növbədə cinsi bərabərsizliyin və ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına nail olmaq lazımdır. Azərbaycan bununla bağlı beynəlxalq konvensiyalara qoşulub və ondan irəli gələn öhdəliklərini öz qanunvericilik aktlarına daxil edib.

Gender bərabərliyinin təşviqinin önəminə toxunan B.Muradovanın fikrincə, Azərbaycanda formalaşmış yeni siyasi konfiqurasiya imkan verir ki, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və həmkarlar təşkilatları müstəvisində bərabər təmsilçiliyin, iştirakçılığın təmin olunmasına töhfə verə bilək.  Komitə sədri bu məsələdə YAP-ın ölkəmizdə siyasi konfiqurasiyanın mərkəzi aktoru kimi rolunu xüsusi vurğulayıb.

Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Azərbaycan qadınlarının cəmiyyətdəki rolu davamlı olaraq artır. Qadınların məşğulluqla təminatı ilə bağlı nazir müavini deyib ki, qadınlar ölkə əhalisinin 50 faizindən çoxunu təşkil edir və onların məşğulluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

A.Kərimovun sözlərinə görə, qadınlar özünüməşğulluq proqramında da fəal iştirak edirlər. O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən proqram və layihələr haqqında ətraflı məlumat verib.

Konfransda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev, “Azərbaycanda Qadın Sahibkarları İnkişafı Assosiasiyası” İctimai Birliyinin  İdarə Heyətinin sədri Səkinə Babayeva və Milli Məclisin deputatı Rəşad Mahmudov çıxış edərək ölkəmizdə gender bərabərliyinin hüquqi təminatları, qadınların sosial hüquqlarının qorunması, qadın sahibkarlığının inkişafı, vətəndaş cəmiyyətinin gender bərabərliyinin təmin olunmasında rolu və s. məsələlər haqqında fikirlərini bildiriblər.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video