02 Oktyabr 2011 12:10
429
Mədəniyyət
A- A+

Yaddaşlarda yaşayanlar

 

Tanınmış tərcüməçi, ədəbiyyatşünas Elxan Xəlil oğlu İbrahimov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmuşdur. O, 1921-ci il sentyabrın 29-da Üzeyir Hacıbəylinin silahdaşı, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin orqanı olan "Azərbaycan" qəzetinin baş redaktorlarından biri Xəlil İbrahimin ocağında dünyaya gəlmişdir. 15 yaşında ikən atası 1938-ci ildə repressiyanın qurbanı olmuş, bundan sonra ailənin qara günləri başlamışdır.

Elxan orta məktəbi əla qiymətlərlə bitirib elə həmin il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olsa da, "vətən xaini" övladı olduğundan təhsili yarımçıq qalır.

O, 1944-cü ildə bacısı Solmazla birlikdə Moskvaya yollanır və həmin il Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinin II kursuna daxil olur. Buranı da bitirmək ona nəsib olmur. 1947-48-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yenidən buraxılış imtahanı verib ali təhsil diplomu alır.    

Bu o vaxtlar idi ki, ailə artıq bəraət almış, hədə-qorxular nisbətən üzərlərindən götürülmüşdü. Elxan bütün gücü və bacarığı ilə ailəsinə, vətəninə, millətinə xidmət etməyə çalışıb. 1947-ci ildə Bakıda SSRİ Bədii Fondu Ümumazərbaycan şöbəsi bədii sərgi salonunun müdiri, sonra Moskvada SSRİ baş poliqrafiya nəşriyyatında yerli nəşrlər şöbəsinin redaktoru vəzifələrində işləmişdir. Bakıya qayıtdıqdan sonra bir müddət C.Cabbarlı adına "Azərbaycanfilm"də şöbə redaktoru vəzifəsində çalışmış, bir neçə il sonra isə Televeziya və Radio Verilişləri Komitəsinin "Ekran" yaradıcılıq birliyinə rəhbərlik etmişdir.

Ədəbiyyat və incəsənətin müxtəlif sahələrində uğurla çalışan Elxan İbrahimovun yaradıcılığının əsas hissəsini tərcüməçilik təşkil edir. Bədii tərcüməyə 50-ci illərdən başlamışdır. 1956-cı ildə çex yazıçısı Yaroslav Qaşekin "Hekayə və felyetonlar" kitabının Azərbaycan dilinə tərcüməsi E.İbrahimova şöhrət gətirir. Bir il sonra böyük rus yazıçısı M.Qorkinin əsərlərinin altıncı cildi də onun tərcüməsində oxuculara çatdırılır. Bundan sonra dünya şöhrətli yazarların əsərlərinin Azərbaycan dilinə tərcüməsi məhz Elxan İbrahimova tapşırılır.

O, qısa zamanda klassik rus yazıçılarının bir neçəsinin əsərlərini doğma dilə çevirməklə yanaşı, Azərbaycan sovet ədəbiyyatından Mehdi Hüseyni, S.Rəhimov, Mir Cəlal, Ə.Vəliyev, İ.Şıxlı, B.Bayramov, Y.Əzimzadə, İ.Məlikzadə, Ə.Qasımov və başqalarının əsərlərini rus dilinə tərcümə etmişdir.

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış tərcüməçi, ədəbiyyatşünas Elxan İbrahimovun anadan olmasının 90 illiyinə həsr olunmuş toplantı keçirildi. Tədbirdə iştirak edən ziyalılar, vaxtilə E.İbrahimovla bir yerdə çalışmış görkəmli söz və qələm ustaları onun tərcüməçi və ədəbiyyatşünas olmasından başqa, həm də Qarabağ, gözəl Şuşa havasını son anadək damarında, qanında daşımasından danışdılar. Dünya şöhrətli bəstəkar Arif Məlikov, akademik Teymur Bünyadov, xalq şairi Fikrət Qoca, Dövlət Mədəniyyət və İncəsənət arxivinin direktoru Maarif Teymur, şair Ənvər Əhməd, teatrşünas İlham Rəhimli və başqa tanınmış ziyalılar Elxan İbrahimov haqqında dəyərli fikirlər söylədilər, onunla birgə işlədikləri zamanlardan xatirələr danışdılar.

 

Rəsmiyyə RZALI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video