18 Fevral 2021 01:06
1203
Mədəniyyət
A- A+

Xoşbəxtliyin düsturunu tapan şair

 

Ömrü doxsanına yetdi... 1931-ci il fevralın 18-də dünyaya göz açdığı Qazax rayonu Poylu qəsəbəsindən başladı həyat yolu. İllər sonra böyük şəhərlər, ölkələr gördü. Amma o balaca qəsəbə heç zaman gözündə kiçilmədi. “Kür qırağında yerləşən kiçik qəsəbədir Poylu… Mənim nəzərimdə isə ora dünyanın mərkəzidir. Tariximizin qədimliyindən xəbər verən bir çox izlər qalıb o yerlərdə”, - dedi şair Nəriman Həsənzadə, ilk yurdunu gözəl xatırladı şeirində:

 

Bu dünyanın gözəl vaxtı Poyluda qaldı

Göy üzündən ulduz axdı, Poyluda qaldı

Bir qız mənə süzgün baxdı, Poyluda qaldı.

Taleyimin dalısınca çıxdım Poyludan

Beşiyimin görüşünə gəldim sonradan.

 

Əslində, Poylulu illəri qəmdən, kədərdən uzaq keçməyib. Atası Əliməmməd dünyadan köçəndə Nəriman Həsənzadənin bir yaşı varmış. Ondan xatirində heç nə qalmayıb. Ana nəfəsinə sığınıb, anasının tək balası, ümidi kimi böyüyüb.

Ayaqyalın, başıaçıq gəzdiyi, dünyanın qayğısını bilmədiyi uşaqlıq çağları bu gün illərin uzaqlığında, könlünün isə başındadır.  Ona görə deyib: “Nə qədər çətin vaxtları olsa da, tay-bərabəri yoxdu o çağların”.

Poylunu onun gözündə dünyanın mərkəzinə çevirən anası idi. O, gənc yaşından bütün həyatını öz balasına həsr edən mehriban, cəfakeş qadın iki nəfərlik ailənin - özünün və oğlunun həyatının bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışıb. “Bir anam idi, bir də mən. İki yetim kimi baş-başa verib bir damın altında yaşayırdıq”. Bu, şair Nəriman Həsənzadənin uşaqlıq illərinin sözlü şəklidir...

İlk şeirini yeddinci sinifdə oxuyanda yazıb. Müəllimi şeirini divar qəzetinə verib və bununla da məktəbin şairi kimi tanınıb. O vaxtdan qəlbinin pünhan duyğularını şeirlərinə köçürməyə başlayıb. Cild-cild kitabların müəllifidir. Neçə-neçə şeiri dillər əzbəridir. 

Həyatın ən ağır sınağı əbədi ayrılıqlardır. Nəriman Həsənzadənin həyatı da ayrılıqlardan keçib. Bir yaşında atasını, iyirmi üç yaşında tək ümidini - anasını itirib. Sonralar isə həyat yoldaşı vaxtsız köçüb bu dünyadan. Üzləşdiyi çətinlikləri, həyatdan erkən köçən doğmalarının, dostlarının dərdini, kədərini həssas qəlbində daşıyır, onların xatirələrini sevilən şeirlərində yaşadır şair. Dünya əzəldən belədir. Qəmi, kədəri də var, sevinci, səadəti də. Xoşbəxt olmağın düsturunu tapıb Nəriman Həsənzadə:

 

De, nədir səadət həyatda, gülüm,

bir könül xoşluğu, bir az təbəssüm.

 

            - deyib şair. 

Sadəliyi, həssaslığı, vətən təəssübkeşliyi, xalqına sevgisi, sədaqəti ilə bu gün bir nümunə, örnəkdir doxsan yaşlı şair Nəriman Həsənzadə. Həyata sevgisi, insanlara sarsılmaz inamı, sözə ehtiramı ilə yaşayıb yaradır...

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

AZƏRBAYCAN

 

Od ürəkli, od nəfəsli diyarımsan

Ocağına canım qurban, Azərbaycan!

Əzilsən də, əyilməyən vüqarımsan

Bu çağına canım qurban, Azərbaycan!

 

Savaşlardan alnıaçıq çıxan zaman

Tarixlərə bağışladın neçə qurban.

Hər qonşuda bir parçası əsir qalan

Torpağına canım qurban, Azərbaycan!

 

Neçə gizli sərvət yatır qucağında,

Neçə ölkə od aparır ocağından.

Azadlığın al rəmzi var bayrağında

Bayrağına canım qurban, Azərbaycan!

 

Hər uğurun gələcəyə bir yol açır,

Hər dost elə xoş niyyətin işıq saçır.

Hər millətə, hər məzhəbə isti, açıq

Qucağına canım qurban, Azərbaycan!

 

Başım üstdə məğrur-məğrur dalğalanan

Bayrağına canım qurban, Azərbaycan!

Ruhuma büt, cismim üçün vətən olan

Torpağına canım qurban, Azərbaycan!

 

FİKİR ELƏMƏ

 

Sən fikir eləmə, gözəldir həyat,

Nə qədər mən sağam, fikir eləmə.

Bu gün yanındayam, sabah hardasa,

Demə mən uzağam, fikir eləmə.

 

Sən fikir eləmə, yeri qar alsa,

Göyü bulud örtüb, dumanlar alsa,

Mən odam-ocağam fikir eləmə.

Yenə yanacağam, fikir eləmə,

 

Sən fikir eləmə heç vaxt dünyada,

Mən getsəm, sən qalsan, ayağın altda.

Onda da torpağam, fikir eləmə,

Onda da dayağam, fikir eləmə.

 

DÜNYA İŞIQDI

 

Mənim köməyim ol, mən dara düşsəm,

Baxma uzaqlardan, gəl dindir məni.

Hardasa, nabələd yollara düşsəm,

Özün qarşıma çıx, sevindir məni.

 

Bəzən hıçqırığım ucalır göyə,

İnsanam, mənim də ağrım - acım var.

Mənim, sən verdiyin bir təsəlliyə,

Sən dediyin sözə ehtiyacım var.

 

Adam var, neyləyim, vicdanı dardı,

Onun insafına qalsaydı əgər,

Mənim ürəyimi çoxdan qırardı,

Adımı hər yerdən çıxartdırardı,

 

İstəyinə çatsın təki birtəhər.

Sən eşit bunları, sıxılma fəqət,

Arabir sevincim qəm qarışıqdı.

Yüz təqib eləsin qoy məni zülmət,

Sən varsan dünyada,  dünya işıqdı.

 

ÜRƏYİM ANANI İSTƏYİR, QIZIM...

 

Ürəyim ananı istəyir, qızım,

Sən yaşa, dünyada qəmsiz-kədərsiz.

Bir səs qulağıma döz deyir, qızım,

Mən dözdüm, yaş ötdü məndən xəbərsiz.

 

Qaşlarım qaradır, saçlarım ağdır,

Təbiət şəklimi çəkir yenidən.

Hamı bu dünyada qocalacaqdır,

Amma tək qocalmaq dərd verir hərdən.

 

“Dağlar” deyə-deyə mən dağ aşmışam,

Hanı tale dostum, ürəkdən gülən?!

Dünyada yaşayıb dünyalaşmışam,

Dünyayla düz gəlmir daha mən deyən.

 

Daddım acısını şirin həyatın,

Hələ bu acıdan doyan olmayıb.

Qızım, qardaşınla sən olmasaydın,

Deyərdim, dünyada anan olmayıb.

 

Daha yaş artdıqca səbrim azalır,

Yaş asdı... Neyləsin, yaş əyir, qızım,

Qadınsız ata da anasız qalır,

Ürəyim ananı istəyir, qızım...

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video