15 Oktyabr 2021 01:02
1418
SİYASƏT
A- A+

Xocavəndlilər xilaskarları İlham Əliyevə əbədi minnətdardırlar

 

Onlar Müzəffər Ali Baş Komandanın bu yurdu da cənnətə çevirəcəyinə tam əmindirlər

 

Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa və yenidənqurma işləri Azərbaycanın möhtəşəm Zəfərinin, xalqımızın öz torpaqlarını işğaldan azad etməsinin ifadəsidir.

Eləcə də Prezident, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin işğaldan azad olunan rayonlarımıza səfərləri və ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşlər qələbəmizi dünyaya bəyan edir.

İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza növbəti səfərini oktyabrın 9-da Xocavənd rayonuna etdi. Qeyd edək ki, Vətən müharibəsində Xocavənd istiqamətində də ağır döyüşlər gedib. Hadrut qəsəbəsinin 2020-ci il oktyabrın 9-da işğaldan azad edilməsi Azərbaycan Ordusunun bu savaşdakı əsas uğurlarından biri oldu.

Hadrutun işğaldan azad edildiyi gün reallaşan səfər zamanı dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” Qovşaq yarımstansiyasının təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu.

Səfərin ən əlamətdar məqamları isə dövlət başçısının Hadrutda Xocavənd rayon ictimaiyyətinin  nümayəndələri ilə olduqca səmimi şəraitdə keçirdiyi görüş və onlarla birlikdə Tuğ kəndinə getməsi oldu.

Xocavənd rayon ictimaiyyətinin nümayəndələrinin bu görüşlə bağlı təəssüratları olduqca zəngin və maraqlıdır.

 

Bizi Vətənə İlham Əliyev qaytardı

 

Prezidentlə görüşün iştirakçılarından biri olan Azərbaycan Respublikası Milli Teleradio Şurasının üzvü, yazıçı-publisist Bəxtiyar QARACA deyir ki, bu səfər onun üçün gözlənilməz olub. “Fikrim-xəyalım burda, özüm uzaqlarda... Aeroportdaca zəng gəldi: “Xocavəndə-Hadruta gedirik...” Bir gün sonra artıq bir qrup həmyerlimlə, həmdərdlimlə illərdir görmədiyimiz, suyuna, havasına həsrət qaldığımız torpaqlara üz tutduq. Füzulidən Hadrut istiqamətində təzə bir yolla gedirdik”, - deyir yazıçı...

Bəxtiyar Qaraca ətrafda gördükləri mənzərələrin onları həm üzdüyünü, həm də sevindirdiyini qeyd edir. Vurğulayır ki, azad torpaqlarda həyat qaynayır, yollar çəkilir, insanlar çalışırdı: “Yüzillər boyu şəhid qanıyla boyanıb pirə, ziyarət yerinə dönən, bayrağa çevrilən Vətən torpaqları! Taleyimiz, tariximiz olan torpaqlar! Səni candan sevərək böyüməyi, qoruyaraq şəhid, qazi, qəhrəman olmağı öyrəndik! Hadrutda, Tuğda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə görüşümüz bu səfərin ən unudulmaz, təkrarsız anları idi. Bu görüşdən öyrəndiyimiz çox şey oldu. Burda da şəhidlərimiz, qazilərimiz ehtiramla anıldı”.

Həmsöhbətimiz Ali Baş Komandanın bu fikrini - “Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”- xatırladaraq qeyd edir ki, bu xoşbəxtliyi onlara bağışlayanların haqqını bu sözlərdən daha gözəl ifadə etmək mümkün deyil.

“Hadrutda dalğalanan Azərbaycan bayrağını gördük, əsgərlərimizlə tanış olduq. Başqa bir hissdir onları bu azad torpaqlarda, özümüzü də onların yanında görmək, Qarabağın düz ortasında qürurla dayanıb uca həqiqətlərdən danışan Müzəffər Ali Baş Komandanı dinləmək... Biz qayıtmışıq, Vətən! Artıq hamımız bu böyük qələbədən sonra bir daha əminik ki, müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də ən yüksək səviyyədə keşiyində durmaq, onu bəlalardan qorumaq, sərhədlərini keçilməz, sarsılmaz etmək üçün iradəli, sarsılmaz rəhbərə, güclü orduya ehtiyacımız həmişə olacaq. Bunu əsrlər boyu yaşadığımız faciələr, tarixi yaddaşımız da tələb edir” söyləyən Bəxtiyar Qaraca 100 il əvvəl Üzeyir bəy Hacıbəylinin andranikləri, njdeləri nəzərdə tutaraq yazdığı bir fikri yada salır: “Biz bundan sonra sərhədlərimizi elə qorumalı, elə möhkəmlətməliyik ki, yerindən qalxan hər hansı dəli, qudurmuş istənilən vaxt torpaqlarımıza soxulub insanlarımızı qətlə yetirə bilməsin”.

 

Gənclər daim Prezidentin yanındadır

 

Oktay ƏMRAHOV da Prezidentlə görüşün iştirakçılarındandır. 2003-cü ildə Bakı şəhərində anadan olub, bu il 647 balla Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına daxil olub. Deyir ki, doğmalarımın yaşadığı və oradan məcburi köçkün olduğu Xocavənd rayonunu heç vaxt görməsəm də, orada olmağa həmişə can atmışam: “Bu şans mənə ikiqat sevinc yaşatdı. Həmin gündə həm doğma torpaqlarımızı gördük, həm də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevlə xoş görüş mənə də qismət oldu. Şəhidlərimiz, qazilərimiz, qəhrəman Azərbaycan Ordusunun və Ali Baş Komandanın sayəsində biz düşmənin belini qırdıq”.

Cənab Prezidentlə görüşərkən çox həyəcanlı olduğunu söyləyən Oktay bunu təbii bir hal hesab edir: “Mən cənab Prezidentin səmimi, ünsiyyətcil insan olduğunu bilirdim və bu görüşün təəssüratı hətta gözlədiyimdən də artıq oldu. Belə ki, Prezident hər bir vətəndaşla ayrı-ayrı söhbətlər edir, onlarla yaxından maraqlanırdı. Gördüm ki, o, hər bir vətəndaşın fikirlərini, təkliflərini dinləyirdi. Bu, həqiqətən onun xalqına olan sevgisinin bariz nümunəsidir. Hətta onu deyim ki, mən Prezidentlə selfi çəkmək istədiyimi bildirdim. O, gülümsəyərək razı oldu və səmimi bir görüş alındı”.

Oktay Əmrahov söyləyir ki, doğma torpaqlarını, görkəmli eloğlularını gördüyünə, başlıcası isə, Prezidentlə şəxsən tanış olduğuna görə qürur hissi duyur və bir gənc olaraq daim dövlət başçısının kursunu dəstəkləməyi özünə mənəvi borc kimi qəbul edir.

 

Ən böyük arzuma çatdım

 

Əməkdar müəllim Gültəkin AĞAYEVA Prezidentlə görüşdə çıxış da edib. Lakin hesab edir ki, nə qədər danışsa da, bütün duyğularını, minnətdarlığını, sevincini tam ifadə edə bilməz: “Neçə illərdi qəlbimdə gəzdirdiyim nisgil, həsrət, kədər bir ildir ki, vüsallanıb, şənlənib, sevincə bələnib. Doğma yurdum, səfalı, laləzar Hadrutum düşmən caynağından xilas olub. İnsanı heyran qoyan gözəlliklər, dumana bələnən dağlar, dərələr, qoz ağacları ilə çətirlənən yollar bizləri görüb bir başqa aləmə düşüblər”.

Gültəkin xanım deyir ki, 30 il ərzində bir fikir beynini elə hey deşərdi: “Görəsən, o yerlərə yaz gəlirmi?” Tez öz-özümə deyərdim ki, gəlməz, gələ bilməz. O yerlərdə həyat olmazdı bizsiz. Təbiət də, torpaq da, yer də, göy də qan ağlayıb illərdi.  Bir il bundan əvvələ kimi. Şəhid qanı ilə suvarılan torpaqlar, “Vətən!” hayqırtısı ilə oyanan dağlar, doğma addım səslərini eşidən yollar sevincdən qürurlandı, vüqarlandı yenidən. Həyat özünə gəldi bu həsrətlə yüklənmiş yerlərdə. Möhtəşəm köçünü gözləyir qurban olduğum yerlər. İnşallah, yenə həmişəki kimi həyat qaynayacaq Hadrutda.

1987-ci ildə Xankəndi Pedaqoji İnstitutunu bitirib Hadrutun Salakətin kənd məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunan həmsöhbətimizin Hadrutla ilk tanışlığı o vaxtdan başlayıb. İlk müəllimliyi, eyni zamanda ailə qurmağı da Hadrutla bağlı olub: “Mənim qəlbimdə o yerlərə qayıdacağımıza böyük ümid var idi. Amma bəzən bu ümid, bu inam gözümüzün yuxusu kimi ərşə çəkilirdi. 1991-ci ildə bizim kənd işğal olundu. O gündən Hadrut azad olan günə qədər mən o yerlərin, o gözəlliklərin həsrətini çəkdim. Həsrət çəkə-çəkə də illəri başa vurub yaşlandıq. Yaşlandıq, amma nağılların, dastanların sonuna bənzədi taleyimiz. Hər şey bir andaca axarına düşdü. 44 günlük savaşın sonu möhtəşəm Zəfərlə sonlandı. Bu Zəfər dərdimizə dərman oldu. Həsrətimizə qılınc çəkdi. Başımızı dik tutdu. Acımıza bal qatdı. Qalib ölkənin vətəndaşları idik. Bu möhtəşəm Zəfəri bizə yaşadan Ali Baş Komandana, cənab İlham Əliyevə təşəkkürlər edirik. Cənab Prezidentin apardığı uğurlu siyasətin uğurlu nəticəsidir torpaqlarımızın işğaldan azad olması. 1 il bundan əvvəl Ali Baş Komandan “Hadrutu azad etdik” xəbərini xalqa çatdıranda inanın ki, sevincdən ürəyim partlayırdı”.

Artıq azad olunan Hadruta gəlişi ilə ən böyük arzusuna çatdığını deyən Gültəkin Ağayeva buna görə canını torpaq uğrunda fəda edən şəhidlərimiz qarşısında baş əydiyini vurğulayır: “Mən çıxışımda möhtərəm Prezidentə öz minnətdarlığımı bildirdim. Dedim ki, bu zəfər Sizin möhtəşəmliyinizdir. Bu zəfər Azərbaycan Ordusundan layiqli cavabını alan Ermənistanın “Dəmir yumruq” qarşısında nə qədər aciz oldiğunu və acı məğlubiyyəti qəbul etməsidir. Doğma xalqına bağlı, dövlətini sevən, ürəyi Vətən eşqi, vətənpərvərlik ruhu, qəlbi azərbaycançılıq sevgisi ilə döyünən, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən dövlət başçısı! Hər kəsin qürur duyduğu dahi insan! Allaha min dəfə şükürlər olsun ki, biz arzumuza çatdıq. Eşq olsun ordumuza! Yaşasın Azərbaycan Prezidenti!”

 

Prezident bizi heyran etdi

 

Xocavənd rayon Mədəniyyət evinin metodisti Lüdmila HƏSƏNOVA deyir ki, oktyabrın 9-u - doğma yurd-yuvamızın işğaldan azad olunduğu gün artıq onun həyatının ən mühüm tarixinə çevrilib: “Bizim çoxdan səbirsizliklə gözlədiyimiz, illərlə həsrətində olduğumuz bu yurda səfər etdiyimizi eşidəndə sevincim yerə-göyə sığmadı. Özümü dünyanın ən xoşbəxti hesab etdim. Bir vaxtlar qəlbim sızıldayır, burnumun ucu goynəyirdi o yerlər üçün. Bir vaxtlar əlim çatmırdı, ünüm yetmirdi. Yamyaşıl çəmənlər, uca dağlar, dişgöynədən bulaqlar bizi haraylayırdı”.

Artıq 30 illik həsrətə son qoyulduğundan böyük sevinc yaşayan Lüdmila Həsənova qeyd edir ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi: “Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan

İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirərək bizi doğma yurd yerimizə qovuşdurdu. Artıq biz doğma torpağımızdayıq. O torpağın havasını udub, suyunu içirik. Çox sevinirik, qürur hissi keçiririk ki, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bəşəriyyətə haqqın, ədalətin, böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik”.

Prezident İlham Əliyevin Hadrut qəsəbəsinin işğaldan azad olunmasının ildönümünü onlarla birlikdə öz torpaqlarında qeyd etməsindən qürur duyduqlarını söyləyən Lüdmila Həsənova dövlət başçısının ünsiyyətinə heyran olduğunu deyir: “O qədər səmimi, mehriban idi ki... Şirin danışığı, diqqət və qayğısı hamımızı heyran etdi. Biz çox xoşbəxtik ki, İlham Əliyev kimi Liderimiz, Prezidentimiz var. “Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır” dedi Prezidentimiz. Gəlişilə Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkilməsinin, “Hadrut” yarımstansiyasının tikilməsinin təməli qoyuldu və Hadrutda məscidin tikintisinə start verildi. Bu, böyük bir tarixi hadisədir”.

Bütün keçmiş məcburi köçkünlər kimi Lüdmila Həsənova da öz ev-eşiyinə qayıdacağı günü səbirsizliklə gözləyir. İnanır ki, cənab Prezidentin diqqət və qayğısı ilə düşmənin işğalından azad olunmuş doğma Hadrut qəsəbəsi əvvəlkindən də gözəl olacaq: “Hadrut qəsəbəsinə çəkilən avtomobil yolu, təməli qoyulan məscid qəsəbəmizin gələcək xoş günlərindən xəbər verir. Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuzun bizə bəxş etdiyi zəfər günü həsrətimizə son qoydu. Uzun illər həsrəti ilə yaşadığımız doğma ocağımızın işğaldan azad edildiyinə görə Ali Baş Komandana minnətdarıq. İnanırıq ki, tezliklə səmimi ürək sözlərimizi doğma yurdumuzdan dilə gətirəcəyik”.

 

Prezident şəhid analarını dərdinə məlhəm oldu 

 

Adilə ABDULLAYEVA şəhid Tural Abdullayevin anasıdır. Xocavəndin fəxri, qüruru olan igid yetişdirdiyinə görə elə özü də rayon sakinlərinin iftixarıdır.

Prezidentin Xocavəndə səfəri onu da hədsiz sevindirib, duyğulandırıb: “Mən şəhid anasıyam. Övladım millətimizin haqq savaşında canından keçərək əbədiyyətə ucalıb. Onun qəhrəmanlıqla döyüşdüyü, şəhid olduğu ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Övladım bayrağı çox sevərdi, onu qürur rəmzi görərdi. Azad olunan ərazilərdəki Azərbaycan bayrağına baxanda mənə elə gəlir ki, oğlumun ruhu şaddır və o, sevinir. Biz də sevinirik. Cənab Prezident İlham Əliyev hər dəfə Qarabağın müxtəlif şəhərlərini, kəndlərini gəzəndə fəxarət hissi keçirirəm. İllərlə məcburi köçkünlük dərdi ilə üz-üzə qaldığımızı xatırlayıram və məhrumiyyətlər gəlib gözlərimin önündə dayanır. Bu illər ərzində biz Azərbaycanın inkişafını öz həyatımızda hiss etmişik. Müstəqilliyin ilk illərində zəif dövlətimiz var idi. Ancaq zamanla Ulu Öndər Heydər Əliyev inkişafın təməlini qoydu və cənab Prezident İlham Əliyev həmin təmələ sədaqət göstərdi, o yolda uğurla addımladı. Hər bir il öncəkindən gözəl oldu. Ancaq bu illər ərzində bizim ürəyimiz yenə qubar bağlamışdı. Əlbəttə, ölkəmizin inkişafı bizi sevindirirdi, ancaq torpaqlarımız düşmən tapdağı altında idi. O torpaqlar qayıdacaqdı, bəs biz o günü görə biləcəkmiydik?”

Adilə xanımın buna əsla şübhəsi olmayıb. Daim inanıb və indi cənab Prezidentin düşməndən təmizlənmiş ərazilərə səfərlərini izləyəndə, onun sözlərinə diqqət kəsiləndə həmin günlərdəki inamını xatırlayıb kövrəlir. Çünki kim təsəvvür edərdi qısa zamanda bu qədər iş görülər: “Cənab Prezident İlham Əliyev Hadrut qəsəbəsində səfərdə oldu. O, bu qəsəbədə bir çox quruculuq işlərinin əsasını qoydu. Bizim ailə bu kadrları həvəslə izləyirdi, çünki o, bütün söhbətlərində şəhidlərin ruhuna minnətdarlıq ifadə edirdi, onların ailələrini hər zaman diqqətdə saxladığını söyləyirdi və bu, bizim qəlbimizdəki övlad həsrətini bir qədər soyudur. Övladımız bu günlərin memarlarından biri oldu və bununla əbədilik qazandı. Cənab Prezident İlham Əliyev eyni zamanda səfərləri zamanı səmimiyyəti ilə bizi sevindirir. O, rayon sakinləri ilə sevgiylə, sevinclə danışır, onların söhbətlərini diqqətlə dinləyir, problemləri ilə maraqlanır. Cənab Prezident illər öncə Xocavənd rayonunun kəndlərindən məcburi köçkün kimi çıxan ziyalılarla söhbəti zamanı evlərin dağıdılmasına, yandırılmasına, talan olunmasına üzülsə də, vətəndaşları gələcək günlərdə şəhər və kəndlərimizin yenidən qurulacağına əmin etdi. Mən bir şəhid anası kimi diqqətlə izlədiyim Hadrut səfərindən xeyli duyğulandım. Vətən övladlarının qanları bahasına aldıqları torpaqlarda bayrağımız əbədi dalğalanacaqdır və dalğalandıqca da şəhidlərimizin ruhu şad olacaqdır!”

 

Dünyanın ən xoşbəxt insanı idim...

 

 Xocavənd rayon Salakətin kənd tam orta məktəbin müəllimi Telli ALIYEVA əməkdar müəllimdir. O da Hadrut qəsəbəsinin azad olunmasının birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüşdə iştirak edib.

Bu görüş onun üçün çox əlamətdar olub: “Birinci ona görə ki, mən Qarabağın zəfər tarixini yazan bir sərkərdə, müzəffər Ali Baş Komandan, qüdrətli dövlət başçısı İlham Əliyev kimi bir şəxsiyyətlə görüşdüm.  İkincisi ona görə ki, 30 il həsrətində qaldığım Qarabağ torpağına ayaq basırdım. Bu hissləri sözlə ifadə edə bilmərəm.  Görüşdə Prezident İlham Əliyev 44 günlük müharibənin başlanma səbəbləri, Hadrutun çətinliklə alınmasından, qəhrəman əsgər və zabitlərimizin necə qəhrəmanlıq göstərdiklərindən ətraflı danışdı və bildirdi ki, tezliklə bu ərazinin yeni baş planı hazırlanacaq, burada turizm məkanı yaradılacaq. Bu torpağın gözəl havası və zəngin bitki örtüyü var. Bu səfər zamanı Prezident bildirdi ki, Hadrud ərazisində yeni məscidin, yarımstansiyanın və Hadrut-Füzuli-Cəbrayıl yolunun təməlini qoyduq”.

Prezidentlə Tuğ kəndinə gedən Telli Alıyevanı doğma yurdunda gördüyü mənzərə çox sarsıdıb: “Azərbaycanlıların evləri tamamilə dağıdılmış, məktəb və abidələr yararsız hala salınmışdır. Bizimlə söhbət zamanı Prezident bildirdi ki, mən bir neçə dəfə bu yerlərdə olmuşam, bu vəhşilikləri görmüşəm, 30 il ərzində hayların yaşadığı evlərə baxanda gördüm ki, burada heç kəs yaşamaz. Amma biz tezliklə gördüyümüz bu dağıntıları bərpa edəcəyik, yeni yaşayış binaları inşa ediləcək, abidələr olduğu kimi bərpa ediləcək.  Bu diyarı gülüstana döndərəcəyik. Beləliklə, mən bu görüşdən xoş təəssüratla ayrıldım. Dünyanın ən xoşbəxt insanı saydım özümü, ona görə ki, mən Qarabağın xilaskarı ilə üzbəüz görüşdüm, əlini sıxaraq minnətdarlığımı bildirdim. Bundan gözəl nə ola bilər”.

Bakı Musiqi Akademiyasının professoru Tamilla KƏNGƏRLİNSKAYA deyir ki, onun da Prezidentlə görüş təəssüratları çox zəngindir: “İlk öncə cənab Prezidentin çıxışı, onun güclü şəxsiyyəti, vətənə, doğma təbiətə bağlılığı və xalqına qarşı dərin qayğılıq hissləri, eyni zamanda Xocavəndin gözəl təbiəti, bu gözəlliyə uyğun olan zəhmətkeş və mərd insanları, onlara xas olan səmimilik, sadəlik və qonaqpərvərlik... - bütün bunlar olduqca möhtəşəm hisslər yaradır. Ətrafdakı kontrastlı, bir-birini əks etdirən görüntülər də məni çox təsirləndirdi, çünki burada bir tərəfdən müharibənin dəhşətli kadrları, digər tərəfdən isə bu müqəddəs torpağı qısa bir zamanda bərpa edən, yeni həyat verən insanlar canlanırdı. Mən əminəm ki, cənab Prezidentimizin Xocavənd rayonunu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək məqsədi və arzusu yaxın zamanda reallaşacaq”.

Torpaqlarımızın işğal altında olduğu illərdə Xocavənd ictimaiyyəti heç vaxt ümidini itirmədi. Torpaqlarımızın günlərin birində azad olunacağı ilə bağlı inamları gündən-günə böyüdü. Onların inamını daha da gücləndirən isə Prezident İlham Əliyevin yürütdüyü siyasət idi. Çünki bu siyasət torpaqlarımızın işğaldan azad olunacağı tarixi hər gün yaxınlaşdırırdı. Ötən ilin Vətən müharibəsində qazanılan qələbə bu inamın əbəs olmadığını göstərdi. 44 günlük savaşda xocavəndlilər də qəhrəmancasına iştirak edərək, böyük şücaətlər göstərdilər, tarixi qələbəmizin qazanılmasına özlərinin layiqli töhfələrini verdilər.

Bu gün xocavəndlilər ikiqat sevinc yaşayırlar. Çünki doğma torpaqları sürətlə azad olunduğu kimi, sürətlə də bərpa edilir. İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə işğaldan azad olunmuş digər rayonlar kimi, Xocavənddə də hərtərəfli quruculuq işləri aparılır və  erməni vandalizminin vurduğu yaralar tədricən sağalır. Dövlət başçısının, Müzəffər Ali Baş Komandanın Xocavəndə səfəri təsdiq etdi ki, Qarabağın bu dilbər və füsunkar guşəsi də tarixi şöhrətini tezliklə özünə qaytaracaq. Xocavəndlilər əmindirlər ki,

İlham Əliyev bu yurdu da cənnətə çevirəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video