17:59 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

XİLASKAR
ANA SƏHİFƏ / SİYASƏT
02:59 09.12.2020


Hər bir xalqın, dövlətin yüksəliş və tənəzzül dövrü olur.

Hər bir xalqın, dövlətin təhlükəli, sınaqlı illəri, günləri olur.

Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən, yüksək rifaha, mədəni intibaha çatdıran liderləri olur!

Xoşbəxt o dövlətdir ki, təhlükəli, sınaqlı illərində ona müdrik, uzaqgörən, iradəli, qətiyyətli və hünərli rəhbərlər başçılıq edirlər.

Başı çox bəlalar çəksə də, Azərbaycan xalqını xoşbəxt xalqlardan hesab etmək olar!

Bu gün bu sözləri daha inamla, daha sevinclə söyləyə bilirik.

Bu inamı, bu sevinci bizə bəxş edən xalqımızın xilaskar oğlu İlham Əliyevdir!

Müstəqillik dövrümüzün ilk xilaskarlıq missiyası Ulu Öndər Heydər Əliyevə məxsusdur.

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanı xaos və anarxiya burulğanından, özbaşınalıq və qanunsuzluqlardan, bir dövlət kimi məhvolmadan xilas etdi.

Tariximizin ən böyük xilaskarlıq missiyasını isə yeni dövrün yeni rəhbəri cənab İlham Əliyev yerinə yetirdi!

Həm də Ulu Öndərimizin vəsiyyətlərini icra etməklə, onun yarımçıq qalmış işlərini başa çatdırmaqla, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirməklə, xalqın ən müqəddəs arzusunu uğurla gerçəkləşdirməklə!

Prezident İlham Əliyev bizi nələrdən xilas etdi?

Birlikdə nəzərdən keçirək.

***

Xalqımızın ən böyük ağrısı, sağalmaz yarası torpaqların erməni işğalında qalması idi!

BMT qəbul etdiyi dörd qətnaməni yerinə yetirə bilmir, ATƏT-in Minsk qrupu danışıqların imitasiyası ilə məşğul olur, digər beynəlxalq qurum və təşkilatlar beynəlxalq hüququn norma və prinsiplərini, ədaləti təmin etməkdə acizlik göstərir, Ermənistan isə sülhdən boyun qaçırırdı.

Belə bir mürəkkəb məqamda həm dünya miqyaslı nüfuzlu siyasi xadim, həm mahir diplomat, həm də qətiyyətli sərkərdə kimi meydana girən İlham Əliyev bir həmlə ilə işğal altındakı torpaqlarımızı düşməndən azad etdi!

Beləliklə, itirilmiş əraziləri geri qaytaran dövlət başçısı kimi Azərbaycan tarixinə düşdü!

***

Düz 27 il idi ki, Azərbaycan parçalanmış vəziyyətdə qalmışdı.

Düşmən təkcə Dağlıq Qarabağı deyil, üstəlik ona bitişik yeddi rayonumuzu da ələ keçirərək möhkəmləndirmə işləri aparmışdı.

Hətta münaqişəyə "nöqtə qoymaqla” torpaqları özününkü sayırdı.

Azğınlaşmış düşməni ərazimizdən qovan Ali Baş Komandanımız Vətəni parçalanmış vəziyyətdən xilas etdi, torpaqlarımızı yenidən bütövləşdirdi!

***

XIX əsrdən başlayaraq Azərbaycan əraziləri hesabına özlərinə dövlət quran ermənilər sonralar da bizdən torpaq qoparmağa fürsət gəziblər.

Əllərinə düşən imkanı heç zaman qaçırmayıblar: bu, 1918-ci ildə ilk dəfə müstəqil dövlət quranda da belə oldu, sovet hökumətinin ermənipərəstliyindən istifadə edib 1948-1953-cü illərdə soydaşlarımızı Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya etdirəndə də!

Ötən əsrin doxsanıncı illərində ikinci dəfə dövlət müstəqilliyi qazanmaq şansı yarananda da ermənilər fürsəti əldən vermədilər...

Təəssüf ki, həmin dövrdə Azərbaycan çox ağır durumda idi: xalq həqiqi rəhbərindən ayrı düşmüşdü: ölkəyə maymaq, qorxaq, qətiyyətsiz insanlar rəhbərlik edirdi, AXC-Müsavat cütlüyü isə vəzifə hərisliyinə düşdüyündən ölkədə xaos, anarxiya və özbaşınalıq mühiti yaratmaqla torpaqların müdafiəsinə imkan vermirdi.

Əslində nə nizami ordu quran vardı, nə də onu silah-sursatla təmin edə bilən!

Belə vəziyyətdə 20 faiz ərazimiz işğal olundu!

Düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparan xalq 20 min şəhid versə də, torpağını qoruyub saxlaya bilmədi!

Gözəl Qarabağ, ətrafındakı yeddi rayon, bütün strateji yüksəkliklər işğala məruz qaldı!

Məğlub, miskin duruma düşdük!

İllər boyu düşmənlə bir masa ətrafında oturmalı, onların sülh yolu ilə torpaqlarımızı nə vaxt qaytaracaqlarını gözləməli olduq...

Tariximizin ən görkəmli sərkərdəsi İlham Əliyev bizi bu göz kölğəliyindən, baş qaxıncından qurtardı!

Sərkərdələr sərkərdəsi İlham Əliyev bizi "qorxaq millət”, "torpağını qoruya bilməyən xalq”, "torpaq itirən dövlət” töhmətindən də xilas etdi!

***

Vətəndə vətən həsrəti çəkmək çox ağırdır, çox çətindir!

Əl uzatsan əlin çatacaq elinə-obana gedə bilmirsən!

İllər boyu min bir əziyyətlə, əl qabarı ilə tikib-qurduğun evini, kəndini, şəhərini gözünün qabağında dağıdıb xarabalığa çevirirlər, durdurmağı bacarmırsan!

İlham Əliyev bizi bu mənəvi iztirablardan xilas etdi!

***

Doğma el-obada təkcə evlərimizi yox, qəbiristanlıqlarımızı, küçə və məhəllələrimizi, uşaqlıq və gənclik xatirələrimizi də qoyub gəlmişdik.

Ölülərimiz yasin səsinə həsrət qalmışdılar!

Novruz bayramlarında doğmalarımızın məzarlarını ziyarət edə bilmirdik!

Qohum-qardaşdan, qonum-qonşudan ayrı düşərək hərəmiz respublikanın bir güşəsinə səpələnmişdik!

Ürəyimiz istəyən insanları ildə bir dəfə görə bilmirdik!

İlham Əliyev bizi bu həsrətdən xilas etdi!

***

ATƏT yarananda o qədər sevinmişdik ki...

Hər dəfə ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin olunanda çiçəyimiz çırtlayırdı: bu sədrin dövründə məsələ həllini tapacaq...

Hətta sədrlərdən biri Ağdam məscidindən bir daş parçasını gətirib bizə ərməğan da etmişdi...

Sonralar onların bu gəlişi-gedişi müxtəlif lətifələrə çevrilmişdi.

Amma həmin lətifələri ucadan danışıb gülə bilməzdik: ATƏT-in xətrinə dəyərdi!

Ermənilər isə ATƏT-in ... boşluğundan istifadə edərək həqarətə keçmişdilər.

Gah format dəyişmək istəyirdilər, gah Şuşada yallı oynayırdılar, gah da işğal rayonlarının beşini qaytararaq ikisini özlərinə saxlayacaqlarını söyləyirdilər...

İlham Əliyev bizi erməni təhqirindən, ATƏT-in aşağılamasından, boş-boşuna gözləntilərdən xilas etdi!

***

Erməni özünü işğal etdiyi torpaqlarda ağa kimi aparırdı.

Təkcə yurdumuzu viran qoymurdu!

Meşələrimizi qırıb daşıyırdı!

Üzümlüklərimizin məhsullarından "erməni konyakı”, çaxır istehsal edərək satırdı.

Mineral sularımızı öz adı ilə xarici bazarlara çıxarırdı.

Kəlbəcər dağlarındakı yeraltı sərvətlərimizi talan edirdi.

Xarici şirkətlərin cəlbi yolu ilə Zod mədənlərindən çıxardıqları qızılımızı acgözlüklə mənimsəyirdilər.

Həm də təkcə maddi sərvətlərimizi yox!

Tarixi-mədəni abidələrimizi uçururdular.

Məscidlərimizdə heyvan saxlayırdılar.

Musiqimizi mənimsəyib öz adlarına çıxırdılar.

İlham Əliyev maddi sərvətlərimizi, mənəviyyatımızı, mədəni dəyərlərimizi talandan və məhv edilmədən xilas etdi!

***

Ən nəhayət, xalqın yeni bir zümrəsi yaranmışdı: məcburi köçkün adı verilmişdi onlara.

Talehin nəsib etdiyi bu ad insanları sıxırdı, əzirdi.

Vətəndə yurdsuz olduğumuzu daim yadımıza salırdı.

Dövlət nə qədər kömək göztərib əl tutsa da, bunlar dərdə çarə deyildi.

İlham Əliyev bizi çarəsizlikdən xilas etdi!

İlham Əliyev bizi "məcburi köçkün” adından xilas etdi!

İlham Əliyev bizi vətəndə yurd həsrəti çəkməkdən qurtardı!

***

Əsil rəhbərin xilaskarlıq missiyası belə olur!

Əsil sərkərdə ərazi bütövlüyünü bax, belə, düşməni əzə-əzə, qova-qova bərpa edir!

Əsil Prezident vətəndaşına belə qayğı göstərir, onun mənəvi iztirablarına son qoyaraq bütöv Vətən adlı əvəzsiz sərvətə qovuşdurur!

Tariximizin ən böyük rəhbəri, qüdrətli sərkərdəsi, mahir dövlət başçısı İlham Əliyev kimi!


Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM