15 May 2016 12:05
1037
Oxucu məktubları
A- A+

Xatirə bulaqlar ilə yad edilən tarix...

 

Kələxan qədim yaşayış məskənidir. Deyilənlərə görə, beş yüz yaşı var. Əhalisi zəhmətsevər, torpağı bərəkətlidir. Bu abad obada yaraşıqlı evlər ucaldılıb, bağlar salınıb, məktəb tikilib. Keçən il kəndə rayon mərkəzindən gələn 17 kilometr yola asfalt döşənib, istirahət mərkəzi istifadəyə verilib.

Kəndimiz alimləri, işgüzar adamları, müxtəlif peşələrə sahib ziyalıları ilə də tanınır. Neçə-neçə həkim, müəllim, mühəndis yetişdirib. Onların xoş sorağı ölkəmizin şəhər və kəndlərindən gəlir.

Kələxandan 1941-1945-ci illər müharibəsinə 83 igid gedib. Onlardan 45 nəfəri qayıtmayıb. Leytenant Feyruz Əmrəli oğlunun döyüş yolu Qafqazdan başlayıb. Qələbəyə bir gün qalmış Berlinin Brandenburq darvazalarında gedən döyüşdə qəhrəmancasına həlak olub. Həmzə Şıxəliyev Reyxstaq divarlarına ilk “avtoqraf” yazan zabitlərdən biri idi. Sinəsində Lenin ordeni ilə doğma diyara qayıtmışdı. Qəyyum və Şəkərəli Babayev qardaşlarının məzarları Belarus torpağındadır. Gülab və Tərlan Məhərrəmovlar da qərib ölkələrdə dəfn olunublar...

Kələxanlılar müharibədə həlak olanların xatirəsini əziz tuturlar. Məktəbdə onlar barədə materiallar ayrıca guşədə toplanıb. Kənddəki gursulu kəhrizə “Əsgər” adı verilib və üzərinə xatirə lövhəsi vurulub. Bulağa gələnlər onları yada salır, ruhlarına dua oxuyurlar.

Belə bulaqlardan biri də Lerik-Zuvand yolunun üstündə, Büzeyir kəndinin ərazisindəki “Köyül” mağaranın yaxınlığındadır. Bulaq İkinci Dünya müharibəsində bir ayağını itirmiş, cəbhədən qayıdandan sonra yarım əsr pedaqoji fəaliyyət göstərmiş Balamirzə İbrahimovun xatirəsinə tikilib. Dünyasını dəyişən veteranın övladları dağdakı bulağın suyunu bir kilometr məsafədən çəkiblər. Günün hər vədəsində buradan keçən maşınlar dayanır, sərnişinlər sərin sudan içir, özləri ilə gətirdikləri dolçaları doldurub evlərinə aparırlar. Bulağın suyu saf və təmizdir. İsti keçən yay aylarında bu sudan yüzlərlə ailə istifadə edib Balamirzə müəllimə rəhmət diləyir.

Qələbə Günü ərəfəsində Boykəndil kənd sakinləri də müharibədə igidlik göstərmiş babalarının şərəfinə tikilmiş xatirə bulağını qaydaya salıb, ətrafında bəzək ağacları, gül-çiçək əkiblər.

 

H.VƏLİMƏMMƏDOV,

Lerik rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video