16 Sentyabr 2021 11:04
1037
Mədəniyyət
A- A+

Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub  

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, abidə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Azərbaycanın Ukraynadakı səfirliyi, Xarkovdakı Fəxri konsulluğu və Xarkov şəhər meriyasının birgə dəstəyi ilə ucaldılıb.

Şəhərin mərkəzi hissəsində ucaldılan abidənin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, Xarkov vilayət Administrasiyası rəsmiləri, deputatlar, Azərbaycanın diaspor rəhbərləri, soydaşlarımız, şəhər sakinləri iştirak ediblər.

Açılış mərasimi Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən İqor Terexov bildirib ki, adları dünya tarixinə qızıl hərflərlə yazılmış şəxsiyyətlər arasında dahi mütəfəkkir Nizami Gəncəvi də var. Bu abidənin açılışı təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. “Mən Azərbaycana öz minnətdarlığımı bildirirəm ki, Nizami Gəncəvi kimi dahi insanın abidəsi üçün Xarkov şəhərini seçib”, - deyə İqor Terexov əlavə edib.

Dahi şairin abidəsinin Xarkovda ucaldılmasının tarixi hadisə olduğunu deyən Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, Xarkov şəhəri Ukraynanın paytaxtı olub, burada güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Nizami Gəncəvinin heykəlinin ucaldılması soydaşlarımız və şəhər sakinləri üçün əlamətdar hadisədir. “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirib. Bu gün bu qayğı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə Elnur Əliyev vurğulayıb.

Səfir Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. O dünyəvi şair olduğu üçün bəzi ölkələrdə abidəsi ucaldılır. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri onu dünyada sevdirib. “Mən inanıram ki, Nizami Gəncəvinin abidəsi olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”,- deyə səfir əlavə edib.

Tədbirdə daha sonra Milli Məclisin deputatı Rüfət Quliyev, Xarkov Vilayət Dövlət Administrasiyası sədrinin müavini Yevgeni Qritskov çıxış edərək iştirakçılara öz təbriklərini çatdırıblar.

Abidənin müəllifi, Ukraynanın xalq rəssamı Katib Məmmədov göstərdikləri dəstəyə görə, Azərbaycanın Ukraynadakı səfirliyinə, Xarkovdakı Fəxri konsulluğuna və Xarkov şəhər meriyasının rəhbərliyinə təşəkkürünü bildirib. Bundan sonra Nizami Gəncəvinin abidəsinin üzərindəki örpək açılıb.

Təntənəli açılış mərasimlə əlaqədar olaraq Xarkov Vilayət Filarmoniyasının binasında konsert keçirilib. Konsertdə Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Xarkov Simfonik Orkestrinin ifasında Azərbaycan, Ukrayna və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında da Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video