Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirləri ilə bağlı vəziyyətə dair məlumat yayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumat yayıb.
AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla məlumatı təqdim edir:
“Bilirsiniz ki, Vətən müharibəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib.
Əvvəlcədən qeyd etmək vacibdir ki, bu faktlara bir beynəlxalq məhkəmədə deyil, bir neçə beynəlxalq məhkəmədə baxılır. Çünki bu faktlar bir beynəlxalq konvensiyanın deyil, bir neçə beynəlxalq konvensiyanın pozulmasını ehtiva edir və hər bir konvensiya üzrə xüsusi şikayətetmə proseduru mövcuddur. Hər bir məhkəmə yalnız konkret bir konvensiya çərçivəsində hüquq pozuntularına qiymət verməyə səlahiyyətlidir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi
Belə ki, cari ilin yanvarında Azərbaycan Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət vermişdir. Bu şikayətdə Azərbaycan vətəndaşlarının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Konvensiyasında nəzərdə tutulmuş hüquqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu sübut edən faktlar təsbit olunub. Şikayətdə həm Birinci Qarabağ müharibəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda, Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntuları əksini tapır. Qeyd edilməlidir ki, bu hüquq pozuntularının əksəriyyəti, məsələn, mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq cinayət hesab olunur.
Eyni zamanda, Ermənistan da Avropa Məhkəməsində Azərbaycana qarşı bəzi əsassız iddialarla çıxış edib və bu iddialar yalnız Vətən müharibəsi dövrünə aiddir.
Beynəlxalq Ədalət Məhkəməsi
Cari ilin sentyabrında Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib. Bu məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız iddialar irəli sürüb.
Prosedura əsasən, məhkəmə prosesinin ilk mərhələsində hər tərəf məhkəmədən iddianın təminetmə tədbiri kimi müəyyən təxirəsalınmaz məsələlərlə bağlı müvəqqəti xarakterli qərarların qəbul edilməsini xahiş edə bilər və həm Azərbaycan, həm də Ermənistan məhkəməyə bu barədə sentyabr ayında vəsatətlər vermişdir.
Cari il oktyabrın 14-19-da keçirilən dinləmələr iddiaların mahiyyəti ilə deyil, yalnız bu konkret vəsatətlərin baxılması ilə bağlı olmuşdur.
Azərbaycan tərəfi bu mərhələdə əsasən 3 təcili məsələ üzrə hüquq pozuntularının bu günədək Ermənistan tərəfindən davam edildiyi barədə faktları məhkəməyə təqdim etmiş və məhkəmənin təcili müdaxiləsini xahiş etmişdir:
o Ermənistan tərəfindən bu Konvensiyanın tələbləri kobud surətdə pozularaq işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan minalara dair tam, müfəssəl və dəqiq məlumatların, o cümlədən mina xəritələrinin Azərbaycana verilməməsi (və ya qəsdən natamam məlumatların verilməsini) və bununla da məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasının məqsədli şəkildə qarşısının alınması, bunun da mahiyyət etibarilə etnik təmizləmənin davamı olduğuna görə məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilmişdir. Bilirsiniz ki, hərbi işğala son qoyulmasına baxmayaraq, ötən ilin noyabr ayından başlayaraq bugünədək bu minaların partlanması nəticəsində 160-dan çox soydaşımız həlak olub və ya ciddi xəsarət alıb, onların 65 mülki şəxsdir;
o Vətən müharibəsi zamanı işğalçı erməni ordusu tərəfindən beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki əhalinin hədəfə alması, hərbi əsirlərə işgəncələrin verilməsi və digər cinayətlərlə bağlı təqsirkar şəxslərə qarşı heç bir məsuliyyət tədbirlərinin görülməməsi, cinayətlərin törədilməsini sübut edən dəlillərin toplanmaması və ya hətta məhv edilməsi kimi halların qarşısının alınması üçün məhkəmənin müdaxilə etməsi tərəfimizdən xahiş edilmişdir;
o Ermənistanda revanşist yönümlü, hərbiləşdirilmiş qrupların Azərbaycana və Azərbaycanlılara qarşı zorakı xarakterli çağırışlar edərək azərbaycanlıları etnik zəmində hədəfə alır. Belə cəhdlər bu gün də sosial şəbəkə və mətbuatda davamlı şəkildə həyata keçirilir. Ermənistan dövlət olaraq bunun nəinki qarşısını almır, hətta onları birbaşa və dolayısı şəkildə dəstəkləyir və bununla da 1965-ci ili Konvensiyasının tələblərini pozur.
Qeyd edilməlidir ki, Ermənistan tərəfindən bu mərhələdə Azərbaycana qarşı irəli sürülən vəsatət əsasən Azərbaycanda saxlanılan, erməni əsilli şəxslərin qeyd-şərtsiz azadlığa buraxılmasıdır. Bu tələb onunla əsaslandırılır ki, o şəxslər erməni əsilli olduğu üçün həbsdə saxlanılır. Məsələ ilə bağlı tərəfimizdən bu şəxslər tərəfindən Azərbaycanın suveren ərazisində hərbi və digər cinayətlərin törədilməsini sübut edən dəlillər məhkəməyə təqdim edilmiş, Azərbaycanın öz cinayət və cinayət prosessual qanunvericiliyi əsasında bu şəxslərin məsuliyyətə cəlb etməyə hüququnun olduğu, onların etnik erməni olduqlarına deyil, törədilmiş konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini sübut edən faktlar təqdim edilmişdir. Digər vəsatətlərdə isə bu şəxslərin hüquqlarının təmin edilməsi, erməni xalqına qarşı nifrət nitqinin qarşısının alınması (bu kontekstdə Hərbi Qənimətlər Parkının dərhal bağlanması), Azərbaycan ərazisində yerləşən bəzi dini və mədəni abidələrin (hansıları ki, Ermənistan tərəfi erməni abidələri hesab edir) dağıdılmasının qarşısının alınması və sair bu kimi məsələlər qaldırılmışdır. Hər bir məsələ üzrə Azərbaycan tərəfi və ölkəmizi təmsil edən peşəkar vəkillər öz tutarlı cavablarını, dəlil və sübutlarını təqdim etmişdir.
Bu vəsatətlərlə bağlı məhkəmə qərarı adətən bir neçə həftə ərzində qəbul edilir. Bundan sonra məsələ mahiyyət mərhələsinə keçəcək və növbəti bir neçə il ərzində tərəflərin irəli sürdüyü iddiaların mahiyyətinə baxılacaq və müvafiq qərarlar qəbul ediləcəkdir.
Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri bununla kifayətlənmir. Azərbaycan tərəfi Ermənistana bir sıra digər konvensiyalar üzrə dövlətlərarası şikayətlərin irəli sürməsini planlaşdırır.
Bilirsiniz ki, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın əraziləri hərbi işğala, vətəndaşları etnik təmizlənməyə məruz qalmış ölkədir. Azərbaycan haqlı tərəfdir və tərəfimizdən bu işlərin sistemli şəkildə davam etdirilməsi təmin ediləcək”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!