08:16 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xalqları bir-birinə yaxınlaşdıran ünsiyyət vasitəsi

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:37 15.04.2021

 

Mədəniyyətlərin  və sivilizasiyaların qovuşduğu Azərbaycanın humanitar sahədəki təcrübəsi son dövrlər dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsinə və onlardan istifadə edilməsinə  daha çox diqqət ayrılmasının səbəbləri az deyil.  Mədəniyyət  xalqları daha çox yaxınlaşdırır.  Hər bir xalqın mədəni dəyərlərinə hörmətlə yanaşılması mühüm məsələdir. Buna görə mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib faktor kimi ortaya çıxarıb.

Bu baxımdan Ümumdünya Mədəniyyət Gününün hər il qeyd edilməsi heç də təsadüfi deyil. Bəlkə də məhz bu amil əsas götürülərək 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar Beynəlxalq Mədəniyyət Günü  təsis olunub.   O zamanlardan dünyanın bir çox ölkələrində 15 Aprel Ümumdünya Mədəniyyət Günü” kimi qeyd olunmaqdadır.

Ümumdünya Mədəniyyət Gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix irəli sürüb. 2008-ci ilin dekabrında isə Rusiya, İtaliya, İspaniya, Arqentina, Meksika, Kuba, Latviya və Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprel tarixinin Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün beynəlxalq hərəkat keçirilib.

Son illər ölkəmiz həm Qərbin, həm də Şərqin mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Azərbaycan bu sahədə, demək olar ki, hər il beynəlxalq mədəni konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək verir. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın  xidmətləri əvəzsizdir.

Azərbaycan dövləti daxil olduğu beynəlxalq qurumlarda yalnız öz mədəniyyətini təbliğ etmir. Yaxud  ancaq dünya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğul olmur. Eyni zamanda dünya mədəniyyətinin yaranmasında və inkişafında  xalqımızın yaxından iştirakını da təmin edir.

Xüsusilə son zamanlar həm maddi, həm də qeyri-maddi mədəni irsin dünyaya təqdim olunmasında böyük hadisələrin baş verdiyinin şahidiyik. Qobustandakı qayaüstü rəsmlərinin, İçərişəhər Dövlət Qoruğunun dünyanın böyük mədəni irsinin nümunələri siyahısına daxil edilməsi heç də təsadüfi deyil. Eləcə də xalqımıza məxsus muğam, aşıq, xalça sənətlərinin dünya mədəni irs siyahısına salınması,  milli bayramımız Novruzun xalqımızın mənəvi-mədəni sərvəti kimi dünyaya təqdimi, onun BMT-nin qeyri-maddi irs siyahısına əlavə edilib beynəlxalq status qazanması  mənəvi sərvətlərimizə sahibliyimizin bariz nümunəsidir.

Bütün bunlar mədəni sərvətlərimizin qorunub saxlanılması, inkişafı, daha uğurlu şəkildə, müasir texnologiyalara uyğun formada dünyaya təqdimatı sahəsində yürüdülən dövlət siyasətinin prioritetlərindəndir.

Azərbaycan son illər bir çox beynəlxalq mədəniyyət tədbirlərinə evsahibliyi edir. Bu gün nəinki  Avropa məkanında, dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Bakıda, eləcə də respublikamızın regionlarında  beynəlxalq mədəniyyət və idman tədbirləri təşkil olunur. Azərbaycan gənclərinin “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gəlmələri yalnız xalqımızın istedadının üzə çıxması deyildi. Ölkəmizin belə mötəbər tədbirlərə ev sahibi kimi məsuliyyətli vəzifəni təşkil ertməyi öz öhdəsinə götürmək bacarığı və imkanlarının təsdiqi, eyni zamanda musiqi mədəniyyətinin gələcəyinə təminat verməsi demək idi. Son 20 ildə ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, yüzlərlə belə toplantının adını çəkə bilərik.

Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlət mədəniyyət siyasəti çox uğurlu bir istiqamət alıb. Bura, ilk növbədə, xalqımızın tarix boyu yaratdığı klassik mədəniyyətin mənimsənilməsi daxildir. Bu sırada 2000-ci ildə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi də böyük hadisə oldu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 fevral 2013-cü il tarixində imzaladığı “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli qanununun tətbiqi barədə fərmanı isə ümumilikdə bu sahənin inkişafı yönümündə dövlət tərəfindən atılan ən mühüm addımlardan biridir. 

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2014-cü ildən Qəbələdə keçirilən  Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi festivalları nəinki Azərbaycanın, iştirakçı ölkələrin mədəniyyət tarixinə yazılır. Festivalın açılışı münasibətilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın beynəlxalq musiqi bayramı iştirakçılarına təbrik məktubunda deyilirdi: “Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk”.

Azərbaycan, təbii ki, bu gün dünyadakı mədəni inkişaf prosesindən kənarda deyil. Milli mədəniyyətini bəşəriyyətə  layiqincə təqdim edən xalqımız eyni zamanda tolerantlığı və multikulturalizmi  dövlət səviyyəsində qoruyub saxlayır ki, bu da onun  özünəməxsus xüsusiyyətlərindən biridir.

Azərbaycan mədəniyyəti həmişə bəşəriyyətə açıq olub. Çünki o, bir tərəfdən Şərq mədəniyyəti ilə çox bağlıdırsa, digər tərəfdən Qərb mədəni dəyərlərini özündə ehtiva edir. Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var. Lakin respublikamızın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə  bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də dövlət siyasətində xüsusi yer tutur. Milli mədəniyyətimizin dünya xalqlarının mədəniyyəti ilə sıx əlaqəsi, sadəcə, deklorativ bir müddəa şəklində bəyan edilmir. Bu, beynəlxalq təşkilatlarla - UNESCO, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirilən, evsahibliyi etdiyimiz beynəlxalq layihələrlə, tədbirlərlə də sübut olunur.

 Bütün bunlarla yanaşı, onu da qeyd edək ki, respublikamızda yaşı  minilliklərə gedən  milli mədəniyyətimizin qorunub saxlanması dövlətin humanitar siyasətinin əsasını təşkil edir. Klassik irsə mədəni münasibət dövlət siyasətinin prioritetlərindən biridir. Son illər tarixi şöhrətə çatan şəhərlərimizin “mədəniyyət” və “folklor” paytaxtı elan olunmaları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Bu gün qürurla Azərbaycanın “Mədəniyyət paytaxtları”ndan danışırıq. “Mədəniyyət paytaxtları”nın seçilməsilə bağlı Dövlət Proqramı qəbul edilib. Artıq  neçə illərdir ki, bu layihə çərçivəsində respublikanın müxtəlif şəhərləri “paytaxt” statusu daşıyır.

XII əsrin yadigarı Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ilin “Nizami ili”, həmçinin təcavüzkar  Ermənistanın işğalından azad edilən, “Qafqazın Konservatoriyası” adlanan Şuşa şəhərinin də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Mədəniyyət paytaxtı” elan olunması, “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər” fikrini söyləməsi bir daha dövlət başçısının xalqımızın milli-mənəvi, eləcə də maddi-mədəni sərvətlərinə qayğısının bir daha əyani təsdiqidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM