13 Avqust 2021 01:09
1775
SİYASƏT
A- A+

Xalqın mənəvi sərvəti toxunulmaz xəzinədir

 

Mənəvi dəyərlərin qorunub saxlanılması hər birimizin vətəndaşlıq borcudur

 

Cəmiyyətdə sağlam mühitin əsas göstəricisi mənəviyyatdır ki, onun formalaşması üçün bəlkə də min illik zaman lazım olur. Adət-ənənələr, əxlaqi dəyərlər, ictimai şüurda özünə yer tapmış dini ayin və mərasimlər hər bir millətin kamillik səviyyəsinin təcəssümü olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına töhfədir. Əslində, onlar milli kimliyin ifadəsidir. Çünki, ilk növbədə, xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsi hesab olunur.

Əsrlərin sınağından çıxmış xalqımız müqəddəs milli dəyərlərini, adət-ənənələrini qorumaqla bərabər, onlara ümumbəşəri, tolerant münasibət də bəsləyir. Ona görə müasirliyə və yeniliyə can atır. Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı yürütdüyü siyasət bu mənada hazırkı dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısının fikrincə, qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı mütərəqqi dəyişikliklərə yol açır. Lakin bu prosesin tarixi-mədəni irsə müəyyən təhlükəli meyilləri də özünü qabarıq şəkildə göstərir. Bu zaman xalqların mədəni dəyərləri, ən azı, assimilyasiyaya uğrayır. Çünki qloballaşma prosesi dövlətlər və ölkələr arasında sərhədləri nisbi anlayışa çevirir, milli məkanı müxtəlif, yad təsirlərə məruz qoyur.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 13-də verdiyi bəyanat öz aktuallığını indi də qoruyub saxlayır. Çünki bu, söylədiyimiz proseslərdən doğan narahatlıqlarla bağlıdır. Bəyanatda deyildiyi kimi, mənəviyyata əsaslanmayan maddi quruculuq xalqa heç vaxt uğur gətirə bilməz. Burada araşdırılan əxlaq məsələsi, gənc nəslin yad təsirlərdən müdafiəsi, dini məsələlərə münasibət, kütləvi informasiya vasitələrində milli dəyərlərə hörmət hissinin qorunması, sosial ədalət və digər  vacib mövzular müasir dünyamızda hər gün üzləşdiyimiz böyük problemlərdir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin ən mühüm tərəfi də buna görə xalqın mənəvi gücünü səfərbər etmək idi.

Ümummilli Lider Heydər Əliyevin adıçəkilən bəyanatında açıq şəkildə ifadə edilir ki, mənəviyyat hər bir dövrdə daxili nizamın əsas özəyidir. Doğrudur, tarixdə keçid dövrləri daim cəmiyyətin mənəvi dayaqlarında, sosial bazalarında, fərdlərin davranışında, dəyərlərə münasibətdə aşınmalarla müşayiət olunub. Ona görə də bunların qarşısını almaq üçün ayıq-sayıq olmalı, müxtəlif qabaqlayıcı tədbirlər vaxtında görülməlidir.

Ulu Öndər milli-mənəvi dəyərləri sevən və yaşadan, milli hisslərlə tərbiyələndirilən bir nəslin yetişməsini istəyirdi. Ona görə tövsiyə edərdi ki, valideyn-övlad, müəllim-tələbə, böyük-kiçik, öyrədən-öyrənən qarşılıqlı münasibətlər Azərbaycan xalqının mənəvi-psixoloji, əxlaqi-etik dəyərlərinin inkişaf mənbəyi kimi daim diqqət mərkəzində saxlanmalıdır.

Ümummilli Lider mənəviyyatla bağlı bütün nitqlərində cəmiyyət üçün faydalı insan böyütmək amilinə xüsusi diqqət yetirməyin vacibliyini vurğulayırdı: “Bizim mənəvi sahədə böyük ənənələrimiz, sağlam milli mentalitetimiz var. İnsan tərbiyəsi sistemini təkmilləşdirərkən ilk növbədə bu bazaya əsaslanmalı, bəşəriyyəti tərəqqiyə aparan yolla getməliyik”.

Gələcək uğurlarımıza yeganə təminat sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaqdır. Bütün bunlar göstərir ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində xalqın milli-mənəvi, mədəni və elmi intellektual potensialının gücləndirilməsi ön plandadır. Ölkə rəhbəri elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mədəniyyət məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə görür. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində həlledici amildir.

Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən Ulu Öndər Azərbaycanın görkəmli şair və yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüzillərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri tədbirlər görülmüşdür.

Milli ideologiyamızın əsas tərkib hissələrindən biri də azərbaycançılıqdır. Ulu Öndərin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurəyə çevrilmişdir. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər xalqımızın milli mövcudluğunun və dövlətçiliyinin qarantı kimi qorunur. Ona görə də hər bir vətəndaşımız bu torpağa, Vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duyur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə qazandığı nailiyyətlərlə yanaşı, həm də regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi də tanınır. Dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın vətəni üçün milli sahiblik hissi ilə yaşaması da tolerantlığın bariz təzahürüdür. Ona görə də deyə bilərik ki, Ümummilli Liderin irəli sürdüyü azərbaycançılıq ideologiyası bu gün də dini tolerantlığın ən başlıca təminatçısı kimi çıxış edir.

Müasir dünyada qloballaşma prosesinin nəticəsi olaraq ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasını günümüzün aktual məsələlərindən birinə çevirib. Məhz bunun nəticəsi olaraq artıq neçə illərdir ki, tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, yeni ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayrılır. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs inanc yerlərinin təmiri, bərpası ilə bağlı sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənlərə daha bir sübutdur.

Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətin bir parçası olan dindarlarla mütəmadi görüşləri, onların ehtiyaclarına həssaslıqla yanaşması, mərasimlərdə iştirak etmələri xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün, tolerantlıq və həmrəyliyin fövqündə mühüm stimul rolu oynayır. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir.

Bu gün ölkəmiz sivilizasiyalararası dialoq təşəbbüslərinin mərkəzinə çevrilib.   Bakıda keçirilən  beynəlxalq forumlar müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına şərait yaradır. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialın təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumilikdə unikal təbliğat platforması kimi də diqqəti cəlb etmişdir.

Müasir Azərbaycan cəmiyyətində formalaşmış yüksək tolerantlıq modeli müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Respublikamızın eyni zamanda İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olmasında da özünəməxsus yeri var. Ölkəmizdə “Multikulturalizm ili”nin davamı kimi 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi də məhz həmin çoxəsrlik zəngin tarixi təcrübənin dinimizdəki rəmzi ifadəsidir. Azərbaycanın İslam sivilizasiyasının əsas mərkəzlərindən birinə çevrilməsi tarixi təkamül prosesinin məntiqi yekunu kimi izah edilir. Əsrlərin sərt sınaqlarından uğurla çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub.

Azərbaycan vətəndaşı həm də daim kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb. İslam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb.

Dövlət başçısının milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Cənab İlham Əliyevin bu sahədəki xidmətlərinin xalqın  milli  dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi onun fəaliyyətinin gerçək istiqamətləridir. Görülən işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşmır. Bütün bunlar qədimlərdən miras qalan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Azərbaycan Prezidentinin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarca fərman və sərəncamları, dövlət proqramları imzalaması gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissələrinin mühüm məqamlarındandır.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video