11:00 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xalqın inandığı və güvəndiyi LİDER
ANA SƏHİFƏ / SİYASƏT
00:53 04.09.2020


Son sosial sorğu vətəndaşların Prezident İlham Əliyevə etimadının daha da yüksəldiyini təsdiq edir


Koronavirus infeksiyası bütün ölkələri sınaq qarşısında qoydu. Reallıq ondan ibarətdir ki, heç də hər ölkə bu sınaqdan layiqli şəkildə çıxa bilmədi. Azərbaycan isə koronavirus pandemiyası dövründə ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən nümunə olaraq göstərildi. Respublikamız nəinki virusla mübarizənin uğurlu modelini yaratdı, həmçinin müxtəlif dövlətlərə dəstəyini əsirgəmədi. Təbii ki, bütün bunların təməlində Prezident İlham Əliyevin düşünülmüş, əsaslandırılmış və qətiyyətli siyasəti dayanır.


Əmin-amanlığın və qanunçuluğun başlıca təminatı


Ümumiyyətlə, dünyada hökm sürən koronavirus pandemiyasına qarşı mübarizədə siyasi liderlik, dövlətin potensial resurs, güc və imkanlarını səfərbər etmək bacarığı, ictimai inam və etimadın qorunub saxlanmasının, milli birliyin təmin olunmasının başlıca şərtinə çevrilib. Bu baxımdan reallıq göstərir ki, Prezident İlham Əliyev dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda "müharibə” adlandırılan çətin imtahandan öz xalqının çıxması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn problemləri həll etməyi bacarır. İlham Əliyev böhrana qarşı dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır. Bu nüfuz əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası, 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır.

Eyni sözləri Birinci vitse-prezident Mehriban Əliyeva haqqında da söyləmək mümkündür. Həmişə olduğu kimi, pandemiya dövründə də Mehriban Əliyeva ölkə həyatının bütün sahələrində Prezidentlə çiyin-çiyinə addımlayır, öz fəaliyyəti ilə hər zaman xalqın yanında olur.

Bütün bunlar əhali tərəfindən yüksək qiymətləndirilir. Sosial Tədqiqatlar Mərkəzinin ictimai rəyin öyrənilməsi məqsədilə keçirdiyi növbəti sorğu da bunu təsdiqləyir. Mərkəzin "Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda keçirdiyi sosioloji sorğu əsasında hazırladığı növbəti analitik hesabat 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb. Eyni zamanda hesabatda dövlətin pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilib.


Prezidentin fəaliyyətinin yüksək qiymətləndirildiyini göstərən nəticələr


Sorğunun nəticələri göstərir ki, respondentlərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə inam və etimadı yüksək olaraq qalır. Belə ki, rəyi öyrənilənlərin 70 faizi dövlət başçısına inam və etmadının yüksək olduğunu, 24.6 faizi isə inam və etimadının artdığını qeyd edib.

Digər istiqamətlərə gəldikdə, sorğunun nəticələri əhalinin ordu quruculuğu istiqamətində Prezidentin fəaliyyətini kifayət qədər yüksək qiymətləndirdiyini göstərir.

"Belə ki, rəyi soruşulanların 70,7 faizi, yəni, mütləq çoxluğu İlham Əliyevin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür. Əks mövqedən çıxış edən vətəndaşların faiz dərəcəsi 2,5-ə bərabərdir.

Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət ölkə Prezidentinə olan inam və etimadın artmasını şərtləndirən əsas amil rolunda çıxış edir. Belə ki, Prezidentə olan inam və etimadının artdığını bildirən respondenlərin 82 faizi ordu quruculuğu istiqamətində dövlət başçısının fəaliyyətini çox müsbət qiymətləndirir.

Beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılmasını zəruri edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçirdiyi kadr islahatları respondentlərin 53,9 faizi tərəfindən çox səmərəli, 32 faizi tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir. Prezident tərəfindən həyata keçirilən kadr islahatları dövlət başçısına olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, Prezidentə olan inam və etibarının artdığını bildirən respondentlərin 68,6 faizi kadr islahatlarını yüksək qiymətləndirib. Həmçinin dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2 faizi onun korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirib. Kadr islahatlarını mənfi qiymətləndirənlərin də əhəmiyyətli hissəsi - 74,3 faizi korrupsiya hallarına yol verən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin doğru olduğu qənaətindədir.

Prezident İlham Əliyevin təhlükəsizlik və xarici siyasət sahələrində atdığı çevik strateji addımlar daim diqqəti cəlb edir. Hazırkı mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilib. Rəyi soruşulanların əksəriyyəti də bu qənaəti bölüşüb. Belə ki, respondentlərin 54 faizi təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9 faizi, əsasən, səmərəli hesab edir.

Sosioloji sorğu zamanı Bakı şəhəri, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonları əhatə olunmaqla 5 mərhələ üzrə ümumilikdə 4144 respondentin rəyi öyrənilib. Hər iqtisadi rayon üzrə sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda stasionar telefon nömrəsi müvafiq bazalardan təsadüfi qaydada seçilib. Bundan sonra nəzərdə tutulmuş respondent sayının sorğuda iştirakını təmin edənə kimi seçilmiş nömrələrə zəng olunub.

Göründüyü kimi, siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan İlham Əliyevin atdığı addımlar, verdiyi qərarlar insanlar tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar göstırir ki, xalqımız öz Prezidentinin ətrafında sıx səfərbərdir. Bütövlükdə, sosial sorğu bir daha təsdiq edir ki, Prezident İlham Əliyev vətəndaşların inandığı və güvəndiyi Liderdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM