28 Noyabr 2019 00:58
1992
SİYASƏT
A- A+

Xalqın güvəni artır, reytinq də nüfuz da yüksəlir


İslahatlar dərinləşdikcə və geniş miqyas aldıqca Prezident İlham Əliyevə olan ictimai rəğbət və dəstək artır


Dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış lider fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.

Azərbaycanın da 2003-cü ildən başlayan sürətli inkişafının, uğurları və davamlı yüksəlişinin müəllifi Prezident İlham Əliyevdir. Məhz cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli və prinsipial siyasəti nəticəsində son 16 ildə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklər baş verib və bu qısa zaman kəsiyində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib.

Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan cənab İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Elə bütün bunların səbəbidir ki, Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görərik ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan etimadını daha da artırıb.

Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən aparılan monitorinqin nəticələri də deyilənləri təsdiqləyir. Qurumun keçirdiyi sorğunun nəticələri göstərir ki, cənab İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətlidir. Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadın daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarın qorunub saxlandığını bildiriblər. Davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.

Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinin reallıqda təzahürünü təsdiqləyir.

Sorğunun nəticələrinə istinadən qeyd etmək olar ki, respondentlər ölkə Prezidentinin öz fəaliyyətində onların maraqlarından, təlabatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davamlılığı fonunda güclənir.

Hər il Dünya Bankı tərəfindən yayılan "Doing Business” hesabatında Azərbaycan bir neçə pillə irəli gedir.

Ölkəmiz islahatçı dövlətlər sırasında ön cərgədə qərarlaşır. "Doing Business 2018” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmudu. "Doing Business 2019” hesabatında isə ölkəmiz 10 ən islahatçı ölkə sırasında yer almışdı. Bu da, cənab İlham Əliyevin ən islahatçı Prezident olduğunu söyləməyə əsas verir.

Fransanın "Opinion Way” şirkətinin bu ilin aprel ayında keçirdiyi rəy sorğusunda da bildirilirdi ki, dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən bir il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub. Dövlət başçısının daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalq tərəfindən böyük rəğbətlə qarşılanıb. Təşkilatın Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün bölgələrində apardığı sorğularda respondentlərin 85,1 faizi cənab İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirdiyini bildiriblər.

Göründüyü kimi, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir.

Bütün bunlar Prezidentin xalqa layiqli xidmət missiyasının uğurla reallaşması, verilən vədlərə sadiqliyin nümunəsidir. Cənab İlham Əliyev də ictimaiyyət nümayəndələri ilə görüşlərində verdiyi sözlərə daim əməl etdiyini, xalqdan güc aldığını söyləyir: "Mən verdiyim sözlərə həmişə əməl etmişəm. Həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır”.

Tarix sübut edib ki, hər bir xalqın, dövlətin inkişafında görkəmli şəxsiyyətlərin, siyasi liderlərin də çox böyük rolu olub. Dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması və qətiyyətlilik həmin liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Məhz buna görə də tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Bu bir həqiqətdir ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin, pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı cənab İlham Əliyevdir. 2003-cü ildən başlayaraq Azərbaycanın hərtərəfli sürətli inkişafı, uğurları və davamlı yüksəlişi məhz cənab Prezidentin adı ilə bağlıdır. Azərbaycan xalqı cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət yürüdür.

Xalq hər zaman ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirir. Göründüyü kimi, siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezident atdığı addımlarla, verdiyi qərarlarla xalqın sevimli liderinə çevrilib. Dövlət başçısının qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəlib və görünən odur ki, cənab İlham Əliyev Azərbaycana daha böyük zəfərlər qazandıracaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video