14 Avqust 2021 00:59
1866
SİYASƏT
A- A+

Xalqımızın böyük dostu

 

İllər öncə “Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm” deyən, dünyanın iyirmi iki görkəmli mütəfəkkiri sırasında adı olan şair, yazıçı, ədəbiyyatşünas, etnoqraf, ictimai-siyasi xadim Oljas Süleymenov yenidən ölkəmizin qonağıdır.

Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev görkəmli qazax şairi Oljas Süleymenovu qəbul etdi. Dövlətimizin başçısı qeyd etdi ki, onu Azərbaycanda xalqımızın böyük dostu kimi tanıyır, həm qardaş Qazaxıstan mədəniyyətinin görkəmli nümayəndəsi, həm də bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləmiş ictimai xadim kimi sevirlər.

Oljas Süleymenovun Azərbaycanı həmişə dəstəklədiyini vurğulayan İlham Əliyev görkəmli şairin ən çətin zamanlarda da öz köklərinə, xalqına sadiq olduğunu və Qazaxıstanın uğurlu inkişafı üçün əlindən gələni əsirgəmədiyini dedi.

Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevlə Oljas Süleymenovun dostluq münasibətlərini və görüşlərini xatırlatdı, bu görüşlərin bir neçəsində özünün də iştirak etdiyini yada saldı. Ümummilli Liderin Oljas Süleymenova həm istedadına, həm də ictimai fəaliyyətinə görə hörmət bəslədiyini qeyd etdi.

Türk dünyası ölkələrinin birliyi, türkdilli dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi işində böyük şairin səylərini vurğulayan Prezident İlham Əliyev bunun xüsusən hazırda dünyada vəziyyətin dəyişdiyi dövrdə mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Dövlətimizin başçısı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırlatdı, Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif olunduğunu bildirdi və ordeni görkəmli qazax şairinə təqdim etdi.

Oljas Süleymenov Azərbaycanın “Şərəf” ordeni ilə təltif edildiyinə görə qürur duyduğunu söylədi və dövlət başçısına minnətdarlığını bildirdi. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını məmnunluqla vurğuladı və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd etdi. Görkəmli qazax şairi bildirdi ki, bu Qələbə bütün türk dünyasının çox böyük növbəti uğurudur və o, tarixdə qalacaq.

Oljas Süleymenov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini də məmnunluqla vurğuladı.

Onun vətəni Qazaxıstan da Azərbaycan kimi, tarixin ağır sınaqlarından keçib. 1936-cı il mayın 18-də Alma-Ata şəhərində dünyaya göz açan Oljas Süleymenovun atası Omar süvari alayın zabiti olub. 1937-ci ildə bütün sovet ittifaqı ərazisində hökm sürən repressiya onların da ailəsinə sarsıdıcı zərbə vurub. Omar Süleymenov həbs edilib. Onun taleyindən illər sonra xəbər tutublar. Tarixçi Lev Nikolayeviç Qumilyov deyib ki, atası Omar Süleymenovun güllələndiyi düşərgədə onunla bir yerdə olub.

Ailənin başçısı sovet hökuməti tərəfindən “gedər-gəlməz”ə yola salınanda Oljas Süleymenov çox kiçik olub. Ancaq həyatının başlanğıcında aldığı bu böyük zərbə onun parlaq şəxsiyyət kimi yetişməsinə mane ola bilməyib.

Oljas Süleymenov orta məktəbi bitirdikdən sonra - 1954-cü ildə Qazaxıstan Dövlət Universitetinin geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1959-cu ildə neft geologiyası mövzusu üzrə diplom müdafiəsi edərək universiteti bitirib. Təhsilini başa vurduqdan sonra ixtisası üzrə işləməyə başlayıb.

Ədəbiyyatda ilk addımlarını isə 1955-ci ildə atıb. 1961-1962-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. 1959-cu ilin iyununda “Literaturnaya qazeta”da işıq üzü görən seçilmiş şeirləri şairin mərkəzi mətbuatda çap olunan ilk mətbu əsəri sayılır. Dövri mətbuatda “Köçərilər və Rus” adlı ilk məqaləsi isə 1962-ci ildə dərc olunub.

Qazaxıstan Dövlət Universitetinin aspiranturasına daxil olduğu ildə - 1962-ci ildə Yazıçılar İttifaqına üzv qəbul edilib. Oljas Süleymenov 1962-1971-ci illərdə “Kazaxskaya pravda” qəzetində ədəbiyyat məsələləri üzrə əməkdaş və “Qazaxfilm” kinostudiyasında baş redaktor işləyib. 1972-ci ildən Asiya və Afrika ölkələri yazıçıları ilə Qazaxıstan əlaqə komitəsinin sədri təyin edilib.

1971-1981-ci illərdə Qazaxıstan Yazıçılar İttifaqının katibi olub. 1981-1983-cü illərdə isə Qazaxıstan SSR Kinematoqrafiya Komitəsinə rəhbərlik edib. 1983-cü ildə Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi seçilib. 1989-cu ildə “Nevada Semipalatinsk” ictimai hərəkatının əsasını qoyub.

1991-ci ilədək dəfələrlə Qazaxıstan və SSRİ Ali Sovetinin deputatı seçilib. Həmin il, Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra Oljas Süleymenov ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib. UNESKO-da Qazaxıstanın səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərib.

Hər zaman xalqının müqəddəratını düşünən Oljas Süleymenovun əsərlərində keçmiş, bu gün və gələcək arasında bağlılıq var. Onun yaradıcılığında 1975-ci ildə yazdığı “Az-Ya” əsəri xüsusi yer tutur. İki hissədən ibarət olan bu əsərdə müəllif Avro-Asiya məkanında yaşayan bir sıra xalqların mədəni və siyasi keçmişinin bəzi məqamlarını təsvir edib. “Az-Ya” qədim tarixə malik türklərin ədəbi-mədəni həyatı barədə məlumatlarla zəngindir. Əsər nəşr olunduqdan sonra cəmiyyətdə böyük əks-səda doğurdu. Amma “Az-Ya” müəllifinə yalnız qürur və şöhrət gətirmədi. Çünki əsərin ruhu sovet ideologiyasına zidd idi. “Az-Ya” kitabına görə, 1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sov. İKP MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə geniş müzakirə aparılıb. Sovet dövrünün ideologiyasından kənara çıxmağa cürətləri çatmayan akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu mühakimə ediblər. Yazıçının əleyhinə çıxanlar arasında akademik B.A.Rıbakov və başqaları da var idi. B.Y.Abayev qəzəblə, hədə ilə danışaraq Oljas Süleymenova “37-ci il”i xatırladıb. Qazax xalqının böyük oğlunu təkcə Konstantin Simonov müdafiə edib. “Az-Ya” “antirus kitab” kimi qadağan edilən ədəbiyyatların siyahısına salınanda Oljas Süleymenov heç vaxt antirus olmadığını söyləyib. Qazaxıstan KP MK-nın 17 iyul 1976-cı il tarixli xüsusi qərarında isə “Az-Ya” kitabı “ideoloji və metodoloji” baxımdan qüsurlu sayılıb.

Oljas Süleymenovun və daha neçə-neçə xalqını, vətənini sevənlərin haqlı olduqlarını göstərən zaman gəlib. Böyük, sarsılmaz hesab edilən sovet imperiyasının sonu çatıb. 1986-cı ilin dekabrında Alma-Atanın küçələri qana boyanıb. Sov.İKP MK-nın sonuncu baş katibinin əmri ilə sovet tankları Qazaxıstan paytaxtının küçələrinə “yeridilib”. “Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda” və digər qəzet və jurnalların səhifələrində o günlərdə antitürk ruhlu yazılar dərc edilib. Tələb ediblər ki, Oljas Süleymenov həbs olunsun. Həmin vaxt erməni yazarları da Azərbaycan xalqını, eləcə də bütün türk xalqlarını cəzalandırmaq tələbi ilə çıxış ediblər.

Ancaq bütün cəhdlər səmərəsiz qalıb. SSRİ-i süquta uğrayıb. Postsovet məkanında qurulan müstəqil türkdilli dövlətlərin xalqları arasında mədəni və mənəvi bağlılığın qorunub möhkəmləndirilməsində ictimai xadim Oljas Süleymenov mühüm xidmətlər göstərib.

1990-cı ilin yanvarında sovet qoşunları ölkəmizin paytaxtının küçələrində günahsız insanları qətlə yetirdilər. Həmin dəhşətli hadisələrdən sarsılan Oljas Süleymenov doğma türk soydaşlarına başsağlığı vermək üçün Bakıya gəldi. Daha sonra o, Kremlin Qurultaylar sarayında 20 Yanvar faciəsinin günahkarı olan ermənipərəst Qorbaçov rejimini tənqid etdi.

1990-cı illərdə Xocalı faciəsini, Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal edilməsini qətiyyətlə pisləyən, xalqımızın haqqını müdafiə edənlərdən biri də Oljas Süleymenov oldu. Sonralar həmin günləri şair belə xatırlayıb: “Mən hər işi vicdanımın səsi ilə görürəm. Sovet imperiyasının Azərbaycana qarşı törətdiyi o qırğınlar məni başdan-ayağa silkələdi. Əgər xatırlayırsınızsa, o hadisələr ilkin olaraq Qazaxıstanda başlamışdı. Yəni sovet imperiyasının türk xalqlarına qarşı o cür amansızlıq nümayiş etdirməsi istər-istəməz adamın qeyrət damarına toxunurdu. Əgər o mərhələdə mən o addımı atmamış olsaydım, ömür boyu içimdə bir üzüntü, bir əskiklik hiss edərdim. Biz bir-birimizin dərdini paylaşmağı, bir-birimizə dayaq durmağı öyrənməliyik. Bizim kökümüz, qanımız, canımız birdir. Arada açılmış zaman ayrılığını biz sevgimizlə, bir-birimizə uzatdığımız qardaşlıq əli ilə doldurmalıyıq. Biz bir ola bilsək, güclü olacağıq və o zaman kimsə bizi təkləmək, hücum etmək xəyalına düşməyəcək. Bu gün illərdən bəri uzanıb gedən Qarabağ probleminin həllinin müşkülə dönməsinin əsas səbəblərindən biri də elə budur - türk dövlətləri arasında lazım olan münasibətlərin əskikliyi. Mənim Moskvadakı o çıxışım qəhrəmanlıq-filan da deyil, dar mənada qardaşlıq, geniş mənada insanlıq borcum idi”.

Uzun illərdir ölkəmizlə, Azərbaycan ictimaiyyəti ilə sıx dostluq və yaradıcılıq əlaqələrini davam etdirən Oljas Süleymenov qəlbində Azərbaycana, onun ədəbiyyatına maraq və sevgisinin hələ uşaqlıq illərində Nizaminin, Nəsiminin, Füzulinin, M.F.Axundzadənin, Sabirin, C.Məmmədquluzadənin əsərləri ilə ilk tanışlıq zamanından baş qaldırdığını dönə-dönə dilə gətirib.

Ölkəmizdə də Oljas Süleymenova hər zaman yüksək hörmət və rəğbət bəslənilib, diqqət göstərilib. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günlərinin keçirilməsindəki fəallığına görə ona Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı verilib.

2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə 70 illik yubileyi münasibətilə  Oljas Süleymenov “Şöhrət” ordeni ilə təltif edilib. 2011-ci ildə o,  Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə mükafatlandırılıb. 2016-cı ildə isə o, Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülüb.

Bu il təltif olunduğu “Şərəf” ordeninə isə qazax xalqının görkəmli oğlu Azərbaycan və Qazaxıstan respublikaları arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrinə görə layiq görülüb.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video